Liz Trass Britaniya Mühafizəkarlar partiyasının lideri seçilib. Bu onun yeni Baş nazir seçilməsi deməkdir.
Hakimiyyətin rəsmi ötürülməsi prosesi çərşənbə axşamı günü Boris Consonun Dauinq Street iqaməthahında çıxışı ilə başlayacaq.
Daha sonra o, istefası barədə Kraliçaya məlumat verməlidir. Bundan sonra Kraliça II Yelizaveta Liz Trassa yeni hökuməti qurmağı həvalə edəcək.
Bununla da 47 yaşlı siyasətçi Böyük Britaniyanın sayca üçüncü qadın Baş naziri olacaq.
Partiyanın deputatları Boris Consonun yerinə keçmək istəyən namizədlərdən birini seçmək üçün beş dəfə səs veriblər, axıra qalanlar maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trassdir.
Sentyabrın 5-də elan olunan seçkilərin nəticələrinə görə, Liz Trass rəqibini məğlub edib. Trass səslərin 57 faizini qazanıb. Sunakı partiya üzvlərinin 43 faizi dəstəkləyib.
Liz Trass Baş nazir kimi çətin iqtisadi vəziyyətlə üzləşir. Belə ki, inflyasiya son 40 ilin zirvəsinə çatıb və enerji qiymətləri durmadan artmaqdadır.
Bazar ertəsi Liz Trass yaxın günlərdə enerji böhranı ilə bağlı təfərrüatlı plan təqdim edəcəyini vəd edib. Gözlənilir ki, bu, sahədə partiya proqramı cümə günü elan edilsin.
Bundan əvvəl BBC-yə açıqlamasında son iyirmi ildə özünün də daxil olduğu hökumətlərin iqtisadi böyüməyə nail ola bilmədiyini deyən Trassı maliyyə naziri Sunakdan fərqləndirən ən mühüm məqam vergiləri azaltmaq vədidir.
Trass bunun inflyasiyaya səbəb olmayacağını, boğulan iqtisadiyyata təzə nəfəs verəcəyini bildirir.
Trass-ın digər vədləri:
son bir ildə artırılan sosial sığorta haqlarının yenidən azaldılması;
2023-cü ildə 19 faizdən 25 faizə yüksəldilməsi nəzərdə tutulan korporativ vergi artımının ləğv edilməsi;
“Yaşıl” layihələrə xərclənəcək enerjinin qiymətinə əlavə edilmiş verginin dondurulması;
Pandemiya dövründəki vergi borclarının müddətinin uzadılması və və dövlət tərəfindən ödənilməsi;
Ölkənin müxtəlif yerlərində azad ticarət zonalarının yaradılması;
Müdafiə büdcəsi üçün nəzərdə tutulan məbləğin yarım bənd artırılaraq 2026-cı ildə ÜDM-in 2,5 faizinə, 2030-cu ildə isə 3 faizinə çatdırılması.
Valideynləri solçudurlar
47 yaşlı Liz Trass Britaniyanın ikinci qadın xarici işlər naziri olub. Parlamentə seçiləndən sonra hökumətdə daxili və xarici siyasətlə bağlı bir sıra mühüm vəzifələrdə çalışıb.
1975-ci ildə Oksfordda anadan olan Trass-ın atası riyaziyyat professoru, anası tibb bacısıdır. Hər ikisinin solçu olduğunu deyən nazir onların yolunu davam etdirməyib.
Qardaşı bir dəfə BBC radiosuna deyib ki, uşaq vaxtı Lizlə birlikdə “Monopoliya” oynamağı xoşlayıblar və uduzmağa nifrət edən Liz məğlub olmaqdansa yoxa çıxmağı üstün tutub.
Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Trass tələbələr arasındakı siyasi fəaliyyətlərdə fəal iştirak edib; əvvəlcə Liberal Demokrat Partiyasına, sonra isə Mühafizəkarlar Partiyasına üzv olub.
Təhsilini bitirəndən sonra “Shell və Cable & Wireless” şirkətlərində mühasibatlıq departamentində çalışıb, amma hələ o vaxtdan siyasətlə məşğul olmaq istəyib.
Alovlu “pendir” nitqi
Liz Trass vaxtilə məktəb tamaşasında Marqaret Tetçeri canlandırıbmış.
O, siyasət meydanına 2001-ci ildə gəlib, amma 2001 və 2005-ci illərdə deputat seçilə bilməyib.
2006-cı ildə Londonun Qrinviç şəhər şurasının üzvü seçilib. 2008-ci ildən etibarən sağ mərkəzçi “Reform” mərkəzinin vitse-prezidenti vəzifəsini icra edib.
2010-cu ildə – David Cameronun rəhbərliyi dövründə Cənub-Qərbi Norfolk bölgəsindən deputat seçilib.
Elə həmin dövrdə Britaniyanı beynəlxalq səviyyədə gücləndirmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməyə çağıran şəxslərlə – “Britannia Unchained” kitabının müəllifləriylə bir araya gəlib və Mühafizəkarlar Partiyasında azad bazarın qatı müdafiəçilərindən biri kimi tanınıb.
2012-ci ildə təhsil nazirinin müavini olaraq mühafizəkarlarla liberal demokratların birlikdə qurduğu koalisiya hökumətində təmsil olunub. Təhsil islahatları məsələsində Liberal Demokratlar Partiyasının lideri Nick Clegg-lə qarşı-qarşıya gəlib.
2014-cü ildə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
2015-ci ildəki partiya konfransında Britaniyanın pendir idxalı haqqında uzun və alovlu çıxışına görə bir müddət məsxərəyə qoyulub, amma yüksəlişi davam edib.
2016-cı ildə keçirilmiş referendumda Avropa İttifaqında qalmağa səs verib.
“Sun” qəzeti üçün yazdığı məqalədə “Brexit”-in “üçlü faciə” olacağını, Aİ ilə ticarətdə bürokratiyanı və direktivləri artıracağını qeyd edib. Amma sonradan “Brexit”-in hər şeyi yenidən formalaşdırmaq fürsəti yaratdığını deyərək fikrini dəyişib.
2016-cı ildə – Tereza May hökumətində ədliyyə naziri vəzifəsinə gətirilib. Bir il sonra hökumətin iqtisadi proqramının “ürəyi” olan quruma – Xəzinədarlığa baş katib təyin edilib.
2019-cu ildə – Boris Conson hökumətində beynəlxalq ticarət naziri, sonra isə xarici işlər naziri olub.
Ukraynaya hücumdan bir neçə həftə əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Liz Truss-ın birgə mətbuat konfransında soyuq külək əsmişdi
Rusiya Ukraynaya hücum edəndə buna qarşı ən sərt mövqe tutanlardan biri Trass olub. O, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmalı olduğunu vurğulayıb. Ukraynada döyüşə biləcək britaniyalıları dəstəkləyən açıqlamalarına görə tənqid edilib.
Xarici işlər naziri postunda Aİ və Britaniya arasındakı mübahisəli Şimali İrlandiya Protokolu məsələsini bu qurumla “Brexit”-dən sonra əldə edilmiş razılaşmanın bəzi müddəalarını pozaraq həll etməyə çalışıb, Aİ buna görə Trassı sərt şəkildə tənqid edib.
pressklub