Ardını oxu...
Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Vaxtdır!” hərəkatının lideri Elene Xoştariyanın İran aviaşirkətinin təyyarəsi ilə Gürcüstan üzərindən Rusiyaya hərbi texnikanın daşınması ilə bağlı iddialarına cavab verib.

Publika.az xəbər verir ki, nazir "İran işi" ilə bağlı səsləndirilən iddiaları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, qeyd edilən avioşirkət sanksiyaya məruz qalmayıb və Gürcüstanın hava məkanından bütün qaydalara uyğun olaraq istifadə edib.

“Bu, dezinformasiya yaymaq üçün növbəti cəhddir. Təəssüflər olsun ki, biz tez-tez yoxlanılmamış, ölkənin maraqlarına xələl gətirməyə yönəlmiş məlumatlar eşidirik. Təbii ki, Gürcüstan beynəlxalq qaydalara tam əməl edir. Gürcüstanın hava məkanından istifadə edən şirkət həmçinin mütəmadi olaraq Avropa ölkələri istiqamətində də uçuşlar həyata keçirir. Sözügedən kompaniya sanksiyaya məruz qalan şirkətlər siyahısında deyil. Buna müvafiq olaraq bizim aviasiya agentliklərimiz və naviqasiya sistemimiz bütün qaydalara uyğun olaraq uçuşa icazə verib”,- deyə Levan Davitaşvili bildirib.

Məlumat üçün bildirək ki, “Vaxtdır!” hərəkatının lideri Elene Xoştariyanın sözlərinə görə, sentyabrın 4-də İran aerodromlarının birindən havaya qalxan təyyarə Gürcüstanın hava məkanını keçərək Moskvaya uçub.

Xoştariya bildirib ki, sözügedən təyyarənin aid olduğu “İran Air” ABŞ-ın sanksiyasına məruz qalan aviaşirkətlər siyahısındadır.
 
 

Ardını oxu...
Kraliça II Elizabetin vəfatından sonra oğlu Çarlzın Böyük Britaniya taxtında əyləşməsi erməniləri narahat edib.

Teleqraf.com xəbər verir ki, ermənilərin bu narahatlığını Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan sosial şəbəkədə dilə gətirib.


Sabiq səfir yeni kralın Türkiyə ilə isti əlaqələrinə diqqət çəkib.

Kral III Çarlzın bir neçə il əvvəl Çanaqqalada Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə çəkilmiş fotosunu paylaşan Qazaryan qeyd edib:

“Kraliçanın ölümündən sonra Böyük Britaniya taxtına 2015-ci il aprelin 24-də - erməni soyqırımının (qondarma – red.) 100-cü ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə hərbi geyimdə Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunmuş şənliklərdə iştirak edən şəxs oturacaq. O vaxt sabiq prezident Armen Sərkisyan Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub”.
Ardını oxu...
Kraliça II Elizabetin böyük oğlu, Uels şahzadəsi Çarlz anası vəfat etdikdən sonra Britaniyanın yeni kralı olub. Kralının mətbuat xidməti onun III Çarlz adını aldığını bildirib.
 
Ardını oxu...
Estoniya rusiyalıların Aİ ölkələrindən hər hansı birinin verdiyi Şengen vizası ilə ölkə ərazisinə girişini qadağan edir. Bu qərar sentyabrın 19-dan qüvvəyə minəcək.

Bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

“Sentyabrın 18-dən 19-na keçən gecə hansı ölkədən Şengen vizası almasından asılı olmayaraq Rusiya vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qoyulacaq. Bu qərar qeyd edilən tarixdə qüvvəyə minəcək. Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız”, – deyə Urmas Reynsalu qeyd edib.

Estoniya xarici işlər nazirinin sözlərinə görə, eyni gündə Litva, Latviya və Polşa da oxşar qadağa tətbiq edəcək. Sentyabrın 7-də Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Baltikyanı ölkələr Rusiya və Belarus sərhədlərindən rusiyalıların öz ərazilərinə girişini məhdudlaşdıracaq. İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, eləcə də ailə məsələləri və humanitar səbəblərdən Baltikyanı ölkələrin ərazisinə daxil olanlara şamil ediləcək.
 
Ardını oxu...
Səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminin detallarının illər öncədən planlaşdırıldığı açıqlanıb.
96 yaşlı II Elizabet vəfat edərsə, onun ölümünün elan edilməsindən bir gün sonra "London körpüsü" adlı plan qüvvəyə minəcək.

Bildirilir ki, hələ 2018-ci ildə Böyük Britaniya kraliçasının vəfatı halında baş tutacaq dəfn mərasiminin məşqi keçirilib. Bu plan həmin vaxt "Pavel kafedralı"nda keçirilən mərasimə qatılan kraliçanın halının pisləşməsindən dərhal sonra hazırlanıb.

"Daily Mail"in xəbərinə görə, adıçəkilən planın hazırlanmasında bəzi yüksək səlahiyyətli şəxslər iştirak ediblər. Plana görə kraliçanın ölümündən sonra 10 günlük matəm elan ediləcək.

Bildirilib ki, BBC Jurnalistika Akademiyasında aparılan hazırlıqlar zamanı həmin günlərdə efirə çıxacaq diktorların geyinəcəkləri paltardan tutmuş, verəcəkləri məlumatlara qədər bütün detallar öyrədilib.

BBC kraliçanın nekroloqunu yaydıqdan sonra dövlət himnini yayımlayacaq. Daha sonra isə bütün kanalların fonunda kraliçanın şəkli yerləşdiriləcək.
Dəfn mərasimi kraliçanın ölümündən 12 gün sonra həyata keçiriləcək. Bu 12 gün ərzində televiziya kanalları əyləncə proqramlarını efirdən yığışdıracaqlar.


Kraliçanın ölümünün rəsmi elanından sonra səsləndiriləcək emosional mahnıların da siyahısı hazırdır.
 
 
 
Ardını oxu...
Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib.

APA-nın Britaniya bürosunun “Sky News“a istinadən xəbərinə görə, kraliçanın səhhətinin pisləşməsindən sonra ailə üzvlərindən Şahzadə Çarlz və Şahzadə Anne, Balmoral qəsrinə gəlib.

Kraliçanın digər ailə üzvlərindən Şahzadə Ulliam və Herri isə Şotlandiyanın Aberdin şəhərindən qəsrə doğru yola düşüblər.

Qeyd edək ki, bu gün Bukinqam Sarayı II Yelizavetanın səhhətinin pisləşdiyini, onun həkim nəzarətinə götürüldüyünü qeyd edib.

BBC telekanlı Kraliçanın Balmoralda tibbi nəzarət altında olduğunu elan etdikdən sonra müntəzəm proqram cədvəlini dəyişib.

O vaxtdan bəri kanal Kraliçanın səhhəti ilə bağlı xəbərlər yayımlayır.
 
Ardını oxu...
“Putin ikili oynayır. Bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?

Putin ikili oynayır. O, bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının bu yolla hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan forumdakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib:

“Onun bu sözlərində yeni heç nə yoxdur, hər zaman söylədiyini, ancaq həllini uzatdılqarını təkrarlayıb. Diqqətimi Paşinyanın başqa sözləri çəkib. O, Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirərkən bunları deyib: “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər”.

Bu sözlərin özü Paşinyanın Rusiya ilə Qərb arasında vurnuxduğunu göstərir. Moskvada Paşinyanı ona görə qərbyönlü kimi dəyərləndirirlər ki, küçə yürüşləri vasitəsilə hakimiyyətə gəlib, bunu isə Kremldə xoşlamırlar. İkincisi, nazirləri mütəmadi Vaşinqtona, amerikalı yüksək rütbəli rəsmilər və diplomatlar isə İrəvana müəmmalı səfərlər edirlər.

Paşinyanın “Ermənistanı Avropada rusiyayönlü kimi təqdim edirlər” ifadəsi isə hekayədir, sadəcə baş nazir bu cümlə ilə özünü sığortalamağa çalışıb. Paşinyan Rusiya və digər tərəflərlə sıx əməkdaşlıq etməklə Ermənistanın regiondakı vəziyyəti nəzarətdə saxlaya biləcəyinə ümid etdiyini və Moskva ilə strateji müttəfiqliyin vacibliyini vurğulayıb. Paşinyan Putinin hüzurunda başqa cür çıxış edə bilməzdi”.
 
 
 
Ardını oxu...
ABŞ ordusu İranla gərginlik fonunda Səudiyyə Ərəbistanda yeni hərbi sınaq poliqonu açmaq planlarını hazırlayır.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Obyekt "müdafiə və hücum şəbəkələrinin inteqrasiyası" çərçivəsində hava və raketdən müdafiə imkanlarını inkişaf etdirəcək və sınaqdan keçirəcək.

Gələcək hərbi obyektin yeri hələ müəyyən edilməyib.

Sınaq mərkəzinin yaradılması ideyası avqustda ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə görüş zamanı CENTCOM-un rəhbəri general Maykl Kurilla tərəfindən irəli sürülüb.
 
Ardını oxu...
Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, - xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Eyni zamanda Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib.
 
 
 
Ardını oxu...
“Rusiyadan Xankəndiyə köçən Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacağını iddia edib: “Vardanyan adlı erməni əsilli rusiyalı milyarderin Xankəndiyə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır.

Sentyabrın 1-dən Ermənistan mediasının monitorinqi onu göstərir ki, hazırda həm hökumət, həm müxalifət, həm də Arutyunyan onun gəlişi və verdiyi bəyanatları şərh etmir. Ermənistanın iqtidar və müxalifət mediası da məsələni geniş şəkildə işıqlandırmayaraq Vardanyanın gəlişinin əsas məqsədini başa üşmək istəyir.

Bəs Vardanyan niyə birbaşa Ermənistana deyil, Xankəndiyə gəlib?

O, yaxşı başa düşür ki, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, bu, cəmiyyətin nəzərində reklam kimi görünəcəkdi. İndiki halda isə söhbət “milyarder Vardanyanın işini-gücünü ataraq Xankəndiyə köçməsi” xalq arasında ən yaxşı piardır. Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orada orta məktəbə gedən, dəfələrlə Türkiyəyə səfər edən Vardanyanın özünü “vətənpərvər” kimi piar etməsinin əsl səbəbi hakimiyyətlə bağlı hədəfidir.

Hesab edirəm ki, Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə gürcü əsilli rusiyalı milyarder İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq”.

Zaur Məmmədov bildirib ki, Paşinyan ailəsi tərəfindən idarə olunun informasiya resursları Vardanyanın gəlişinə ümumilikdə susmaqla, cəmi iki dəfə tənqidlə cavab veriblər:

“Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla, qocaman siyasətbazların Rubenlə uzunmüddətli biznes əlaqələri olub. Köçəryan indiki halda yaxşı başa düşür ki, Ermənistanda Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Köçəryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc edirlər

Digər yandan, Vardanyanın Ermənistana gəlməsinin Ukraynadakı müharibə ilə minimum əlaqəsi var. Hələ 2021-ci ilin yayında Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi.

Xatırladım ki, son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən Vardanyanın kompaniyalarına qarşı yoxlanmalara başlanılıb. Hətta 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı açıq məktubla Avropa Komissiyasının o vaxtkı rəhbərinə müraciət də etmişdilər. Onun şirkəti 80 dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, “çirkli pullar”ın yuyulmasında günahlandırılır”.
 
Ardını oxu...
Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Rusiya səfirliyinin konsulluq xidmətinin önünə edilən kamikadze hücumu nəticəsində azı 8 nəfər həlak olub, 15-dən çoxu yaralanıb. Ölənlərdən 2-i Rusiya səfirliyinin əməkdaşıdır.

Terror hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, baş şübhəli “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasıdır.

Cari ilin əvvəllərindən Əfqanıstanla yanaşı, Mərkəzi Asiyada da xeyli fəallıq göstərən “Xorasan Vilayəti” paylaşdığı son videolarda Rusiyanı açıq-aşkar təhdid edirdi. Aydındır ki, Xorasançılar Rusiyanın əsas diqqətini Ukrayna cəbhəsinə cəmləşdirməsini Mərkəzi Asiyadakı dayaqlarını gücləndirmək fürsəti olaraq görürlər.

Digər tərəfdən, son həftələrdə Taliban rəsmilərinin yanacaq və taxıl alınması üçün Rusiya ilə danışıqlar apardığı məlum idi. Belə olduqda, bugünkü hücumun Rusiya-Taliban əlaqələrini hədəf aldığı barizdir.

Son hücum bir və bir neçə mesaj xarakteri daşıya bilər. Əslində hadisəyə sırf İŞİD çərçivəsindən baxdıqda Suriyada illərdir Rusiya ilə münaqişədə olan İŞİD-in daha əvvəlki periodlarda Xorasan bölgəsində də Rusiyaya qarşı açıq hücumlar təşkil etməsi gözlənilən idi. Hadisələrin inkişafı isə Rusiyanın Əfqanıstanda möhkəmlənməsini istəməyən və Mərkəzi Asiyada statuskvonun dəyişməsində maraqlı olan xarici qüvvələrin aktiv şəkildə bu istiqamətdə hərəkət etməyə başlaması ehtimalını da istisna etmir.

“Şərqə Baxış” Analitik Mərkəzi

 

Dünyapress TV

Xəbər lenti