Xankəndi kömək üçün Bakıya müraciət edəcək
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məsuliyyət zonasında gərginlik qarşıdurma həddinə çatıb.

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yükün qarşısını kəsən qondarma rejimin rəhbərliyində ardıcıl istefalar baş verir. Fransanın və Ermənistanın erməni əhaliyə yardım adı altında Qarabağa müdaxilə cəhdləri Xankəndində baş verən ziddiyyətlərə mane ola bilməyib. Bölgədə yaranmış vəziyyətin hərbi toqquşma müstəvisinə keçəcəyi proqnozlaşdırılır.

DİA.AZ xəbər verir ki, proseslərin səbəbini və mümkün nəticələrini təhlil etmək üçün “Cümhuriyət” qəzetinin suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

- Qondarma rejimin rəhbəri Araik Arutyunyan və “dövlət naziri” istefaya gedib. Bu ardıcıl istefalar müəyyən qədər gözlənilsə də, ciddi səbəbləri var. Ona görə də yeni siyasi şərait yarada bilər. Xankəndidə nə baş verir?

- Birincisi, qeyd edim ki, biz yeni şəriatdə Ermənistanın ilhaq siyasətinin davamını görürük. Çünki xunta rejiminin məsul şəxsləri əslində, Ermənistanın büdcəsindən maliyyələşən məmurlardır. Onlar Ermənistanın siyasətini həyata keçirməyə çalışırlar. Bu baxımdan, həm beynəlxalq səviyyədə, həm o bölgədə atılan addımların reallıqdan uzaq olduğunu göstərən bir-iki misal çəkmək istəyirəm. Məsələn, onlar Fransanın dəstəyi ilə BMT-də onlar Laçın yolunun açılmasına dair qətnamənin qəbuluna çalışsalar da buna nail ola bilmədilər.

Diplomatik ifadələri kənara qoysaq, deyə bilərik ki, bu, çox sadə məsələdir. Tələb ondan ibarətdir ki, Azərbaycan özünün suveren hüquqlarından imtina edib onu Rusiya sülhməramlı qüvvələrinə versin. Beynəlxalq vəziyyəti nəzərə alsaq, Rusiyanın xeyrinə bu cür cəhd kiminsə tərəfindən dəstəklənə bilərmi? Həmin regionda həyata keçirilən siyasətə nəzər salsaq, Ermənistanın sözügedən məmurları əhaliyə çağırışlar edir ki, siz acından ölün, biz də dünyaya Azərbaycanın bizi humanitar “blokada”ya aldığını sübut edə bilək. Adi insanlar da fikirləşəcək ki, ya buradan qaçmaq lazımdır, ya da onlara qarşı səsini qaldıracaq. Artıq bu proses baş verir.

Çünki “hamımız gəlin intihar edək” deyilməsi anormal haldır. Bu baxımdan, biz ermənilərin siyasi xəttini məntiqlə təhlil etsək görərik ki, çox böyük daxili ziddiyyətlər var. Bu bölgədə də həmin ziddiyyətlər ortaya çıxır. Nəticədə, ermənilərin arasında bölünmə baş verəcək. Hesab edirəm ki, sağlam düşüncəli insanlar görəcəklər ki, bu ünsürlər onları ölümə və uçuruma aparır. Mən istisna etmirəm ki, hansısa mərhələdə qondarma rejimin nəzarətdə saxladığı ermənilər arasında siyasi qarşıdurma və toqquşma baş verəcək. Azərbaycan da hanısa mərhələdə sağlam qüvvələrə kömək edə bilər. Fikrimcə, Azərbaycanın hazırda təmkin nümayiş etdirməsi də bununla bağlıdır.

- Hesab edirsiniz ki, Araikin istefaya getməsi və ya buna məcbur edilməsi Ermənistan hakimiyyətindən, yaxud digər xarici siyasi mərkəzlərdən gəlmiş siyasi sifariş deyil, daxili amillərlə bağlıdır?

- Biz gərək bölgədəki siyasi mühiti bölməyək. Qeyd etdim ki, radikal qüvvələr Ermənistanın xidmətində olan adamlardır. Onlar ilhaq siyasətini həyata keçirmək cəhdlərini davam etdirirlər.

- Amma biz son günlər Azərbaycana qarşı radikal çağırışların artması və Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin göndərilməsinə qarşı baş verən müqavimət radikal qüvvələrin mövqelərini möhkəmlədən səbəblər kimi çıxış edir. Amma dediyiniz ziddiyyətlər fonunda müşahidə olunan istefalar bu müqaviməti zəiflədəcəkmi?

- Biz ziddiyyətli çağırışlar eşidirik. Azərbaycana qarşı sərt bəyanatlarla yanaşı, reallığı əks etdirən çağırışlar da var. Məsələn, Araik belə bir fikir səsləndirdi ki, bizim seçimimiz çox sadədir-ya döyüşməli və hamımız məhv olmalıyıq, ya Azərbaycana tabe olmalı, ya da buradan çıxıb getməliyik. Əslində, bu, çox realist bir yanaşmadır. Bu fikir Azərbaycanın siyasi mövqeyinə də yaxındır. Cənab Prezident də dedi ki, kim istəyir Azərbaycanın vətəndaşlığını qəbul etsin, kim istəmir gedə bilər. Araik təxminən bu mövqeyə yaxın sözlər söyləyib. Sadəcə, o əlavə etdi ki, hərbi qarşıdurma ermənilərin məhvinə gətirib çıxaracaq. Bu da həqiqətə uyğundur. Çünki onların Azərbaycan Ordusuna müqavimət göstərmək üçün heç bir imkanı yoxdur.

