Ağır xəstəyə lazımi tibbi qayğı göstərmədiyinə görə, Babək Rayon Tibbi Yardım Stansiyasının həkimi Xəlil Cəfərəliyev cəzalandırılıb. Onun səhlənkarlığı ucbatından 19 yaşlı gənc Ramal İmaməliyev ötən ay koma vəziyyətinə düşmüşdü. DİA.AZ bildirir ki, zərərçəkənin atası Məhəmməd İmaməliyevin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, həkimin cəzalandırılması ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyi onlara bildiriş göndərib:
“Müraciətlərimə cavab vermək istəmirdilər, ört-bastır edirdilər. Məsələ mətbutda işıqlandıqdan sonra əl-ayağa düşüb, gözdən pərdə asmaq üçün töhmət veriblər. Bu, çox yüngül cəzadır. Mən o həkimin işdən çıxarılmasını, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Bununla bağlı prokurorluğa müraciət edəcəyəm. Belə həkimin işdə qalması, digər xəstələrin də həyatına təhlükə yaradır”.
Ötən ayın sonlarında ağır vəziyyətdə Babək rayon Təcili Tibbi Yardım Stansiyasına çatdırılan rayonun Naxışnərgiz kənd sakini 19 yaşlı Ramal İmaməliyev orada komaya düşmüşdü. Bu haqda „Gündəlik Naxçıvan“a məlumat verən xəstənin atası Məhəmməd İmaməliyev, ağ ciyər xəstəsi olan oğlunun bu vəziyyətə düşməsində staniyanın həkimi Xəlil Cəfərəliyevi günahlandırırdı. O deyirdi ki, həkim tibbi sığorta çərçivəsində göndərişi verməkdən imtina etdiyi üçün, oğlunu vaxtında Ağciyər Xəstəlikləri Dispanserinə çatdıra bilməyib və onun vəziyyəti daha da ağırlaşıb.