Neyrocərrah Dr. Tural Hidayətov ittihamlara cavab verdi - FOTOLAR
Neyrocərrah Dr. Tural Hidayətov ittihamlara cavab verdi -
“Baku Medical Plaza” xəstəxanasının uzman neyrocərrahı Dr. Tural Hidayətovla bağlı sosial mediada ittiham yayılıb. Xəstə yaxını həkimin etdiyi əməliyyat nəticəsində atasının iflic olduğunu iddia edir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya müsahibə verən Tural Hidayətov ittihamlara dair suallarımızı cavablandırıb.

-Tural həkim, bir xəstə yaxını atasını iflic etdiyinizi yazıb. İstərdik bu məsələyə aydınlıq gətirəsiniz. Həmin şəxsdə hansı xəstəlik vardı?

-Söhbət 67 yaşlı pasiyentim Knyaz Eminovdan gedir. Müayinə nəticəsində tromboz olmuş böyük ölçülü “MCA M1” seqmenti (orta beyin arteriyası) anevrizması (damar balonu), sağ gicgah payında ödəm və ödəmə bağlı epileptik tutma aşkar olundu. İyunun 25-də xəstəxanaya yatışı qeydə alındı. Sabahı gün əməliyyat etdik.

-Hansı əməliyyatı icra etdiniz?

- Kraniotomiya- mikrocərrahi üsulla anevrizmanın kliplənməsi əməliyyatını.

-Əməliyyat necə keçdi?

-Əməliyyat fəsadsız keçdi.

-Bəs sonra hansı fəsad yarandı?

-Əməliyyatdan sonra xəstədə hemiparez (sağ tərəfin qüvvətsizliyi) formalaşdı. Səbəbi əməliyyat sırasında görülməyən millimetrik damarların (lentikulostriat arteriyalar) tromboz ve ya spazma getməsidir. Bu növ anevrizmalarda (böyük ölçülü tromboze MCA anevrizmaları) bu cür infarktlar yarana bilər. Yəni belə bir risk var. Ancaq əksər hallarda fizioterapiya ilə 3-6 ay ərzində bərpa olurlar.

-Xəstə yaxını bu fəsadın yaranmasında sizi ittiham edir. Bu haqda nə deyərdiniz?

-Təbii ki, əsassız bir ittihamdır! Xəstədə bu fəsad yarananda yaxınları bizə müraciət etmədən bu cür əsassız ittihamlar irəli sürməyə başladılar. Halbuki müraciət etsəydilər, onlara da ətraflı izah edə bilərdik. Belə bir risk vardı və təəssüf ki, baş verdi. Yəni xəstənin iflic olmasında həkimi təqsirləndirmək yanlış və haqsızlıqdır. Bu, həkim xətası deyil.

–Əməliyyatdan öncə belə bir fəsadın baş vermə riski haqqında xəstə və yaxınlarına məlumat vermişdiniz?

-Əlbəttə ki! Bilirdilər. İflic, koma, hətta ölüm riskləri barədə yazılı məlumat da verilib. Xəstə və yaxınları həmin məlumatları oxuyaraq imzalayıblar.

-Xəstə əməliyyat üçün ödəniş etmişdi?

-Xəstə yalnız xəstəxana xərcləri üçün ödəniş edib. İki həmkarlarımın yaxın qohumu olduğu üçün əməliyyatı pulsuz icra etmişəm. Fakturalarla bunu əsaslandıra bilərik.

-Xəstə yaxını xəstəxananın bacısını təhdid etdiyini də iddia edir.

-Xəstə yaxınlarından biri bizim xəstəxanada tibb bacısı vəzifəsində çalışır. Guya bizim rəhbərlik onu işdən çıxarmaqla təhdid edib. Əlbəttə ki, bu yalan məlumatdır. Xəstə üçün beynəlxalq protokola uyğun doğru əməliyyat icra olunub. Lakin qeyd etdiyim kimi belə bir əməliyyatda bu cür risklər vardı. Xəstə və yaxınları bunu bilirdi. Xəstəlik və əməliyyatla bağlı foto və videoları da təqdim edirik.
1688746015_1.jpg
1688746017_2.jpg
1688746021_3.jpg
1688746023_4.jpg
1688746025_5.jpg
1688746034_6.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti