Aprel ayında ölkənin ictimai-siyasi həyatında baş verən diqqətəlayiq hadisələrdən biri 10 ildən artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-polkovnik Arzu Rəhimovun vəzifəsindən azad edilməsi oldu. Prezidentin digər sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edildi.
10 ildən artıq keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışması, adının “MTN işi”ndə hallanmaması onun göstərir ki, M.İbrahimov korrupsiyaya qurşanmayıb.
Ümid etməyə dəyər ki, SHXÇDX-nin yeni rəisi rəhbərlik etdiyi qurumda və onun yerli strukturlarında mövcud olan qanunsuzluqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək, neqativ hallara rəvac verən şəxsləri vəzifədən kənarlıaşdıracaq. Bu halda M.İbrahimov islahatına SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovdan və həmin şöbənin çağırış bölməsinin rəisi Mahir Əkbərovdan başlamalıdır.
Cəlilabad rayonu həm Birinci, həm də İkinci Qarabağ savaşında, həmçinin 2016-cı ilin Aprel döyüşlərində ən çox şəhid verən rayonlarımızdan biridir.
Bu rayon həmişə igid, vətənpərvər oğul və qızlarının qəhrəmanlığı ilə öyünüb. Ancaq V.Həsənov – M.Əkbərov cütlüyü öz korporativ əməlləri ilə Cəlilabad gənclərini hərbi xidmətdən yayınmağa stimullaşdırır. Müşahidələr göstərir ki, son dövrlər çağırış yaşlı cəlilabadlı gənclərin M.Əkbərovla “dil taparaq” sağlamlıq qüsurulu adı ilə hərbi xidmətə “tam yararsız”, daha çox halda isə “məhdud yararlı” statusu alması az qala kütləvi xarakter alıb.
M.Əkbərovun tapdığı müştərilərə “düzüb-qoşduğu” sənədləri isə V.Həsənov məmnuniyyətlə möhürləyir.
Bildirilir ki, Mahirin bazarından “Hərbi xidmətə məhdud yararlı” statusunu satın almış cəlilabadlıların müəyyən müddətdən sonra yenidən şəhadətləndirilməsindən (hələ də məhdud yararlı olmasının təsdiqlənməsindən) ötrü tələb olunan rüşvət 500 manatdır.
“Komissarların” özbaşınalığı, cəzasız qalacaqlarına arxayınçılığı hətta o həddə çatıb ki, “özü qürbətdə olub, ürəyi Vətən eşqi ilə döyünən” şəxsləri də “neqodnı” çıxarmaqdan çəkinmirlər.
Nyus.Az saytına verilən məlumata görə, az öncə faktiki olaraq Rusiyada yaşayan, ancaq Cəlilabad rayonunun Hamarqışlaq kəndində qeydiyyatda olan bir şəxs özünün iştirakı olmadan təkrar müayinədən “keçirilərək”, hərbi xidmətə “məhdud yararlı” olduğu təsdiqlənib.
Təbii ki, redaksiya olaraq araşdırmamızın növbəti mərhələsində aidiyyəti qurumlara – Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Xidmətinə sorğu göndərib həmin şəxsin axır vaxtlar Azərbaycan – Rusiya sərhədini nə vaxt keçdiyini öyrənməyə çalışacağıq.
Digər tərəfdən adları bizə məlum olan,tam sağlamlıq arayışı ilə müəyyən qurumlarda çalışan gənclərlin adlarını aidiyyatı qurumlara təqdim edəcəyik.
Məlumatda həmçinin xatırladılır ki, Arzu Rəhimovun SHXÇDX-nə rəhbərliyi dövründə Vüsal Həsənov bir dəfə vəzifədən qovulub, xeyli müddət sərəncamda qalıb.
Ancaq sonradan necə olubsa, yenə vəzifəyə qaytarılıb. İnanırıq ki, cənab M.İbrahimovun V.Həsənovla bağlı qərarı birmənalı olacaq.