- Fransanın bölgədə qızışdırıcı son addımları, humanitar yüklər göndərməsi, məsələni yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxartmaq cəhdləri Qarabağdakı ermənilər arasında müəyyən ümidlər yaradıb. Belə bir vaxtda qondarma rejimin rəhbərliyində yaranmış siyasi böhran gərginliyi səngidə biləcəkmi?

- Fransanın məqsədi Laçın yolunun Rusiyanın nəzarətinə keçməsinə şərait yatarmaqdır. Əslində, plan bundan ibarətdir. Hiss olunur ki, ermənilər də bunu istəyir. Fransa ona görə də bölgəyə humanitar yardım adı altında regiona müdaxilə etməkdə israr edir. Fransa Rusiyanın imkanlarından istifadə edərək öz bayrağını bölgəyə gətirmək istəyir. Çünki hamı başa düşür ki, Rusiya ciddi siyasi böhran qarşısındadır və onun Cənubi Qafqazda qalmaq həvəsi sual altındadır. Ona görə də Fransa hansısa mərhələdə Rusiyanı əvəz etmək niyyətindədir.

Paris yaxşı başa düşür ki, Rusiya regionu tərk etsə, onu əvəz edəcək geosiyasi güc mərkəzi Türkiyə olacaq. Artıq Ağdamda bu missiya mövcuddur. Yəni proseslərin səbəbi budur. Ermənilər də başa düşür ki, onlar bu “oyun”da xərclənir. Ona görə də yerdə qalan 20-30 min erməni gedən proseslərin qurbanı ola bilər. Fransanın təxribatçı fəaliyyətinin məqsədi ondan ibarətdir ki, Rusiya sülhməramlı qüvvələri ən azı sözügedən prosesdə yaxından iştirak etsin. Rusiyanın hansısa mərhələdə buna müsbət reaksiya verəcəyini istisna etmirəm. Biz Fransa və Rusiyanın bu məsələdə birləşməsinə imkan verməməliyik.

- Humanitar yüklərin göndərilməsi ilə bağlı yaranmış gərginlik həm Azərbaycan- Ermənistan sülh prosesini, həm də Qarabağdakı erməni sakinlərin reinteqrasiya istiqamətində dialoqu dalana dirəyib. Yüklərin ünvanına çatmaması bu vəziyyəti daha da çətinləşdirir. Problemdən çıxış yolu var, yoxsa gərginlik artan xətt üzrə gedəcək?

- Mən siyasi dalanın olduğunu düşünmürəm. Bölgədə siyasi qarşıdurma var. Bu qarşıdurma əvvəllər özünü müxtəlif danışıqlar prosesində büruzə verirdi. Amma real danışıqlar yoxdur. İndi isə ermənilər bəzi vasitələrlə danışıqlarda hansısa mövqelər əldə etmək istəyirlər. Yəni müharibədə itirdiklərini öz havadarlarının köməyi ilə siyasi baxımdan əvəzləməyə çalışırlar.

- Azərbaycanın göndərdiyi yardım yolda qalıb və Xankəndinə buraxılmır. İndi əsas sual Azərbaycanın bundan sonra nə edəcəyi ilə bağlıdır. Sizcə, ermənilər 40 ton unu könüllü qəbul edəcək, yoxsa Azərbaycan buna mane olan qondarma rejimə qarşı antiterror əməliyyatına başlamalı olacaq?

- Qondarma rejim erməni əhaliyə hamılıqla acından ölməyi təklif edir. Bu ssenarini qəbul edən olmayacaq. Onların arasından qarşıdurma gücləndikdən sonra Azərbaycan müəyyən mərhələdə radikallara qarşı çıxan qüvvələrə dəstək verəcək. Ölmək təklifi ilə razılaşmayanlar sonda öz səslərini çıxaracaqlar. Proses buna doğru gedir. Qarşıdurma açıq müstəviyə keçdikdən sonra kömək üçün Azərbaycana müraciət edənlər olacaq. Çünki onlar nə Fransadan, nə də Rusiyadan xeyir gəldiyini görəcəklər.

- Fransa və Ermənistan Azərbaycana “humanitar” adı altında müdaxilə etməyə cəhd göstərir. Beynəlxalq humanitar hüquq buna yol verirmi?

- Azərbaycan ərazisində humanitar problem varmı? Biz bütün dünyanın gözü qarşısında onlara yol da veririk, ərzaq da. Xankəndidə oturub bu kampaniyanı aparanlar indi cavab versinlər görək çörək nə üçün yoxdur? Un var, götürüb çörək bişirsinlər, versinlər əhaliyə.

- Deməli, biz əmin ola bilərik ki, 40 ton unun göndərilməsi Fransanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə Azərbaycanın lehinə işləyəcək...

- Əlbəttə. Onlar bu yükü qəbul etsələr də, etməsələr də artıq ifşa olunublar. Yəni Azərbaycan sübut edib ki, “blokada”nı yaradan biz deyilik. Bunun səbəbi cinayətkar rejimin daxilində yaranmış qarşıdurmadır. Görürlər ki, təxribat alınmadı.

Dünyapress TV

Xəbər lenti