Prezidentin uğurlu fəaliyyəti ölkəmizin inkişafına xidmət edir
2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə verməklə Ümummilli Liderin siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermiş oldu. Zaman göstərdiki, Azərbaycan xalqı bu seçimində yanılmadı. Bu gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin strateji hədəflərində Azərbaycan ailəsini sosial-iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan ailələr səviyyəsində görmək istəkləri yer alır. Mənəvi baxımdan isə bu istəklər milli qürur və vətənpərvərlik ideallarına söykənərək möhkəmlənir.
Sonrakı illərdə növbəti Prezident seçkiləri zamanı xalqımız cənab İlham Əliyevə təkrarən səs verib ona – bu yola olan inamını təsdiq və təsbit etdi. Ulu Öndərin ideyalarında varislik, ənənələrə bağlılıq, strateji müttəfiqlərlə etibarlılıq prinsipləri müstəqilliyimizin dönməzliyi və əbədi olmasına istinad edən siyasi inkişaf kursumuzun ideologiyasına çevrildi. Ölkə başçımızın Ulu Öndərin ideyalarından vüsət alan hərbi-diplomatik uğurlu siyasət taktikası ərazilərimizin işğaldan azad edilməsini şərtləndirdi.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərindən sonra isə düşmən ağ bayraq qaldıraraq təslim oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldı. 30 ilə yaxın dövrdə doğma el-obalarının həsrəti ilə yaşayan məcburi köçkünlərimiz, eləcə də bütün xalqımız qələbə sevincinin qürurunu yaşadı. Zəfər Bayramının dəyərləri milli iftixar mənbəyinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş Müzəffər Orduya çevrilmişdir.
Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Prezidentimiz hər zaman olduğu kimi verdiyi sözə əməl etdi. Bu da onun həqiqətən dahi şəxsiyyət, qətiyyətli rəhbər olduğunu bir daha sübut etdi.


Türkan Cümşüdova – YAP üzvü
 
 
 

Dünyapress TV

Xəbər lenti