Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının redaksiyamıza növbəti müraciəti daxil olub.
Əvvəlki iki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciətlər əsasında "Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür" və "Qoşqar Təhməzli kadrlarına nəzarət edə bilmir - AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində Rəzalət -DE-FAKTO" sərlövhəli yazılar dərc etmişdik.
***
Bu müraciətində də Validə xanım ona və oğluna qarşı AQTA səlahiyyətliləri tərəfindən haqsızlığın, qanunsuzluğun davam etdiyini yazır. "Yenixeber.org" olaraq bu dəfə də yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzlişlərlə dərc edirik:
"Mən “Yenixebe.orgr” saytının redaktoru cənab İlqar Salmanova iki dəfə müraciət edərək AQTA-nın Quba – Xaçmaz Regional Bölməsində oğlumun iş otağında sektor müdiri tərəfindən döyülməsi hadisəsini açıqlamışdım. AQTA-nın rəhbərliyinə dəfələrlə etdiyim yazılı ərizələr nəticəsiz qaldığı üçün son ümid kimi dərdimi internet vasitəsi ilə bildirmək istəmişəm. Lakin mənim bu açıq müraciətimə də, AQTA-nın rəhbərliyi səssiz qalıb. İnternet saytlarında AQTA-nın rəhbərinin – Qoşqar Təhməzlinin insanın əl və ayaq barmaqlarının sayı çatmayacaq qədər çox olan şəxsi müəssisələrinin siyahısını gördüm. Bu zamana qədər AQTA-nın rəhbərinin oğlumun iş yerində döyülməsinə münasibət bildirməməsi, tədbir gösməməsi mənim ürəyimi ağrıdır və təəccübləndirirdi.
İndi təəccüb hissim yoxdur. O qədər şəxsi “obyektləri” olan AQTA-nın rəhbərinin mənim oğlumun döyülməsinə diqqət yetirməyə vaxtı ola bilərmi? Bu qədər çoxlu “obyektlərin” gəlir-çıxarına nəzarət etmək, onların problemlərini nizama salmaqdan AQTA-nın rəhbərinin vaxtı varmı ki, bir də oğlumun döyülməsi ilə məşğul olsun?!
Çox böyük işmiş! Hansısa kiçik bir işçini onun rəhbərlik etdiyi orqanın yerli şöbəsində sektor müdiri döyüb!!! Nə olacaq ki? Buna onun vaxtı varmı ki, diqqət yetirsin?! Heç bu da işdi? Hansısa kiçik işçini əvəzolunmaz hesab etdiyi sektor müdiri cavab qaytardığı üçün döyüb. Buna görə də həmin kiçik işçinin ahıl anası onu – AQTA-nın rəhbərini narahat edib, günahkarın – buna yol vermiş AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisinin və oğlumu döyən işçinin cəzalandırılmasını tələb edir!!! AQTA özününkü hesab etdiyi işçilərini o qədər əvəzolunmaz hesab edir ki, hətta Quba-Xaçmaz Regional Bölməsindəki bəzi işçilərə əlavə güzəştlər tətbir edir. Belə ki, oradakı bəzi işçilər – (Əgər AQTA-da bununla maraqlanmaq istəsələr adlarını verə bilərəm) AQTA-nın müxtəlif strukturlarında eyni vaxtda 2 ayrı vəzifə tutub, hər vəzifəyə görə də aylıq əmək haqqı alırlar. Maraqlıdır, işçi vəzifəsindən aslı olmayaraq təyin olunduğu vəzifədə 8 saatlıq iş günü normasında çalışdığına görə əmək haqqı alır. (Bu mövcud əmək qanunvericiliyinə əsaslanmış normadır) Lakin bu işçilər eyni vaxtda necə olur ki, ayrı-ayrı iş yerlərində çalışıb, əmək haqqı alırlar?! Bu necə sehirbazlıqdır belə? Bəlkə həmin işçilər özlərini klonlaşdırıblar, eyni vaxtda ayrı strukturlarda müxtəlif vəzifələrdə çalışa bilirlər? Nə qədər ixtisaslı kadrın iş ilə təmin olunmaq üçün müraciətləri illərlə məhz bu tərəf tutan rəhbərlər tərəfindən təmin olunmur. AQTA-da isə bəzi “imtiyazlı” işçilər 2 işlə təmin oluna bilirlər. AQTA-nın rəhbərliyinə bir sual vermək istərdim: Görəsən rəhbərlik yerlərdəki qurumlara rəhbərlik etmək üçün vəzifəli şəxsləri təyin edərkən onlardan hansı tapşırıq və öhdəlikləri tələb edir? Sözsüz ki, kollektivə vicdanla rəhbərlik etmələrini, işçilər arasında əmək nizam-intizamının olmasını, vəzifəcə aşağı işçilərin hüquqlarının müdafiəsini, müvafiq sahə üzrə dövlətimizin, hörmətli Prezidentimizin Qanun, Fərman və normativ aktlara riayət olunmasını təmin etmələrini tələb etməlidir.
