“XXI əsrdə Lənkəranda minik avtomobillərinin gedə bilmədiyi kəndlər var”
Lənkəranda 5 kəndin sakinlərinin istifadə etdiyi yol keçilməz durumdadır. Rayonun Gəgiran kəndinin sakinləri Meydan TV-yə bildiriblər ki, vəziyyət o həddə çatıb ki, yaxınlarının məzarlarını ziyarət etməyə yol tapmırlar. Vacib iş üçün kənddən çıxanlar geri dönməkdə, doğmalarını görmək üçün kəndə gələnlər kənddən çıxmağa çətinlik çəkirlər. Qarlı, yağışlı havalarda kəndlərlə əlaqə kəsilir.

Kənd sakini Qalib Mirzəyev bildirib ki, məhz elə yola görə rayon mərkəzinə köçüb. Kənddə yaşayan valideynlərini görə bilmir, çünki yola görə taksilər kəndə qalxmaqdan imtina edirlər.

“XXI əsrdə Lənkəranda minik avtomobillərinin gedə bilmədiyi kəndlər var. Bir balaca etiraz edən kimi 100 yerdən xəbərdarlıq olunur. Sanki bu dövlətin düşməniyik. Düşünən yoxdur ki, kəndli nə ilə dolanmalıdır. Əkin-biçin varsa, bunu bazara çıxarmağa yol olmalıdır”,– şikayətçi bildirib.

Sakinlərdən biri isə söyləyib ki, onun 70 yaşlı atasını rayon xəstəxanasına çatdırmaq üçün qonşunun UAZ maşını köməyə gəlib. Əks halda atası ölə bilərdi. Təcili yardım, yanğın söndürən maşınları kəndə gəlmək istəmir:

“Sosial şəbəkədə bir kəlmə yazan kimi icra hakimiyyətindən tutmuş mənzil istismar sahələrinin, müəllimlərin hamısı bir ağızdan eyni sözləri yazırlar. Guya Lənkəran o qədər inkişaf edir ki, bizim gözümüz götürmür. Hamı bilir ki, dövlət qurumlarında işləyənlərə rayon haqqında tənqidi yazanlara etiraz etməyi tapşırıblar. Bizim də qonşuluqda, qohumluqda belələri var”.

Gəgiran kəndi Lənkəran şəhərindən 36 kilometr kənarda, Talış dağlarında yerləşir. Gəgiran cənub bölgəsinin ən qədim yaşayış məntəqələrindən biri hesab edilir. Kəndin əhalisi 1500 nəfərdən çoxdur.

Kəndin bələdiyyə sədri Akif Şıxəliyev də Meydan TV-yə bildirib ki, 5 kəndin 5 mindən çox əhalisinin istifadə etdiyi yol keçilməz vəziyyətdədir.

“Sovetlər birliyi dönəmindən bu yana həmin yol heç vaxt asfalt olmayıb. Torpaq yoldur, o da dağılıb. 15 kilometr yol salınmayıb”,- bələdiyyə sədri deyib. Onun sözlərinə görə, kəndin 9 şəhidi var. Məzarlığa gedən yol bərbad gündədir: “İndi elə şəhidimizin birinin ad günüdür, ora gedirik. Kənddə sadəcə UAZ və “Niva”lar hərəkət edə bilir. Mən özüm təcili yardım maşını çağırdım, dedilər ki, o yola girə bilməzlər, əsas yola kimi gələk”.

A.Şıxəliyev deyib ki, yolların təmiri ilə bağlı bir neçə dəfə müraciət ediblər. Aidiyyatı qurumların hamısının bundan xəbəri var. İllərdir yolun təmir olunacağı vədi ilə yaşayırlar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə yalnız onu deyiblər ki, yolların təmiri mərhələli şəkildə həyata keçirilir.
 
 
 

Dünyapress TV

Xəbər lenti