Azərbaycan futbol tarixinin ən böyük uğuru, şübhəsiz ki, 2017/18 mövsümündə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsidir.
“Ölüm qrupu”na düşən Ağdam klubunun heyətində ən çox diqqət çəkən futbolçu həmin vaxt PAOK-dan icarəyə götürülən Pedro Enrike idi.
“Roma” ilə Bakıdakı qarşılaşmada fərqlənməklə Azərbaycan təmsilçisinin Çempionlar Liqasında ilk qolunun müəllifi olan braziliyalı Sports.az saytına açıqlamasında həmin mövsümü xatırlayıb.
Bu ilin aprelində ölkəsinin “İnternasional” klubuna keçən 32 yaşlı hücumçu “Qarabağ”ın karyerasındakı yüksəlişdə böyük rol oynadığını bildirib:
“Karyeramın ən uğurlu dönəmini “Qarabağ”da keçirmişəm. Bir futbolçu üçün ən böyük xəyal sayılan Çempionlar Liqasının qrupunda yalnız bu komandanın heyətində çıxış etmişəm. Özü də “Çelsi”, “Roma”, “Atletiko” kimi klublara qarşı. “Qarabağ”da keçirdiyim bir ili ömrüboyu unutmaram. Sonra “Astana”nın heyətində Avropa Liqasında çıxış etdim. Bu iki turnir daha yaxşı liqalarda oynamaq üçün pəncərədir. Görünür avrokuboklarda özümü yaxşı tərəfdən göstərə bilmişəm ki, karyeramın növbəti mərhələsində Türkiyə olub, indi isə Braziliya A seriyasında mübarizə aparıram”.
Yunanıstan və Fransada da çıxış etmiş Pedro Enrike “Qarabağ”ın bu mövsüm Avropa Liqasının qrup mərhələsində həmin ölkələrin təmsilçiləri “Olimpiakos”, “Nant”, eyni zamanda Almaniya “Frayburq”u önündə şanslarını da dəyərləndirib:
“Qarabağ” çox ağır qrupa düşüb. “Olimpiakos” Yunanıstanın ən güclü klubudu. “Frayburq”un Bundesliqanın lideridir. “Nant” da “Böyük Beşlik” çempionatlarından Fransada Liqa 1-də oynayan komandadır. Kimin qrupdan çıxacağını indidən proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu sabah Almaniyada “Frayburq”a qarşı keçirəcək.