Azərbaycanın bank sektorunda problemli kreditlər yenidən artmağa başlayıb.
Bu Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik hesabatdan məlum olur.
Hesabata əsasən, son bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 3 % təşkil edib.
Bununla yanaşı, fevral ayında problemli kreditlərin artımı müşahidə edilib.
Belə ki, 2023-cü ilin yanvarın sonunda problemli kreditlər 584 milyon manat idi, fevralın sonunda isə bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.
Qeyd edək ki, bu gün ölkədə mövcud problemli kreditlərin əsasən biznes, yaxud istehlak kreditlərinə aid olduğu barədə məlumat açıqlanmır.
O da bir faktdır ki, maddi dəstəyə ehtiyacı olan vətəndaşlar istehlak kreditləri üçün banklara üz tutmağa məcbur olurlar. Ancaq bu gün iri həcmli kreditlər üçün banklara müraciət edənlər də var. Problemli kreditləri əsasən kimlər yaradır?
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Mərkəzi Bankın həmin kreditlərin biznes, yaxud istehlak krediti olması ilə bağlı daha dəqiq məlumat verməsi yaxşı olardı:
“Ümumilikdə 22 milyon manat bank sistemi üçün elə də böyük məbləğ deyil, ancaq az da deyil. Ehtimal edirəm ki, bunun əksəriyyəti biznes kreditidir. Birincisi, Azərbaycanda son vaxtlar istehlak krediti o qədər də çox verilmir. Veriləndə də banklar kifayət qədər ehtiyatlıdırlar. Yəni əvvəlki dövrlər kimi vermirlər. Baxırlar ki, vətəndaşın maaşı, pensiyası varmı və asanlıqla da ondan tuta bilsinlər. Biznes kreditləri ilə bağlı da ola bilsin ki, həqiqətən də kredit götürən sahibkarın ödəmə qabiliyyəti yoxdur. Hansısa səbəbdən biznesi uğursuz olub, müflisləşib. Yaxud da sahibkar bilə-bilə vaxtı uzadır. Təəssüf ki, belə halllar da olur”.
Ekspertin sözlərinə görə, problemli biznes kreditləri ilə bağlı da banklar onları məhkəməyə verir:
“Biznes kreditləri ilə bağlı mənfi cəhət odur ki, orada qoyulan bahalı girovlar, böyük obyektlər olur. Onları sonra hərracda satmaq banklar üçün çətin olur. İstehlak kreditləri üçün isə vətəndaşlar ya torpaq, ya mənzilini girov qoyur. Elə də bahalı mənzil olmur. Onu da tapmaq bank üçün elə də problem deyil. Yaxud da vətəndaş kredit götürdükdə, çox zaman girov da qoymur, sadəcə maaşı, pensiyası var, oradan tuturlar. Ancaq böyük həcimdə olan biznes kredirtlərində girovlar olur, banklar təbii ki, əvvəl-axır məhkəmələri udur. Ancaq hərracda əmlakı satmaq çətin olur. Məhz bu səbəbdən Azərbaycanda banklar istehlak krediti verməyə daha çox meyillidirlər. Çünki vətəndaşın öhdəsindən gəlmək daha asandır, nəinki sahibkarın”.