Hər dəfə "Palmali" şirkətindən yazanda Mübariz Mənsimovun sosial şəbəkələrdəki trolları hücuma keçirlər.
Yenə elə olacağını bilirəm. Nə etmək olar, bunlar da evə çörəyi bu yolla aparırlar.
İstifadə olunmağı özlərinə yaraşdırırlarsa, nə mən, nə də kimsə başqası onları bundan sonra dəyişə bilməz.
Mübariz Mənsimov, onun şirkəti, gəmiləri, erməni iş adamı ilə münasibəti, cəmiyyətə sırıdığı xeyriyyəçi imici və s. və i.a. haqqında bir neçə dəfə yazmışam.
Dərhal da mənsimovçuların təzyiqlərinə məruz qalıram.
Xüsusən də onun İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid məktəbinə qarşı çirkin oyunları barədə məlumat verib məsələni ictimailəşdirmişəm.
İndi isə keçmiş gəmi aşpazının hazırda davam edən əməllərindən birini bildirim.
Mübariz Mənsimovun “Şəhid Adil İbrahimli” adını daşıyan tankeri var.
Bu tankerin bosmanı Nəsimi Şükürov işlədiyi şirkətin rəhbərliyinə məktub göndərib. Məktubun məzmunundan məlum olur ki, Şükürov Nəsimi Əliağa oğlu istehsalatda ciddi zədə alıb.
27 oktyabr 2023-cü il tarixində gəmidə baş verən qəza nəticəsində 82°C hərarətində kimyəvi yuyucu maddə onun üstünə tökülür. Nəsiminin bədəninin aşağı hissəsi,qolları yanır. İzmail şəhərindəki (Odessa,Ukrayna)xəstəxanalardan birinə çatdırılan Şükürov orada 20 gün (27.10.2023-16.11.2023) müalicə olunur. Amma xəstəxanadakı antisanitar şərait onun orqanizmini başqa xəstəliklərə yoluxdurur.
Nəsimi Şükürov sağlamlığının bərpası üçün1570 manat xərci çıxdığını bildirir. Kompensasiya almaq üçün üz tutduğu “Palmali” şirkəti isə ona cəmi 2500 manat təklif edir. Şikayətçi deyir ki, ona daha çox kompensasiya ödənilməlidir: “Əvvəla, hadisə şirkətlə bağladığım kontraktın bitməyinə 3 ay qalmış baş verib.
Deməli, sağlamlıq səbəbindən işləmədiyim 3 aylıq maaşımı da verməlidirlər. İkincisi, sığorta pulu da ödəməlidir.
Doğrusu, indi baxıram ki, şirkətlə bağladığım müqavilədə sığortanın barədə heç nə göstərilməyib.
Bu isə iş qanunvericiliyinə ziddir. Bundan əlavə, müalicə pulu da alacağım vəsaitə əlavə olunmalıdır.
Şirkət isə mənə müalicəmdən başqa sanki 900 manat “sus” pulu ödəmək istəyir”.
Bosman Nəsimi Şükürov deyir “Palmali” şirkətlər qrupunun sədri Mübariz Mənsimov həbsdə yatanda çoxu onu ondan üz döndərən vaxt mən işi atıb qaçmadım.
Amma indi bu sadiqliyinin qarşılğını görmədiyinə görə heyfsilənir:
“Belə dilənçi insanlarla həyatda ilk dəfə rastlaşıram. Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə kompensasiya ödəyir.
Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində 20 gün xəstə yatmışam, bunlar isə mənə heç bir şey etmək istəmirlər”.
Hörmətli oxucular, bu da "xeyriyyəçi" Mübariz Mənsimovun tabeliyindəki əməkdaşına münasibəti.
Xəstənin pulunu kəsən işbaz işçisinin dar günündə özünün necə adam olduğunu nümayiş etdirir.
İnsanı istismar edib qədrini bilməyən birini bir daha tanıyın.
Sima Babayeva
TEREF: Xocanın Blogu
Səhifəmiz hamının fikirləri üçün açıqdır!