Fevralın 7-də keçiriləcək prezident seçkilərinə az müddət qaldıqca seçkidən sonra gözlənən proseslərə maraq daha da artır. Xüsusilə də sosial-iqtisadi sahədə ölkədə hansı yeniliklərin olacağı böyük maraq doğurur. Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 namizəd rəqabət aparacaq. Hakimiyyət dəyişməsə də, hökumətin dəyişəcəyi istisna edilmir. Bu da onunla bağlıdır ki, İlham Əliyev post-Qarabağ dövründən sonra yeni komanda ilə hərəkət etmək dəst-xəttini tutacaq. Bu təkcə Qarabağ probleminin həlli ilə deyil, həm də dünyada baş verən hadisələr fonunda dinamik bir komandaya ehtiyac olması zərurətindən irəli gələn faktordur.
Bəs, kimlə qala bilər, kimlər gedə bilər? Bu suala birmənalı cavab vermək mümkün deyil. Ona görə ki, səlahiyyət dövlət başçısındadır və sərəncamları da o imzalayır. Lakin ümumi ehtimallar irəli sürmək mümkündür. Bu ehtimalların da reallaşma imkanları çox da ola bilər, az da.
Maraqlıdır, seçkilərdən sonra ölkənin sosial-iqtisadi həyatında hansı dəyişikliklər baş verəcək?
Məsələ ilə bağlı Referaans.Az-a danışan politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, dünyanın istənilən ölkəsinə seçkilər keçirilərkən həmin seçkilərin favoriti olur və bizdə də favorit hazırda İlham Əliyevdir:
“İlham Əliyev həm Qarabağda əldə etdiyi uğurlara, həm hazırda işğaldan azad olunan ərazilərimizdə apardığı yenidənqurma işlərindəki fəaliyyətinə görə, həm də beynəlxalq aləmdə tam müstəqil siyasət yeritməklə özünü doğruldub. Buna görə də hazırda ən inamlı favorit Prezidentimizdir. Təbiidir ki, ölkədə seçkilərdən sonra bir sıra dəyişkliklər gözləniləndir. Hazırda vaxtı çatmış və bəzi dəyişikliklərin olması gərəkən əsas işlər sosial məsələlərlə bağlıdır. Seçkilərdən sonra sosial məsələlərə daha çox diqqət yetirilməlidir”. Politoloq qeyd edib ki, seçkilərdən sonra sülh müqaviləsi ilə bağlı ciddi yeniliklər olacaq, çünki Azərbaycan artıq uzun müddətdir ki, Ermənistana bir sıra təkliflər göndərsə də, bu cavabsız qalır. Onun sözlərinə görə, xarici məsələlərdən biri Ermənistanı sülhə vadar etmək olacaq, amma bununla yanaşı ölkə daxilində də bəzi dəyşikliklər olacaq: “Təbii ki, torpaqlarımızın erməni işğalından azad olunması sevindirici bir haldır, lakin vətəndaşların sosial, məişət, yaşayış və iş problemləri var. Buna görə də seçkilərdən sonra daha geniş sosialyönümlü siyasətin yürüdüləcəyini ehtimal etmək olar”.
Politoloq Tofiq Abbasov isə bildirir ki, seçkidən sonra köklü dəyişikliklərin baş verəcəyi ehtimal deyil, lakin bir sıra daxili və xarici siyasətdə yeni mərhələnin qədəm qoyacağı aydındır:
“Seçkilərdən sonra yeni bir dönəm başlayacaq. Bir çox həllini gözləyən məsələlər, proseslər və əsas da islahatlar var. İslahatların gedişatı ilə bağlı yeniliklər olacaq. Ölkənin istənilən xarici arenalarda, beynəlxalq aləmdə həyata keçirdiyi təşəəbbüslər və imza atdığı işlərin hamısı bilavasitə ölkə daxilində gedən proseslərlə əlaqəlidir. Əgər ölkənin etibarlı ehtiyatları, gücü və ən əsası strateji resursu olmasa, o zaman xaricdəki fəaliyyət hər zaman ya kövrək, ya da natamam olur. Dövlət xarici arenalarda özünü çox əminliklə büruzə verirsə və onun fəaliyyəti gözə çarpırsa, deməli, bu ondan xəbər verir ki, ölkə daxilində vəziyyət sabitdir”.
Tofiq Abbasov əlavə edib ki, ictimai-siyasi sabitliyin qorunması ölkədə ən əsas məsələlərdən biridir. Bunun da bir qolu sosial rifahdır. İstər-istəməz insanlar özlərini sosial cəhətdən əmin hiss edirlərsə, hökumətin onlara diqqəti varsa, bu zaman vətəndaşlar özlərini daha çox etibarlı hiss edirlər.