“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” –
Daşkəsən rayonu, Məmməd Əsədov küçəsi, ev 5-də yaşayan Məmmədova Zenfira Fəxrəddin qızı və Məmmədova Vüsalə Qabil qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, İcra Hakimiyyəti tərəfindən onlara qarşı haqsızlıq edilir:

“Biz, Məmmədova Zenfira Fəxrəddin qızı və Məmmədova Vüsalə Qabil qızı, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Kasıb ailəyik, 10 aydır evimiz təbii fəlakət nəticəsində uçaraq, yarasız hala düşmüşdür. Fövqəladə Hallar Nazirliyi bizi çadıra çıxardı. 4 ay çox əziyyətli günlər keçirdik.

Müraciətlərimizdən sonra İcra Hakimiyyətindən bizim kirayə pulları ödənildi və kirayə evə çıxdıq. Evimizə Gəncə şəhərindən icra nümayəndələri gəlib baxış keçirdilər. Onlar saxta sənədləri qüvvəyə mindirib, evin köhnəldiyini, istismar vaxtının keçdiyini yazıblar. Gedib bu quruma müraciət edirik, deyirlər ki, bizlik deyil, İcra Hakimiyyətindən necə tapşırıblar, elə də yazmışıq.

Bir neçə ailə olaraq, evsiz qalmışıq. Kirayə pulunu da bu aydan dayandırıblar. Bizə deyirlər ki, gedin çadırda qalın.

Bu qədər haqsızlıq olar? Dərdimizi deməyə yer yoxdur. İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur. Həqiqətən də üz tutduğumuz saytlardan şikayətlərimiz silinir. Bu qədər başımıza oyun açırlar. Səlahiyyətli qurumlardan xahiş edirik ki, bizə kömək edin”.

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.


 

Dünyapress TV

Xəbər lenti