İranda qadınlar “diktatora ölüm” qışqırır – VİDEO
Sentyabrın 18-də İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəc şəhərində ikinci gecə küçələrə çıxaraq 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz ediblər. Əmini hicab qaydalarını pozmaq iddiaları ilə polisə aparılandan bir neçə gün sonra – sentyabrın 16-da vəfat edib.

İnternetdə yayılmış həvəskar videolarda bir qrup qadın etirazçı hicablarını çıxararaq “diktatora ölüm” qışqırır. Onların Ali dini lider Ayətullah Əli Xameneyini nəzərdə tutduğu güman edilir.

Polis maşınında döyüldüyü deyilir
Polisin etirazçıları dağıtmaq üçün havaya atəş açdığı, gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. İranın qərbində kürdlərin yaşadığı ərazilərdə monitorinq aparan “Hengaw” İnsan Haqları Təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.

Azı 9 etirazçının xəsarət aldığı bildirilir.

Sentyabrın 16-da həkimlər Əmininin beyin fəaliyyətinin dayandığını bildirib. O, xəstəxanaya yerləşdiriləndən sonra komaya düşmüşdü.

Qərbi Kürdüstan vilayətindən Tehrana qohumlarını görməyə gedən Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıb. Onun həbsinin şahidi olanlar jurnalistlərə danışıblar ki, Əmini saxlanma mərkəzinə aparılarkən polis maşınında döyülüb.

Nazirin iddiası
İran polis sentyabrın 19-da Əmininin ölümünü “bədbəxt hadisə” adlandırıb, bunun təkrarlanmasını istəmədiklərini deyib.

Daxili işlər naziri Əhməd Vahidi isə Əmininin daha öncə xəstəliyi olduğunu, hicab polisinin “saxlananları döymək üçün aləti olmadığını” iddia edib.

Hakimiyyətin təhdidinə baxmayaraq, Kürdüstanda, Qərbi Azərbaycan və Əlborz vilayətlərində şirkətlər, dükan sahibləri tətilə çıxıb, mağazalar qapadılıb.

İranda Əxlaq Keşikçiləri getdikcə fəallaşır, zorakı olurlar. Sosial mediada yayılan videolarda polislər qadınları saxlayır, maşınlara mindirərək harasa aparırlar.

1979-cu il İslam İnqilabından sonra İranda qadınların ictimaiyyət arasında hicab taxması məcburidir. Ancaq qadınların çoxu illərdir bu qaydadan yayınır.

Dünyapress TV

Xəbər lenti