Abxaziyadakı baza Rusiya gəmilərini qəbul edə bilər, lakin yüksək keyfiyyətli xidmət göstərə bilməyəcək
Abxaziyanın qondarma rejiminin lideri Aslan Bjaniya bu yaxınlarda Rusiya Hərbi Dəniz Qüvvələri üçün Oçamçır bölgəsində daimi baza yaradıldığını bəyan edib. Ruslar Sevastopolun rus gəmiləri üçün (bütün Krım kimi) təhlükəli yer olduğunu başa düşdükdən sonra donanma üçün əlavə yerləşdirmə yeri axtarmağa qərar verdilər.
Abxaziya sahillərində dərinlik təxminən dörd metrdir və yanalmanın ön hissəsi minaaxtaran və ya qayıq kimi on kiçik gəminin yerləşdirilməsinə imkan verirdi. Sonra tədricən artırıldı. Sovet İttifaqının dağılmasından əvvəl orada patrul gəmiləri briqadası yerləşirdi. Sonradan Gürcüstan müstəqil olduqdan sonra iki il ərzində oradan gəmilər Volqa sahilindəki Kaspiysk şəhərinə qovuldular. Rusiyanın Xəzər flotiliyasının əsas bazası məhz orada yerləşirdi.
Bir müddət Oçamçır yaxınlığındakı yer heç bir şəkildə inkişaf etmədi. Amma 2008-ci ildə altı günlük müharibədən sonra Abxaziya Gürcüstanın nəzarətindən çıxanda ruslar öz məqsədləri üçün yenidən bu bazanı bərpa etməyə başladılar. Rusların baxışına görə, mənim anladığım qədər, orada hətta desant gəmiləri və qayıqları da yerləşə bilər. Bu məqsədlə 2017-ci ildə bu bazanın yenidən qurulması qərara alınıb. Xüsusilə dibdərinləşdirmə işləri aparılıb. Uzun yanalma cəbhəsi yaratdılar: "Moskva" kreyseri ora girə bilərdi. Lakin orada kiçik gəmilər - minaaxtaran gəmilər və korvetlər yerləşirdi. Onlar indi də orada yerləşiblər.
Ukraynadan Novorossiyskə qədər 750 kilometr, Novorossiyskdən isə Abxaziyadakı bu bölgəyə qədər hələ kifayət qədər uzun bir yol var. Yəni Ukrayna müdafiə qüvvələri bizim indi istifadə etdiyimiz silahları Rusiya gəmilərinə qarşı istifadə edə bilməyəcək. Oraya nə pilotsuz təyyarələr, nə də raketlər çata bilir. Bunun üçün F-16 kimi təyyarələr, raket qayıqları və ya daha uzun məsafələrə malik dronlar lazımdır.
Eyni zamanda, bu baza nöqtəsinin Ukraynadan kifayət qədər uzaqda olması Rusiya gəmilərinin bizə qarşı istifadəsinin səmərəliliyini də aşağı salacaq. Təbii ki, oradan raketlər ata biləcəklər, lakin bütün Ukraynanı yox, müəyyən hissəni vura biləcəklər. Rusiyanın hansısa məqsədlər üçün minaaxtaran gəmilərdən və ya desant gəmilərindən istifadə ehtiyacını götürsək, sahilimizdən uzaq olduğuna görə keçid üçün əlavə vaxt tələb olunacaq. Bəlkə də bir gün. Çünki bu gəmilər sürətli deyil.
Orada nə tikiləcəyindən asılı olaraq - bir növ yataqxanalar, emalatxanalar, maddi-texniki təchizat və ya silah anbarları, bəlkə də bir növ avadanlıq parkı, əgər desant gəmilərindən danışırıqsa - ən azı 100-200 milyon dollar investisiya lazım gələcək.
Bundan əlavə, Abxaziyadakı baza Rusiya gəmilərini qəbul edə bilər, lakin yüksək keyfiyyətli xidmət göstərə bilməyəcək. Orada yanalma körpülərinin olmasına və dərinləşdirmə işlərinin başa çatdırılmasına baxmayaraq, deyə bilərik ki, onlar Rusiya Qara Dəniz Donanmasının gəmilərinin mövcudluğunu dəstəkləməyə hazır deyil.
Müəllif: Andrey Rıjenko - Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan birinci dərəcəli kapitanı.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.