Futbol üzrə İngiltərə çempionatının 35-ci turunda London derbisində “Arsenal” “Tottenhem”i məğlub edib.
“Tottenhem”in meydanında baş tutan görüş 3:2 hesabı ilə başa çatıb.
“Kanonirlər”in qolunu Bukayo Saka (27-ci dəqiqə) və Kay Haverts (38-ci dəqiqə) vurublar, 15-ci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Pyerr Höyberq topu öz qapısına göndərib. Uduzan komandada qolları Kristian Romero (64) və Son Xın Min (87, penalti) vurublar.
Premyer Liqanın lideri “Arsenal” 35 oyundan 80 xal toplayıb və ikinci yerdə qərarlaşan “Mançester Siti” ilə fərqi yenidən dörd xala çatdırıb. Pep Qvardiolanın komandasının ehtiyatda iki oyunu var, onlar “Nottingem Forest” ilə qarşılaşacaqlar. “Liverpul” turnir cədvəlinin üçüncü pilləsində (35 oyundan sonra 75 xal), “Tottenhem” isə (33 oyunda 60 xal) beşinci yerdədir.