“Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətində (ASC) qalmaqal yaşanır. Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, ASC-nin rəhbəri Əhməd Bünyadov səhmdarlardan xəbərsiz şirkətin balansında olan avtomaşınları satıb. Onun bu addımı narazılığa səbəb olub. Konkret olaraq Səfərov Səməd Sadiq oğlu adlı səhmdar bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində iddia qaldırıb. Onun iddia tələbi maşınların geri qaytarılması, ASC-dəki payının və xalis mənfəətinin ona verilməsi ilə bağlıdır. Naxçıvan MR Kommersiya Məhkəməsi onun iddiasını təmin etməyib. Səməd Səfərov apellyasiya intstansiyasından da məğlub ayrılıb. Lakin hüquqi mübarizəsini dayandırmayıb. O, Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib. Səhmdarın şikayətinə hakim Səxavət Bəylərlinin sədrliyi ilə baxılacaq. Fevralın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. Məlumata görə, Səməd Səfərov ASC-də hər biri 5000 AZN dəyərində olan 19 səhmə sahibdir. Həmçinin satılan avtomaşınlar da onun istifadəsində olub. Səməd Səfərovun baş verənlərlə bağlı müraciəti də var. “Bünyadov Əhməd Səfər oğlu 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, mənim biləvasitə xəbərim olmadan avtomaşınları özəlləşdirərək satıb”, deyə səhmdar mediaya müraciətində bildirib. Məlumat üçün deyək ki, “Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma” ASC Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 5, məhəllə 35-də qeydiyyatdadır.