
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan və Türkiyə mütəxəssisləri Qars -Gümrü dəmir yolunun hansı vəziyyətdə olduğunu öyrənməyə başlayıb.
Qeyd edək ki, adıçəkilən dəmir yolu Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğalından sonra bağlanıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Ermənistanın XİN başçısı burada sadəcə təxribata da əl atmış ola bilər:
“Yəni Azərbaycanla Türkiyənin arasını vurmaq üçün bu xəbər dezinformasiya kimi dövriyyəyə buraxılmış ola bilər. Ancaq ən pisi də o ola bilər ki, Qars -Gümrü dəmir yolu Azərbaycanın rəyi alınmadan açılsın.
Narahatlıq ondadır ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamadan və Zəngəzur dəhlizi açılmadan Qars -Gümrü yolu açılsın. Doğrudur, inanırıq ki, Türkiyə belə etməz. Ancaq hər şey ola bilər. ABŞ Türkiyəyə təzyiq göstərə bilər. Bundan başqa Avropa İttifaqı (Aİ) üzvlük məsələsində müəyyən güzəştlər müqabilində Ermənistanla sərhədin aşması üçün Türkiyəni şirnikləndirməsi istisna edilməməlidir.
Təbii ki, Ermənistan -Türkiyə yolu nə vaxtsa açılmalıdır. Ancaq Zəngəzur dəhlizindən əvvəl bu yolun açılması bizə heç sərf etmir. Bu, bizim üçün arzuolunmaz ssenaridir”.
Xatırladaq ki, son günlər Türkiyə ilə Ermənistan arasında yaxınlaşma prosesinin getdiyi deyilir. Mart 21-də Türkiyə-Ermənistan arasında “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi müvəqqəti açılıb. Ermənistan Türkiyə ərazisindən keçməklə Suriyaya humanitar yük göndərib. Maşınlar martın 31-də həmin marşrutla geri qayıdana kimi sözügedən sərhəd qapısı açıq qalacaq.
“Alican” sərhəd-keçid məntəqəsi 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən sonra da açılmışdı. Belə ki, Ermənistan tərəfindən göndərilən humanitar yardımları daşıyan yük maşınları iki ayrı konvoyda müxtəlif tarixlərdə 2 dəfə eyni qapıdan girib-çıxıb.
Ermənistanla Türkiyə arasında daha bir gözlənilməz addım isə bugünlərdə olub. Türkiyənin Hələbdəki Baş konsulu Muammer Hakan Cengiz və vitse-konsul Erin martın 26-da Ermənistanın bu şəhərdəki konsulluğuna baş çəkiblər. Bu barədə Ermənistanın Baş Konsulluğu məlumat yayıb.
Baş konsul Ara Avetisyan qonaqları salamlayaraq, ilk növbədə Hakan Cengizi uzun fasilədən sonra Türkiyə Konsulluğunun yenidən fəaliyyətə başlaması, həmin vəzifəyə təyin olunması və Ramazan ayı münasibəti ilə təbrik edib.