“2010-cu ildə “Şərur” MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir”.
Teref.Az xəbər verir ki, bu barədə bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən “Şərur” MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, “Şərur” MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. “Şərur” MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır”.
Kənan Musayev onu da bildirib ki, “Şərur” MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır:
"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.
Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir.
“Şərur” MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər.
Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər”.
Xatırladaq ki, "Şərur" MTK firmasının rəhbəri "Şərurulu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.
Problemlə bağlı “Şərur” MTK ilə əlaqə saxlamaq mümkün olmayıb (oxu.az).
Müvafiq qurumların sakinlərin müraciətlərinə cavabı aşağıdakı sənədlərdə göstərilir:
Redaktor.az