Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz telegram kanalında növbəti qeyri-adekvat paylaşımını edib. Medvedev bu dəfə də NATO-nu və Avropanı nüvə silahı ilə hədələyib.
O, bildirib ki, Avropa liderləri Rusiyanın “xüsusi döyüş başlıqlı raketləri” və “apokalipsis”dən qorxmalıdırlar: “NATO ölkələrindən Sunak, Şolts, Makron, Norveç, Finlandiya, Polşa və digər ölkə liderləri deyirlər ki, “biz Rusiya ilə müharibəyə hazır olmalıyıq”... Əgər Allah eləməsin, belə bir müharibə baş versə, o, xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə-red.) kimi səngərlərdə, artilleriya, zirehli texnika və PUA-larla aparılmayacaq”.
Medvedev yazıb ki, Rusiya və NATO-nun hərbi potensialının müqayisə edilməyəcək səviyyədə fərqli olması səbəbindən Rusiyanın başqa seçimi qalmayacaq: "Cavab asimmetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqları olan ballistik və qanadlı raketlərdən istifadə olunacaq. Bu, bizim hərbi doktrina sənədlərimizdə qeyd olunub və hamıya yaxşı məlumdur. Bu, hər şeyin sonu - apokalipsis deməkdir”.