Ulu Öndər müasir Azərbaycan dövlətinin Baş memarıdır..
Hər bir xalqın və dövlətin tarixində misilsiz şəxsiyyətlər olub və onlar həmin dövlətin qurucuları hesab olunurlar. Məsələn, müasir qardaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürk hesab olunur. Yaxud Amerika Birləşmiş Ştatları kimi nəhəng dövlətin banisi Corc Vaşinqton hesab olunur. Məlumdur ki, Mustafa Kamal Atatürk Türkiyəni dünya imperalistlərinin caynağından xilas edə bildi. Ümumiyyətlə, böyük şəxsiyyətin, böyük liderin, böyük sərkərdənin xalqların talehində rolu ciddi bir mövzudur.
Azərbaycan da eyni halla 1993-cü ildə üz-üzə qalmışdı. Nəinki Qarabağın, hətta Azərbaycan dövlətinin aqibəti sual altında idi. Belə bir məqamda Heydər Əliyev Azərbaycan dövlətini xilas etmək üçün xalqın çağrışı ilə yenidən hakimiyyətə gəldi. Yaşlı nəsil bilir ki, həmin dövrdə xalq arasında belə bir bayatı məşhur idi: Əzizim Ordubada, Yol gedir Ordubada. Sərkərdə igid olsa, Heç verməz ordu bada. Bəli, Heydər Əliyev böyük bir sərkərdə, xilaskar kimi gəlmişdi ki, xalqını xilas eləsin. Hamımız gözəl bilirik ki, həmin dövr Azərbaycan tarixinin ən zəif, ən faciəli dövrü idi. Nəinki daşnak ermənilər, qonşularımız, xristian ölkələri, Fransa, ABŞ, hətta minillik qonşumuz, bizimlə eyni dinin daşıyıcısı olan İran da bizə hədə-qorxu gəlirdi, az qala bizi ələ salırdı. Yəqin İran təyyarələrinin iki gündən bir sərhədlərimizi pozması hamının yadındadır. Bəlkə xatırladaq ki, 1992-ci ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun İran səfəri zamanı Azərbaycanın baş tacı Şuşa işğal olundu. Bu sadə məsələ deyildi.
Bəli, məhz Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İranda olanda Şuşa işğal olunub. Bütün bunları bir kənara qoyaq. Ulu Öndər hakimiyyətə qayıdanda bəzi İran kimi dövlətlər elə düşünürdü ki, eyni davranışı sərgiləyəcəklər. Amma qısa zamanda Azərbaycanı ayağa qaldıran Heydər Əliyev nəinki başqa dövlətlərə, hətta qosqoca İrana da öz yerini göstərə bildi.
Bəli, yəqin ki, Ulu Öndərin İran səfəri çoxlarının yadındadır. Açıq etiraf edək ki, ərazimizin 20 faizi işağı altında, 1 milyon qaçqın və məcburi köçkün, iqtisadiyyatımız bərbad durumda və daha nələr… İran üçün bundan gözəl nə fürsət ola bilərdi ki…? Və Ulu Öndərimiz, cənab Heydər Əliyev İran səfərində olarkən nə baş verdi…? İran rəhbərliyi düşünürdü ki, qarşı tərəf, yəni Azərbaycan o qədər zəifdir ki, hətta etiket qaydalarını pozub onu yerində oturda bilərik. Amma İran rəhbərliyi Heydər Əliyev şəxsiyyətinə bələd deyildi.
Bəli, görüş zamanı İran rəhbərliyi, daha dəqiq desək İranın ali dini rəhbəri Seyid Əli Xamenei ilə görüş zamanı maraqlı epizodları yada salmaq istəyirik. İranın dini lideri rus dili tərcüməçisi vasitəsilə Heydər Əliyevlə söhbət edib. Ulu Öndər tərcümənin niyə rus dilində aparıldığını soruşanda onların arasında belə bir dialoq olub. Seyid Əli Xamenei deyib: - Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! Heydər Əliyevin cavabı: Ay kişi, heç Şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim əsas qanunumuzda da yazılmışdı ki, dövlət dilimiz ana dilidir. Biz Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra da hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycan dilində aparıram.
O zaman başqa bir söhbət də olub. Tehranda aparılan müzakirələr zamanı İranın keçmiş prezidenti Məhəmməd Hatəmi Xəzər dənizini “Mazandaran gölü” adlandıranda Ulu Öndər kəskin etirazını belə bildirib: Ağayi Hatəmi, mənim bildiyimə görə qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub. Hətta eşitdiyimə görə qədim türklər ona Quzğun dənizi deyiblər. İndi necə eləyək? Siz Mazandaran gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda? Və Hatəminin üzrxahlıq etməkdən başqa çarəsi qalmayıb.
Bunları yazmaqda məqsədimiz odur ki, Ulu Öndər hətta ölkəmizin zəif vaxtlarında belə dövlətimizin mövqeyini cəsarətlə qoruyub. Və bu gün Heydər Əliyevin xatirəsi dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.
Allah Ulu Öndərimizə rəhmət eləsin.
Habil Vəliyev "Yeni Əkinçi" Media Qrupunun Rəhbəri.