NONSENS! : 1 kq ət 17 AZN, bir dönər 1 AZN... - AQTA iş görmür!
"20 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi qeyri-ənənəvi heyvan ətləri (eşşək, at) biznesini ifşa etmək üçün işlər görür".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a adıçəkilən Birliyin sədri Eyyub Hüseynov Bakıda bəzi yerlərdə dönər və ayranın 1-1.50 AZN-ə satılmasından danışarkən deyib. Onun sözlərinə görə, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi görür:

"Onlar digər dövlət orqanları - Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kimi cərimə edib, azad etmir. Cinayət işi qaldırır, ekspertizaya göndərir, həbslər həyata keçirir. Nədənsə Azərbaycan məhkəmələri qısa müddətdə insanları azad edirlər. Bu da diqqətimizdədir. Murdar ətə tələbat olduğu üçün mövcuddur. Tələbat da dönərxanalardadır. Bəzi restoranlarda, şadlıq evlərində də hər birimizin bu ətlərdən ən azı 1-2 dəfə yediyi istisna edilmir. Tələb olmasa, təklif olmaz. Ölkədə 15 mindən çox dönərxana var. 2006-ci ildə quş qripi meydana çıxanda Səhiyyə Nazirliyi quş ətindən hazırlanan dönərlərə qadağa qoydu. İki müəssisə yaradıldı, quş və ət dönərinin hazırlanmasına icazə verildi. Həmin müəssisələrdə -40 dərəcə dondurma sistemi var. Dondurulan ətlər xəstəliklərdən xilas olurlar. Xüsusi avtomobillərlə dönərxanalara gətirilir".

E.Hüseynov diqqətə çatdırıb ki, AQTA-da 2 il İctimai Şuranın üzvü olub, dəfələrlə rəhbərliyin iştirak etdiyi yığıncaqlarda məsələnin monitorinqinin aparılmasını, araşdırılmasını təklif edib:

"Lakin heç bir rasional nəticə əldə olunmayıb. AQTA qidanın keyfiyyətini yox təhlükəsizliyini təmin edir. Dönərxanalar cəmiyyətin bəlasına çevrilib. İnsanların orta yaş həddinin azalmasına gətirib, çıxarır. Nəticələri klinika, apteklərdə yaranan insan növbələrindən görə bilərik.

Həmçinin qonşu ölkələrin xəstəxanalarının azərbaycanlılarla dolu olduğunu da görmək mümkündür. Xüsusən də, dönərlərlə qidalanan gənclər əlbəttə, ciddi mədə-bağırsaq xəstəliklərinə tutulurlar. Bir həftə öncə Şri-Lankada oldum. Şri-Lanka üçüncü dünya ölkəsi hesab edilir. Azərbaycandan dəfələrlə aşağı səviyyədə yaşayırlar. Əhalinin gəliri bizimlə müqayisədə azdır. İnsanların qidaya və tibbi xidmətlərə əlçatanlığı çox ağır vəziyyətdədir. Lakin orta yaş həddi 75 ildir. Azərbaycanda isə 73 il.

Belə varlı ölkənin vətəndaşlarının orta yaş həddinin aşağı olmasına səbəb nədir?! Təbii ki, dönərlər, təhlükəli qidalar, ölmüş heyvan ətlərinin insanlara çatdırılması, yeyilməsi. Əlbəttə, ətin qiymətinin 15, 16, 17, 18 manat olduğu şəraitdə bükümü 1 manat olan dönər və ayranın təhlükəli qida olduğunu sübut edir. Təəssüf ki, AQTA bu sahədə heç bir iş görmək istəmir.

Əslində vəziyyəti dəyişmək mümkündür. Nümunəvi dönərxanaları ayıra bilər. Dönərxanaların bağlanmağının tərəfdarı deyiləm. Sadəcə onları müasir tələblərə uyğunlaşdırmaq lazımdır. Ona görə də adıçəkilən agentlik KİV-lə, ictimai təşkilatlarla, dövlət orqanlarının köməyilə mövcud problemi həll etməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub. Artıq köhnəlib, müasir tələblərə cavab vermir".

Qeyd edək ki, Bakıda bəzi yerlərdə dönər və ayran 1-1.50 AZN-ə satılır. Əsasən də, metroların giriş-çıxışında bu qiymətə dönərlərə rast gəlmək mümkündür. Toyuq ətinin kiloqramı 6-7 AZN, mal ətinin isə 14-15 AZN olduğu halda dönərlərin bu qədər ucuz qiymətə satılması sual doğurur.

Dünyapress TV

Xəbər lenti