Cahangir Əsgərovun həyat yoldaşına vəzifə verildi
Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir, yalnız 4 ildən bir seçkilər 29 fevral tarixində təşkil olunur.

Bu il Caspian Energy Club-ın İdarə heyətinin üzvlərinin növbəti seçkiləri 29 fevral tarixində başlayıb və iki gün davam edib. Ümumi səslərin sayı 1059 nəfər təşkil edib. Onlardan 971 səs anket formatında, 88-i isə onlayn formatda səs verib.

Bu barədə Caspian Energy Club-un Sədrinin Birinci müavini və qrupun Baş Maliyyə direktoru Rasim Mahmudov məlumat verib.

Rasim Mahmudovun sözlərinə görə, “iki günlük səsvermə nəticələrinə əsasən Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelli Group), Rəşad Abasov (ASE Şirkətlər Qrupu), Natiq Paşayev (Caspel), Fariz Sultan-Əhmədi (By Mygroup Holding), İlqar Nuriyev (Veysəloğlu), Əsəd Nəsrullayev (Debet Safety) və Səbinə Əliyeva (GHRS) daxil olublar.

Seçkilərin yüksək səviyyədə və şəffaf keçirilməsini təmin etdiklərinə görə FCHAİN Corporation-a və şəxsən Baş Direktor Müavini Valid Hüseynova təşəkkürümü bildirirəm. Qeyd edim ki, seçkilər zamanı nəticələrin hesablanmasını beynəlxalq standartlara uyğun olaraq təmin etdilər.

İdarə Heyətinin sədri vəzifəsinə 319 (30.12 %) səs sayı ilə Telman Əliyev seçilib. Yaxın vaxtlarda İdarə Heyətinin üzvlərinin ilk iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində qurumun növbəti il üçün fəaliyyət strategiyası, eləcə də qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək. Həmçinin, Caspian Energy Club-ın yeni İdarə heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların və regional nümayəndəliklərinin rəhbərləri təyin olunacaq”, - deyə Rasim Mahmudov bildirib.

“2023-cü il bizim üçün çox uğurlu, pozitiv və səmərəli keçdi. 1 il ərzində biz dünyanın 20 ölkəsində 150-dən çox tədbir təşkil etdik. 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu üçün Azərbaycandaki 100-cü tədbiri təntənəli sürətdə Gülüstan sarayında keçirdik.
Ümidvaram ki, biz yeni ildə də Caspian Energy Club-da mövcud olan ailə mühitini, müsbət ab-havasını, yüksək intensivliyini, səmimi, səmərəli və müsbət networking imkanlarını qoruyub saxlaya biləcəyik”, - deyə Rasim Mahmudov bildirib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club” International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Qeyd: Zərifə Həmzəyeva (Gazelli Group)
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Dünyapress TV

Xəbər lenti