“Azərbaycan ermənilərə bundan artıq nə güzəşt etsin?!”
Həftələrdir ki, Laçın yolu ətrafında gərginlik hökm sürür. Ermənistanın “Qarabağda humanitar böhran” şousu, “Azərbaycan humanitar yükləri Xankəndiyə buraxmır, Qarabağdakı ermənilər acından ölür” kampaniyası gərginliyi bir qədər də artırmış oldu.

Ermənistanın bu istiqamətdə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciəti, Şuranın təcili iclasının keçirilməsi də kampaniyanın tərkib hissəsidir. İrəvan BMT TŞ-nin iclasında Azərbaycana qarşı qətnəmənin qəbuluna nail olmasa da, bəzi dövlətlərdən və beynəlxalq təşkilatlardan Laçın yolunun açılması, “blokadanın” aradan qaldırılması çağırışları edilməkdədir.

Azərbaycanın bu istiqamətdə mövqeyi bəllidir. Rəsmi Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib - hansı ki, Ermənistan və Qarabağdakı xunta rejimi bunu qəbul etmir. Laçın yolundan isə Qarabağın erməni sakinlərinin sərbəst gediş-gəlişi təmin olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycan Laçın yolu ilə bağlı hazırkı mövqeyindən çəkilməyəcək.

TEREF.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, hazırda Laçın yolunda hər şey qaydasındadır:

- Azərbaycan sərhədçisi keçid postunda dayanıb, ikitərəfli keçidə nəzarət edir. Kim Ermənistandan gəlirsə, sənədlərini təqdim edir, buraxırlar. Kim Xankəndidən İrəvana gedirsə də, eyni ilə, sənədləri yoxlanılır, problem yoxdursa, axtarışda deyilsə, buraxılır. Hətta mən deyərdim ki, onlara güzəşt edilir. Bu gün heç Azərbaycan vətəndaşları quru sərhədi ilə xaricə gedə, ölkəyə gələ bilmirlər. Ermənilər sərhəddən sərbəst keçirlər, daha bundan artıq nə hörmət edilməlidir?! Bu gün də mən xəbərlərdə gördüm, Qarabağın erməni sakinlərindən bir xeylisi Ermənistan tərəfə keçdi. Onların əksəriyyəti səhv etmirəmsə, İrəvanda oxuyan tələbələr idi və s. Yəni ki, Laçın yolu normal rejimdə, Azərbaycanın istəklərinə uyğun işləyir.

- Sərhəddə həmçinin 22 TIR dayanıb və Ermənistan “humanitar böhranın qarşısının alınması məqsədilə” yüklər gətirildiyini, Azərbaycanın bu yükləri buraxmadığını iddia edir...

- Bunun bizə nə dəxli var? TIR-lar dayanıb, dayansın, bizim nəyimizə lazımdır! Biz o maşınları dəvət etməmişik ki... Hər kəs anlayır ki, “humanitar böhran” uydurmadır, şoudur, məqsədlidir. İddiaları doğrudursa, o zaman Ağdam-Xankəndi yolu təklif edilib, oradan istifadə etsinlər. Yemək üçün yolun nə fərqi var?! Hər yükü sərhəddən keçirməliyik ki?

- Beynəlxalq aləmdən Azərbaycana yüklərin buraxılması çağırışları var. Sizcə, rəsmi Bakının hazırkı mövqeyində dəyişiklik olacaq?

- Azərbaycanın mövqeyi açıq şəkildə bəyan edilib: humanitar gediş-gəliş üçün Laçın yolundan istifadə edilə bilər. Dediyim kimi, istifadə də edilir. Yəni xəstə bir erməni İrəvana gedir, oradan Xankəndiyə qayıdır, buna icazə var, istifadə də edirlər. Amma Azərbaycanın ərazisinə hansısa yük gətirirlərsə, o zaman Ağdam-Xankəndi yolundan istifadə etsinlər. Ağdam-Xankəndi yolunun nəyi pisdir ki? Əslində bu yol daha yaxındır. Yəni ki, Bakının şərti budur: yüklər Ağdam-Xankəndi yolu ilə aparılacaq, vəssalam! Hesab edirəm ki, bu mövqe dəyişməyəcək. Azərbaycan öz suveren hüquqları çərçivəsində addımlar atır. Qarabağda heç bir humanitar böhran yoxdur, kimsə acından ölmür. Qarabağın erməni sakinləri içərisində hansınınsa problemi varsa, bunun günahkarı hərbi xunta rejimidir.

- Rejim icərisində də qarşıdurmaların baş verdiyi xəbərləri var. Qarabağda xunta rejimi daxilində nə baş verə bilər?

- Orada deqradasiya gedir. Hesab edirəm ki, xuntaya xidmət edən insanlar, əslində, Ermənistana bağlı şəxslər silahı qoyub çıxıb getməlidirlər. Ağılları varsa, bu addımı atmalıdırlar. Təbii ki, onlar qanun qarşısında cavab verəcəklər – bu, qaçılmazdır.

Sadə ermənilərə gəlincə, onların işinə də Azərbaycan baxacaq, görək hansı cinayətlər törədiblər, cinayətlərdə əlləri varmı və s. Əgər cinayət törətməyənləri varsa, yaxud yüngül cinayət törədiblərsə, bəlkə, onlara amnistiya tətbiq edildi. Yüngül cinayət dedikdə, məsələn, mitinqdə iştirak edibsə, ona bənzər cinayət edibsə, onların amnistiyası ola bilər. Soyqırımı cinayətlərində, qətliamlarda iştirak edənlərdən söhbət getmir. Amnistiya olunanlar, vətəndaşlığı qəbul edənlər “ASAN Xidmət”də mülkünü qeydiyyata salacaq, istəsə - qalıb yaşayacaq, istəsə - satıb gedəcək və s. Vəssalam, bunun başqa yolu yoxdur!
 
 
 

Dünyapress TV

Xəbər lenti