
Amerika hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək üçün zəmin hazırlayır
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumuna uyğun olaraq Rusiyaya verdiyi nüvə silahlarının artıq Rusiyaya məxsus olduğunu bildirib. Qrenell niyə bunu xatırlamağa qərar verdi? Düşünürəm ki, bu sözlər sadəcə bir sınaqdır. Məsələ burasındadır ki, görünür, Amerikanın yeni administrasiyasında xarici siyasət blokuna cavabdeh olan nisbətən adekvat insanlar – Uols və Rubio nüfuzlarını itirirlər və mövqelərini itirə bilərlər. Onları Qrenell əvəzləyə bilər (ötən il ABŞ-da prezident seçkilərindən əvvəl o, dövlət katibi vəzifəsinə mümkün namizəd kimi göstərilirdi). Ancaq Tramp və Qrenell xarici siyasətə cavabdehdirlərsə, bunun hansı qərarlara səbəb ola biləcəyini təxmin etmək çətin deyil.
Məsələ burasındadır ki, Bayden administrasiyası əvvəllər mövcud olan dünya nizamını qorumağa çalışarkən, Tramp administrasiyası “dünya nizamının məhv edilməsində heç bir qəbahət yoxdur, gəlin bu prosesdə iştirak edək və bəlkə də ona rəhbərlik edək” müddəasından çıxış edir. Bu mənada Kanada ilə bağlı deyilənləri xatırlaya bilərik: Tramp söz verib ki, ABŞ genişlənərsə, Kanada 51-ci ştat olacaq. Və ya Qrenlandiyaya iddia. Görünür, planda Qrenlandiyanın da 52-ci ştat olması var.
Tramp üçün ərazi bütövlüyü və suverenlik prinsipi, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamsızdır. Və nəhayət, əgər siz özünüz başqa əraziləri ilhaq etmək istəyən təcavüzkar kimi çıxış etməyi planlaşdırırsınızsa, o zaman başqasının təcavüzkar kimi çıxış etməsindən çox narahat olmamalısınız.
Xatırladaq ki, bu yaxınlarda Tramp komandasından olan Stiven Vitkoff Taker Karlsona müsahibəsində bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə maneə Ukraynanın Krım və digər dörd regionla bağlı mövqeyidir. Bu, əlbəttə, Vitkoffun şəxsi fikri deyil. ABŞ-ın vitse-prezidenti J.D.Vens də bu mövqenin Ağ Evdə paylaşıldığını faktiki olaraq təsdiqlədi.
İstisna etmək olmaz ki, Tramp administrasiyası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan qərarlar qəbul edərsə, ABŞ-ın özündə də bu hərəkətlərin tənqidi ilə qarşılaşacaq. Ona görə də buna əsaslanaraq, ABŞ-ın 47-ci prezidentinin komandası öz hərəkətlərini və qərarlarını daxili auditoriyaya – öz seçicilərinə və siyasi müttəfiqlərinə izah etmək üçün qabaqcadan variantlar hazırlayır.
Şərti olaraq, əgər Ağ Evin yeni administrasiyası Ukraynanın ərazi bütövlüyünü şübhə altına alırsa, o zaman ABŞ-ın özündə belə deyəcək siyasətçilər tapılacaq: “Ukrayna ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib, indi isə ABŞ bu təminatlardan imtina edir”. Trampın müttəfiqləri Budapeşt Memorandumunun saxta bir şey olduğunu deyərək buna təzyiq edəcəklər. Və deyəcəkklər: "Baxın, Ukraynanın heç bir nüvə silahı yox idi! Buna görə də ABŞ-ın onun qarşısında heç bir öhdəliyi yoxdur".
Beləliklə, Amerika hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək üçün zəmin hazırlayır.
Bununla belə, unutmaq olmaz ki, Konqresdə ABŞ-ın heç bir halda Ukraynada hər hansı ərazi dəyişikliyini tanımamasını şərtləndirən ikipartiyalı qətnamə təqdim edilib. Ona görə də ehtimal etmək olar ki, Konqresdə ərazi itkiləri ilə bağlı kifayət qədər ciddi müzakirələr aparıla bilər. Lakin Tramp administrasiyasının bu halda strategiyası sadə ola bilər: nüvə qorxusu mövzusunu yenidən gündəmə gətirin!
Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Radklif Konqresdə çıxış edərək nüvə təhlükəsi məsələsinə qayıtmış, Rusiyanın Ukraynaya nüvə zərbəsi endirə biləcəyini bildirmişdi. Məntiq sadədir: nəyin bahasına olursa-olsun və mümkün qədər tez sülh sazişi bağlamaq cəhdi ilə onlar ABŞ Putinin ərazi tələbləri ilə razılaşmasa, Üçüncü Dünya müharibəsi və nüvə müharibəsi təhlükəsi barədə isterik qışqıracaqlar. Və deyəcəklər: Budapeşt Memorandumundan ikiəlli yapışanlar müharibə istəyənlərdir.
Müəllif: Petro Oleşçuk - Politoloq, Kiyev Milli Universitetinin müəllimi.
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.