Daimi izləyicilərim yaxşı bilir ki, bir neçə müddətdir mən QHT sektorunda baş verən eybəcərliklər və böyük həcmdə olan maliyyə pozuntularını konkret faktlar əsasında ifşa edirəm. Çox təəssüflər olsun ki, bu qədər eybəcərliklərin fonunda nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri Azay Quliyev, nə də həmin qurumun icraçı direktoru Aygün Əliyeva barələrində səslənən ittihamlara cavab vermir. Əvəzində isə məni susdurmaq üçün bütün mümkün qanunsuz vasitələrə əl atırlar. İki gün əvvəl, dövlətin Media Agentliyi adlı qurumundan rəsmən maliyyələşən və bir neçə qeyri-rəsmi mənbələrdən qanunsuz yolla xərrac toplayan bəzi saytlarda mənə qarşı qarayaxma və şantaj kampaniyasına start verilib. Böhtanla dolu olan həmin məlumatlarda güya mənim siyasi keçmişim təftiş edilir. Həmin yazını sifariş əsasında hazırlayanların və tirajlayanların nəzərinə çatdırmaq istəyirəm ki, onlardan fərqli olaraq, mən öz siyasi keçmişimi danmıram. Əksinə, bununla fəxr edirəm və qürur duyuram. Çox maraqlı sual yaranır: ömrünün 32 ilini ictimai-siyasi arenada keçirən bir adamın dosyesini məhz indiki məqamda incələmək hansı məqsəd üçün ola bilər? Ölkədə hansısa seçki marafonu yoxdur ki, belə yaramaz mübarizə üsulundan alternativlərimin faydalanana biləcəyi ağlıma gəlsin. Hansı məqsəd üçün hədəf seçildiyim mənə çox gözəl məlumdur. Yazını tirajlayanlar özlərini təmizə çıxarmaq üçün deyir ki, məlum mövzuya aid yazını paylaşmaq əmri onlara “yuxarı”dan gəlib. Yəni belə təəssürat yaratmağa çalışırlar ki, güya Azay Quliyev bir məbəddir və ona toxunanları belə “cəzalandırırlar”. Əslində, Azay Quliyev belə metodlara çoxdan öyrənib. Müxtəlif qurumlarda özünə “krışalar” tapır ki, onun korrupsiya əməllərindən yazan və danışanları möhtəbər qurumların adından hədələtdirə bilsin. Keçmişdə Azay Quliyevə bu istiqamətdə - MTN şefi Eldar Mahmudov və Prezidentin sabiq köməkçisi Əli Həsənov dəstək verirdi. Mən gözəl anlayıram ki, hazırda güya “dövlətin sifarişi” adı ilə Azay Quliyevin müdafiəsini təşkil edənlər bunu dövləti və milli maraqlara görə deyil, onunla olan koorporativ əlaqələri hesabına həyata keçirirlər. Mən, daima prinsipial olaraq mövcud iqtidarın siyasətini dəstəkləmişəm. Xarici ölkələrdə bu istiqamətdə kifayət qədər işlər görmüşəm. Belə olan təqdirdə, dövlətin ideoloji siyasətini həyata keçirən hansısa şəxslər niyə məni hansısa kiçik saytlar vasitəsilə şantaj etdirsin? Bu məsələdə mən tam haqlıyam və Prezidentin çağrışlarına uyğun davranış ortaya qoyuram. Ölkə başçısı dəfələrlə deyir ki, vətəndaşlar ictimai nəzarətin təmin olunmasında yaxından iştirak etməlidirlər. Mən də buna uyğun olaraq QHT sektorundakı dövlət vəsaitlərinin talan olunmasını durdurmaq istəyirəm. Məgər bunu edənlər “yuxarıların” qəzəbinə tuş gəlməlidir? Bütün məntiqi ardıcıllıq onu deyir ki, Azay Quliyevin formalaşdırdığı mütəşəkkil dəstənin əli həm “yuxarılara”, həm də mediaya qədər uzana bilib. Məni açıq şəkildə həbslə hədələyirlər. Başa düşürəm ki, bu narahatlıqdan doğan bir refleksdir. Özlərinin layiq olduqları məkanları mənə məsləhət bilirlər. Mən “reket” olsam hazırda kirayədə deyil, sizin kimi futbol meydançası olan villalarda yaşayardım. Yaramazlığa bax ki, mənimlə bağlı təqdim olunan materialda, ictimai-siyasi sektora heç bir aidiyyəti olmayan və cavan yaşında Allahın rəhmətinə gedən dostlarımın fotolarını paylaşıblar. Mənim hansısa toyda rəqs edən fotomu materiala əlavə edib, kimlərinsə həyat yoldaşının, anasının və bacısının arxa plandakı şəkillərinin tirajlanmasına şərait yaradıblar. Budurmu, sizin mənliyiniz və media etikanız? Mən şəxsimə olan bu informasiya terroruna görə hüquqlarımı bütün qanuni və mümkün vasitələrlə qoruyacam. Ancaq “yuxarılar”ın nəzərinə çatdırıram ki, mənə qarşı olan qarayaxmanı tirajlamaq üçün ilkin mənbəni düz seçməyibsiniz. Çünki həmin jurnalist elə ilk cəhddə sizi satıb. Söhbət etdiyi adamlara yazını sifariş ilə tirajladığını etiraf edib. Həmin etirafı sübut edən səs yazısı da məndə var. Eyni zamanda , əlimdə seçdiyiniz həmin jurnalistin konkret “reketliyini” sübut edən videogörüntülər də var. Bugünlərdə onları da payıaşacam. Barəmdə olan cızmaqarada mənim xarici ölkələrdə icra etdiyim bəzi layihələr də təftiş edilir. Bunu edənlər unudurlar ki, hədəf olaraq yalnız məni deyil, bütün dövləti və milli maraqları seçirlər. Çünki mənim xaricdə icra etdiyim bütün layihələrin məğzində: Azərbaycanın tərənnümü və təbliği, erməni yalanlarının ifşası dayanıb. Mən rastlaşdığım bu “qara piar”la bağlı birbaşa Prezidentə müraciət edirəm. Dövlətin dağıdılan vəsaitlərinin davasını etdiyim üçün, bir qrupda təmsil olunan və ortaq maraqları olan vəzifəli şəxslərdən mənim mühafizə olunmağımı təmin edəsiniz. Bilin ki, heç nə məni yolumdan döndərə bilməz. QHT sektorunda baş verən eybəcərliklərin ifşasına davam edəcəm. Samir Adıgözəlli, İSBAM sədri Teref.az