"Qarmon məni Gövhər edib, dönük adamlar çox görmüşəm, ən vəfalım qarmonumdur. Uşaqlarımı qarmonla yerbəyer etmişəm, ev qurmuşam". DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Evinizin qonağı" proqramında deyib. Musiqiçi bu aləmdə özünə rəqib tanımadığını söyləyib:
"Əsl alın təridir, biz musiqiçilər canımızı qoyuruq. Heç kimi rəqib görmürəm. Hər gülün öz ətri, hərənin öz yolu var. Mən not bilmirəm, heç evdə də məşq etmirəm. Allah vergisidir, qarmonu götürəndə güc gəlir mənə".
Qarmon ifaçısı toyların azalmasından gileylənib:
"Əvvəlki toylar yoxdur, azalıb. Şəhər əhalisi yayda toy etmirdi, köçürdü bağa. Kənd toyları olurdu. Qabağki toylar yoxdu. Məncə maddi duruma görədir. Baha da getmirəm, damara baxıb qanını alıram.
Özüm elə kişi kimi biriyəm. Pul qazanan qadın necə olmalıdır? Pul qazanan qadın kişi kimi olur".