Bəs Sizin – AQTA-nın rəhbərinin Quba – Xaçmaz Regional Bölməsinin rəisi nə edir? Bütün bunların tam əksinə - üstün işçiyə kiçik işçini döydürür. Oğlumu döyən sektor müdirini bütün bu işlə əlaqəli orqanlarda müdafiə edən sənədlər göndərir, həmin sektor müdirini müdafiə edir. Necə olur ki, Oğlumun 28.12.2022-ci il tarixdə AQTA-nın QUBA – Xaçmaz Regional Bölməsinin inzibati binasında, iş otğında döyüldüyü günə aid inzibati binanın daxilində və həyətində quraşdırılmış təhlükəsizlik kamerasının videogörüntüləri yoxa çıxır?
Həmin videogörüntülər olduğu halda niyə görə sektor müdirinin tabeliyində işləyən işçilərin ifadəsi əsas götürüldü?
Mənim sektor müdirini döydüyüm yalanını uyduran sektor müdirinin ifadələri niyə videokameralarla yoxlanılmadı? 62 yaşlı, II qrup əlil qadın cavan oğlanı döyə bilərmi? Məntiq haradadır?
Əgər mən və oğlum bölmənin iş otağında bu qədər ictimai qayda-qanunu pozmuşuqsa, niyə həmin gün, sonrakı günlərdə bölmənin rəisi Zaur Fərzəliyev hüquq-mühafizə orqanlarına xəbər vermədi?!
Niyə həmin gün bu hadisənin baş verməsi haqda akt və ya həmkarlar təşkilatının iclas protokolu tərtib olunub, məhz həmin gün AQTA-nın internet saytına göndərilmədi?!
Hər bir halda rəis Zaur Fəzrəliyev baş verən hadisədə məsuliyyət daşımırmı?
AQTA hətta mənim göndərdiyim ərizədən sonra belə bu şəxslərin – Zaur Fərzəliyevin və sektor müdirinin AQTA-nın strukturlarında hal-hazırda da işləməsinə şərait yaradır. Bildirirəm ki, bu şəxslər adi işçilər deyil, məsul vəzifəli şəxslərdir. Kollektivin nizam-intizamına birbaşa cavabdeh olan bu şəxslər haqqında heç bir cəza
tədbiri görülmədi!!! Hətta hadisəni AQTA-ya xəbər verdikdə bizi – oğlumu və məni Agentliyə çağırıb bu hadisənin araşdırılmasına məsul olan Elgiz adlı işçi tərəfindən hədə-qorxuya məruz qaldıq. Həmin işçi bizi dövlət işçisinə böhtan atmaqla şantaj etdi. Dəflərlə sübut olaraq “Müşahidə kamerası görüntülərinə baxın” tələbimizə əhəmiyyət verilmədi.
Bütün bu hadisələrdən sonra gəldiyim nəticə budur:
- Oğlumun qəsdən, bilərəkdən sektor müdiri tərəfindən aylarla təhqir olunmasına göz yumulub. Kollektiv də bu sektor müdirindən nədənsə qorxub, çəkinirlər. Rəis Zaur Fərzəliyev həmişə bu şəxsə havadarlıq edib. Bunun sübutu da Z.Fərzəliyevin işçini döyən bu sektor müdiri haqda çox-çox müsbət xarakterizə edən
sənəd verməsidir!
Maraqlıdır tabeliyində olan 10-15 işçisinə rəhbərlik edə bilməyən, kollektivdə nizam-intizam qurmağı bacarmayan, hətta bəzi işçilərə torpil yaradan AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev böyük bir rayon əhalisinin qida təhlükəsizliyinə necə nəzarət edə bilər?
Hörmətli Qoşqar müəllim, bəlkə bundan sonra vaxt tapıb oğlumun Sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında döyülməsində günahkar olan, məsuliyyət daşıyan rəhbər işçiləriniz haqqında tədbir görəsiniz". //yenixeber.org//