Məmurlar Gədəbəydəki problemləri nə vaxt həll etməyə qalxdılar ki, onların qabağını kəssin kimsə...
“Gədəbəy rayonu Söyüdlü kəndi bizim kənddir, mən özüm əslən ordayam. Söyüdlü kəndinə Gədəbəydə Türk kəndi deyirlər. Çünki Söyüdlünün əhalisinin bir hissəsi Anadoludan köçənlərdir. O hissə də mənim əcdadlarıma aiddir. Bu səbəbdən də iki gündür ki, bu kənddə baş verənləri çox narahatçılıqla izləyirəm”.
TEREF.AZ bildirir ki, bu barədə Bizimyolinfo xəbər portalına “Ağ Partiya” sədr müavini Əhəd Məmmədli danışıb. Məmmədli baş verənlərin üçüncü qüvvələr tərəfindən törədilməsi məsələsinə də fikir bildirib. O, qeyd edib ki, hadisənin baş verməsi ilə bağlı hansısa xarici qüvvələrdən danışmaq olar. Amma fakt odur ki, illərdir sakinlərin o yataqdan narahatlığı var.
Politoloqun fikrincə, bu narahatlıq işəgötürmə məsələsində və ekologiyanın korlanması məsələsində də var. Onun sözlərinə görə, bunun digər səbəbləri də var
“Fikir verdinizmi, icra başçısı qaça-qaça gəlmişdi. Danışırdı, izahat verməyə çalışırdı. Orada sakinlər sadəcə ekologiyanın korlanmasından və yaxud o süni göldən danışmırdı. Hərə öz problemindən danışırdı. Biri deyirdi, “məni 1500 manat cərimə ediblər, nəyə görə?” və s.
Bilirsiniz ki, rayonlarda olan bu kimi problemlər illərlə yığılır və artıq bir mövzu üstünə partlayır. Yəni biz bu gün Söyüdlü camaatının narazılığını təkcə, bu süni göllə əlaqələndirməməliyik. Bu problemlər süni göl, işsizlik, torpaqların və örüş yerlərinin əllərindən alınması, insanlara normal kənd təsərrüfatı ilə məşğul ola bilmək üçün imkan yaradılmaması və s.-dir”-deyən politoloq bildirib ki, bu səbəbdən də icra başçıları bu problemləri, bələdiyyə sədrləri vaxtında həll etməlidirlər. Təəssüf ki, edilmir. Bir gün partlayanda isə, deyirlər ki, “11 ildir susurdunuz, indi danışırsız”.
“Bu, nə deməkdir? Mən 50 il susa bilərəm, sonra danışa bilərəm. bilirsiniz sonra danışa bilərəm. Problemlər belə olur. 10 il, 20 il, 30 il, 40 il susurlar. Sonra birdən partlayır. Biz ona görə dəfələrlə bu hakimiyyətə də xəbərdarlıq etmişdik. Deyirdik ki, problemlər var, indi susulur və bir gün birdən partlayacaq. Bu səbəbdən də bu problemləri yerində həll etmək lazımdır.
Ötən günlərdə “Kubinka”, dünən “Söyüdlü”, bu gün bəlkə də başqa bir yer. Sabah tamam başqa bir yer. Problemləri görməzlikdən gələndə belə olur. Ona görə vaxtında həll etmək lazımdır. Əlbəttə ki, kənar qüvvələr bu vəziyyətdən istifadə edir. Nəticə də alır. Azərbaycanı qarışdırmaq istəyən qüvvələr fürsət tapdığı an istifadə edəcək, bu vəziyyətdən. Sən də o kənar qüvvəyə imkan verməməlisən”-deyə politoloq qeyd edib.
Əhəd Məmmədli bildirib ki, ərazilərdəki məmurlar xalqa çalışmalıdır və xalqın narahatlıqlarını, narazılıqlarını nəzərə almalıdır. Hər şeyi kənar qüvvələrin üzərinə atmaqla olmur.
“Bu məsələlər həll edilməlidir. Sən həll edəndən sonra, kənar qüvvə necə istifadə edə bilər? Sən həll etməsən, kənar qüvvə istifadə edəcək. Biz məsələləri o vəziyyətə çatdırmamalıyıq ki, kənar qüvvələr bundan istifadə etsin”- deyə politoloq qeyd edib.
Xatırladaq ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Etiraz aksiyası zamanı polislərlə sakinlər arasında insident yaşanıb. Bu gün Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insidentin baş verdiyi Söyüdlü kəndinə gedib sakinlərlə görüşüb. O, qeyd edib ki, Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb.
Orxan Mürsəlov bildirib ki, səsləndirilən iddialar sadəcə dedi-qodu xarakteri daşıyır.