“QƏRB UKRAYNAYA DƏSTƏYİ İKİQAT ARTIRIR” –
Ukrayna Silahlı Qüvvələrinin əks hücumu: əsassız gözləntilər nədən ibarətdir? Qərb paytaxtları Ukraynanın qələbəsinə mane olmağa başlayıbmı?

“AzPolitika.info” xəbər verir ki, “Svoboda.org” saytının bu və digər suallarını hərbi ekspert, Virciniyadakı Leksinqton İnstitutunun vitse-prezidenti Den Qure cavablandırıb.

Müsahibəni ixtisarla təqdim edirik:

- Bu yaxınlarda ABŞ mediasında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun gələcəyi ilə bağlı narahatedici başlıqlar yayılıb. Avqustun 17-də bir sıra nəşrlər Amerika kəşfiyyatının analitik hesabatı ilə bağlı məlumat dərc etmişdilər ki, Ukrayna ordusu, görünür, onun strateji vəzifəsi sayılan əks-hücum zamanı Melitopola çata bilməyəcək. Tənqidi nəşrlər bir neçə gün sonra Pentaqondakı mənbələrə istinadən yazıblar ki, Qərb tərəfdaşları Ukrayna komandanlığının əsas zərbə istiqamətinə kifayət qədər qüvvə cəmləmədiyinə inanırlar. “New York Times”ın məlumatına görə, ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri və onların britaniyalı həmkarları ukraynalıları strategiya və taktikalarını dəyişməyə çağırıblar. Avqustun əvvəlində isə CNN telekanalının keçirdiyi sorğuda amerikalıların əksəriyyəti Konqres tərəfindən Ukraynaya hərbi yardımın davam etdirilməsinin əleyhinə çıxış edib. Bu məlumatlara münasibətiniz necədir?

- Mənə təəccüblü görünür ki, bir çoxları əks-hücumun asan addım olacağına inanaraq, Ukrayna ordusunun tez uğur qazanacağını gözləyirdilər. Bu əməliyyatların ötən il Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu üçün tam sürprizlə nəticələnən əks-hücum əməliyyatına bənzəyəcəyini gözləmək mümkün deyildi. İndi ukraynalılar düşmənin müdafiəsini dərindən yarırlar. Rusların müdafiəyə hazırlaşmaq üçün kifayət qədər vaxtı var idi. Görünür, Kaxovka su elektrik bəndinin partladılması Rusiyanın müdafiə strategiyasının bir hissəsi idi. Çünki bu, Ukrayna komandalığını ölkənin Rusiya tərəfindən işğal olunmuş cənub əraziləri ilə Krım arasında quru əlaqəsini kəsmək üçün zərbənin istiqamətini dəyişməyə məcbur edə bilərdi. Ki, bu da Ukrayna ordusu üçün əlavə çətinliklər yaradıb. Belə bir şəraitdə cəbhədəki hazırkı vəziyyət tamamilə başadüşüləndir. Mənə daha vacib görünür ki, indiyədək əks-hücum əməliyyatının təvazökar nəticələrinə baxmayaraq, Qərb paytaxtları, o cümlədən Vaşinqton Ukraynaya silah tədarükünü genişləndirir. Məsələn, Kiyevin bir müddət əvvəl inanılmaz görünən F-16 qırıcıları alacağı artıq aydındır. Mən deyərdim ki, Qərb Ukraynaya dəstəyini ikiqat artırır. Unutmayaq ki, bir neçə aydan sonra ABŞ-da prezident seçkiləri kampaniyasının aktiv mərhələsi başlayacaq. Belə bir vəziyyətdə Bayden administrasiyasının Ukraynaya dəstəyi zəiflətmək qərarına gəlməsini təsəvvür etmək mümkün deyil. Çünki o, sadəcə olaraq, kobud desək, “ikinci Əfqanıstanın” bədəlini ödəyə bilməz. Ukraynaya dəstəkdən hər hansı bir geriçəkilmə Co Bayden üçün siyasi fəlakət olardı. Bundan əlavə, Kiyevin dəstəyi həm də NATO-nu toplayan amildir ki, Bayden də buna görə geri addım atmaz. Yəni, məncə, Kreml ən azı yaxın il yarım ərzində Vaşinqtonun Ukrayna siyasətində hər hansı dəyişiklik gözləməməlidir.

