Sifariş Kremldən – birinci şəxsdən gəlib
Rusiya prezidenti Vladimir Putin 10 il əvvəl xarici jurnalistlərdən birinin “Ukraynanın NATO-ya inteqrasiyasına necə baxırsınız” sualına belə cavab vermişdi ki, bu onu narahat etmir, “Ukrayna müstəqil dövlətdir, istənilən qurumla əməkdaşlıq seçimində sərbəstdir” demişdi. 2014-cü ildə bu sözlərin həqiqəti əks etdirmədiyini gördük, dəyişən Putin məhz “NATO təhlükəsinə” görə Krımı ilhaq etdiyini açıqladı, 8 il sonra isə eyni “arqumentə” görə Ukraynaya qarşı işğalçı müharibə başladı.
Putinin hakimiyyətdə olduğu illərdə dəyişdiyinə dair başqa bir nümunə də var. Deməli, həmin Putin 2009-cu ildə Rusiyanın məktəb dərsliklərinə yazıçı Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” əsərinin daxil edilməsini lazım bilib. Bu əsər ilk dəfə 1973-cü ildə Qərb ölkələrində nəşr olunub. Əsər yazıçının özünün də keçdiyi məşəqqətli yoldan, o cümlədən 1918-1956-cı illər arasında düşərgələrdə incidilən və ölən milyonlarla SSRİ vətəndaşının represiyasından bəhs edir. Əsər SSRİ-də ilk dəfə 1989-cu ildə “yenidənqurma” illərində dərc olunub. Aleksandr Soljenitsının özünə də siyasi sığınacaq tapdığı ABŞ-dan geri qayıtmasına icazə verilib. Vaxtilə Soljenitsını dahi rus yazıçısı hesab edən Putin artıq fikrini dəyişib. Hazırda Kreml sahibini repressiya qurbanlarının acı taleyinin öyrənilməsi deyil, “imperiya sərhədlərinin genişləndirilməsi” düşündürür. Bu səbəbdən Putinin arxasınca gedənlərin qəddar Stalinə rəğbət artıb. Bu “məntiqə” görə faşist Almaniyası üzərində qələbə qazanan Stalin öz vətəndaşlarını öldürməyib, guya hamı hüzur içində yaşayırmış. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasında hakim partiyanın deputatları Aleksandr Soljenitsının əsərinin məktəb dərsliklərindən çıxarılmasını təklif ediblər. Deputatlar əsərdəki faktların həqiqəti əks etdirmədiyini iddia ediblər. Guya bu əsər yazılmasaydı və tarix kitablarına salınmasaydı, SSRİ-də milyonlarla insanın repressiya qurbanı olduğunu gizlətməkmi mümkündür? Dövlət Duması Ukrayna müharibəsi fonunda tarixi həqiqətləri gənc nəsildən gizlətməyə çalışır. Aydındır ki, sifariş Kremldən – birinci şəxsdən gəlib.
Elxan Şahinoğlu
 

Dünyapress TV

Xəbər lenti