44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Nəsmiyev ona qarşı törədilən dələduzluq əməlindən şikayətçidir.
TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Oxu.az-a Tural Nəsmiyev özü məlumat verib.
Şirkət rəhbəri talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyib İki övladı talassemiya xəstəsi olan hərbçi onların əməliyyatı üçün ianələr əsasında toplanan 35 000 ABŞ dolları məbləğində pulun özünü “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin rəhbəri kimi qələmə verən Nuridə Seyidova tərəfindən aldadılaraq ələ keçirildiyini qeyd edib. Tural Nəsmiyevin müraciətini olduğu kimi təqdim edirik:
“Mənim üç övladımın ikisi talassemiya xəstəsidir. Onlar Respublika Talassemiya Mərkəzində qeydiyyatdadırlar, mütəmadi müayinə olunurlar, lazımi dava-dərman – hamısı dövlət tərəfindən qarşılanır. Amma bu xəstəliyin tam sağalması üçün sümük iliyinin köçürülməsinə ehtiyac var. Biz araşdırmalarımızdan sonra özünü Türkiyədə yerləşən “Medical Park” xəstəxanasının Azərbaycan üzrə nümayəndəsi kimi təqdim edən və donor axtarışını həyata keçirdiyini bildirən Aynur adlı xanımla əlaqə saxladıq. O, ödəniş edildikdən sonra bizim üçün donor axtarışının həyata keçiriləcəyini bildirdi. Sonra uşaqlardan qan nümunələri götürüldü və Türkiyəyə göndərildi. Ayyarım sonra bizə məlumat verildi ki, Türkiyədə donor bankında uşaqlarımıza uyğun gələn donorlar tapılıb. Türkiyənin özəl xəstəxanalarında isə bir xəstə üçün 85-90 min dollar pul lazımdır.
Tələb olunan məbləğin təmin olunmasına maddi imkanımız çatmadığı üçün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yardım toplama kampaniyaları başladaraq, könüllü dəstək istədik. İanələrlə, tanımadığımız insanlar, dostlar, tanışlar sayəsində lazım olan məbləğin bir hissəsini, yəni 35 000 ABŞ dolları toplaya bildik. Lakin bu məbləğ hər iki uşağın əməliyyatına gərəkli pulun yarı hissəsi belə deyildi. Bundan sonra Aynur xanım bizi Seyidova Nuridə Məmməd qızı ilə tanış etdi. O bildirdi ki, Nuridə xanım xeyriyyəçiliklə məşğuldur, uşaqların sağalması üçün maddi kömək göstərəcək.
Nuridə Seyidova özünü “Urmedhelp” və “My Doc Tour” adlı iki MMC-nin rəhbəri kimi təqdim edərək, mənə vəd verdi ki, lazım olan pulun 30 faizi xəstə uşaqların valideynləri, yerdə qalan 70 faizi isə onun özü tərəfindən təmin ediləcək. Bu 70 faizin hansısa adının açıqlanmasını istəməyən zəngin iş adamı tərəfindən təmin edildiyini dedi. Həmin şəxs barədə məlumat almaq istədikdə isə bu məlumatın bildirilməsinin mümkün olmadığını, əks halda həmin yardımsevər şəxsin pulu təmin etməyəcəyini söylədi. Mən onunla razılaşaraq, bu barədə əlavə suallar vermədim. Tələb olunan miqdarda pul Nuridə tərəfindən Türkiyədəki özəl xəstəxanaya köçürülməli və uşaqlarımız əməliyyat olunmalı idi. Nuridə məndə olan 35 000 dolları ona verdikdən və qalan məbləğ təmin edildikdən sonra əməliyyat üçün müvafiq işlərin görüləcəyini bildirdi.
Bundan sonra, 2022-ci ilin avqust ayında özünü Nuridə xanımın işçisi kimi təqdim edən Aysel Məmmədova mənə zəng edib bildirdi ki, əməliyyat üçün məndə olan pulu ona təhvil verməliyəm. Onun sözlərinə görə, toplanılmış puldan çox az hissəsi qalıb ki, onu da bir aya qədər həmin adının açıqlanmasını istəmədiyi şəxslərdən təmin edib, uşaqları müalicə üçün Türkiyəyə göndərəcəklər.
01.09.2022-ci il tarixdə Nuridə Seyidova və Aysel Məmmədovaya 35 min dolları təhvil verdim. Həmin vaxt pulu verib-verməmək barədə tərəddüd keçirirdim, çünki onların danışıqları şəffaf və ardıcıl deyildi. Lakin övladlarımın çarəsiz halı məni onlara inanmağa məcbur etdi. Nuridə ona güvənmədiyimi bilirdi və mən 35 000 ABŞ dollarını ona videogörüntüyə alaraq verəcəyimi bildirdim. O da razılaşdı.
Oktyabr ayında Nuridə, Aysel və bizi onlarla tanış edən Aynur adlı xanım bizə həmin ayın sonu Türkiyəyə getmək üçün biletləri almağımızı söylədilər. Uşaqların hər ikisini Türkiyənin Samsun şəhərinə, “Medical Park” xəstəxanasına apardım. Orada uşaqlardan qan nümunələri götürüldü, aradan bir neçə gün keçəndən sonra öyrəndim ki, Nuridə tərəfindən uşaqlarımızın adına bir manat belə ödənilməyib. Türkiyədə olanda ona zəng edib, hər şeyi soruşdum. Nuridə müxtəlif bəhanələr və yalan vədlər ilə problemin tez bir zamanda həll olunacağını dedi. Lakin heç bir real hərəkət etmirdi. Artıq xəstəxana da onların fırıldaqçı olduğunu anlamışdı və bizdən ya ödənişlərin edilməsini, ya da xəstəxanadan kənarlaşmağımızı istədilər. Nuridəyə bunu dedikdə isə xəstəxanaya guya müəyyən qədər ödəniş etdiyini, əməliyyat üçün pulun ən qısa zamanda (adətən, 1-2 günə deyirdi) ödəniləcəyini söylədi. Halbuki dekabrın sonlarında oğlumu xəstəxanaya yerləşdirərkən bizdən yatış üçün bütün məsrəflərin ödənişini tələb etdilər və mənim tərəfimdən ödənişlər edildikdən sonra usağı qəbul etdilər.
Nuridə tərəfindən aldadıldığımı bildikdən sonra isə ondan ona verdiyim 35 000 dolları geri tələb etdim. Nərimanov Rayon Polis İdarəsinə şikayət etdikdən sonra 24.01.2023-cü il tarixdə şikayətimiz operativ şəkildə araşdırılaraq, Nuridə və Aysel polis idarəsinə dəvət edildilər. Onlara, sadəcə, iki gün vaxt verməyimizi xahiş edərək, iki gün sonra məndən aldığı 35 000 dolları qaytaracaqlarını bildirdilər. Lakin həmin tarixdən bu yana dəfələrlə bizi aldadaraq, pulu bir günə, iki günə qaytaracaqlarını deyirlər. Bununla həm istintaqı, həm də bizi aldatmağa davam edirlər.
Əlavə olaraq qeyd edim ki, Samsunda bizimlə birlikdə daha üç ailə qalırdı. Onlar da eyni şəxsin dələduzluğundan əziyyət çəkirlər. Aprel qazisinin də övladını əməliyyat adı ilə aldadıb, oraya göndərmişdilər. Ümumilikdə beş xəstə uşaq əməliyyat üçün gözləyirdi.
Hazırda uşaqlarım Samsundadırlar. Öz topladığımız pulla uşağımın birini əməliyyat etdirməyə çalışıram. Hələ də gözləyirəm. Pulumu qaytarmayıblar.
Mən, onsuz da, çarəsizəm, ikinci dəfə belə vəziyyətə düşmək istəmirəm. Biz əziyyət çəkirik, uşaqlarım xəstədir. Digər valideynlər də övladlarının sağalması ümidi ilə bilmədikləri qapıya düşməsinlər deyə bu dələduzları hər kəsin tanımasını, bizdən alınan pulların qaytarılmasını xahiş edirəm. 15-ə yaxın ailə var ki, həmin şəxsin dələduzluğundan əziyyət çəkir. Onların külli miqdarda pulu ələ keçirilib. Bu, hüquq-mühafizə orqanlarının araşdırmalarında da təsdiq edilib. Kömək edin, övladlarımızı bu dələduzların əlindən qurtaraq”.
Qeyd edək ki, Tural Nəsmiyevin redaksiyamıza müraciətində qeyd etdiyi mobil nömrələr əsasında Nuridə Seyidova ilə əlaqə yaratmağa çalışdıq. Nuridə xanımla danışdıqda o, məsələnin tamam başqa cür olduğunu, redaksiyamıza gələrək, üz-üzə hər şeyi danışmaq istədiyini bildirdi. Qarşı tərəfin bu təklifi ilə razılaşdıq və onu redaksiyamıza dəvət etdik. Lakin sonrakı cəhdlərimizdə Nuridə Seyidova ilə əlaqə saxlaya bilmədik, zənglərimizə cavab vermədiyindən mövqeyini də təqdim edə bilmirik.
İstənilən halda, qarşı tərəfin haqqında qeyd edilən ittihamlara cavabını dərc etməyə hazırıq.