– Son vaxtlar CNN-in sorğusu haqqında çox danışılır, ona görə də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ilk dəfə sorğuda iştirak edən amerikalıların kiçik hissəsi Kiyevə əlavə maliyyənin dayandırılmasının lehinə danışıb. Düzdür, bir ay əvvəl “Gallup”un keçirdiyi sorğuda respondentlərin üçdə ikisi Ukraynaya yardımın tərəfdarı idi. Bu cür sorğular siyasətçilərin davranışına təsir edə bilərmi?

– İctimai dəstəyin zəifləməsi nəzərə çarpır, lakin bu, çətin ki, gələn ilin sonuna qədər Ukraynaya yardımın səviyyəsinə təsir etsin. Amma 2024-cü ilin sonuna qədər vəziyyət dalana dirənsə, o zaman çox şey dəyişə bilər. Bununla belə, düşünürəm ki, yaxın aylarda Kiyevə dəstəyimiz artacaq. O, daha uzun mənzilli raketlər və digər güclü silahlar alacaq. Ukrayna ordusu pilotsuz təyyarələrdən, öz istehsalı olan raketlərdən, dəniz dronlarından istifadədə innovativdir, effektiv fəaliyyət göstərmək qabiliyyətini sübut edib və ondan çox şey gözləmək olar.

- Bəs ABŞ Konqresində Amerikanın Ukraynaya yardımını tənqid edənlərin mövqeləri nə dərəcədə ciddidir?

- Görünən odur ki, Konqresdə hökm sürən əhval-ruhiyyə Ukraynanın dəstəklənməsinin tərəfdarıdır. Amerikanın Kiyevə yardımını tənqid edənlərin əksəriyyətinin qaldırdığı sual bu yardımın davam edib-etməməsi deyil, onun necə və nəyə xərclənməsi, Ukraynaya ayrılan böyük vəsaitlərin nə dərəcədə səmərəli istifadə olunmasıdır. Məsələn, ABŞ-dakı qanunvericilər əmin olmaq istəyirlər ki, ABŞ-ın Ukraynada sosial müavinətlərə xərclədiyi pullar oğurlanmayıb, təyinatı üzrə istifadə olunur. Və bu, məncə, ağlabatan yanaşmadır.

- Amerikanın gələcək hərbi yardımı cəbhə xəttindəki vəziyyətə ciddi təsir göstərə bilərmi?

- Bizim Ukraynaya bu qarşıdurmada qalib gəlməyə kömək edəcək alətlərimiz var. İlk növbədə, bunlar hava dəstəyi və daha uzaq mənzilli raketlər, həmçinin tanklar, piyadaların döyüş maşınları və zenit-raket sistemləridir. Bütün bu silahlar Kiyevə çatdırılır və ya tezliklə çatdırılacaq. Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək, çünki Böyük Britaniya və Fransa “Storm Shadow” və SCALP raketlərinin tədarükünə başladıqdan sonra Bayden administrasiyasının Ukraynaya F-16 döyüş təyyarələri və ATACMS raketləri vermək qərarını gecikdirmək üçün heç bir bəhanəsi olmayacaq. Mənə elə gəlir ki, bir neçə ay ərzində müvafiq qərar veriləcək.

- Bəs Amerika mətbuatında Ukrayna əks-hücumunun o qədər də uğurlu olmadığı barədə silsilə xəbərlərin qəfil peyda olmasını necə izah edirsiniz? Ukrayna liderləri hətta onlara cavab verməyi lazım bildilər. Bu, Vaşinqtonun Ukrayna strategiyasını yenidən nəzərdən keçirməsinin göstəricisi ola bilərmi?

– Mən strategiyaya yenidən baxılacağını düşünmürəm. Əksinə, bu məsələlərin qabardılması faktının özü Bayden administrasiyasına Ukraynaya dəstəyin artırılmasının zəruriliyi barədə bir növ xatırlatma kimi qəbul edilə bilər.

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti