“İrəvan Azərbaycanın təkliflərini qəbul etməlidir”
Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

Onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

Həmçinin, etirazçılar Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidən keşik çəkiblər. Paşinyan yalnız polisin müdaxiləsindən sonra məzarlığa daxil olub. Polislə qarşıdurma nəticəsində 30 nəfərin saxlanıldığı açıqlanıb.

Görünən odur ki, Ermənistandakı daxili vəziyyət getdikcə ağırlaşmağa davam edir. Artıq əsgər ailələri övladlarını müharibədə itirmək istəmirlər və buna görə də addımlar atırlar.

Hətta orada valideynlərlə polis arasında da tez-tez qarşıdurmaların yaşandığı müşahidə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, proseslərin bu şəkildə davam etməsi Ermənistanın orduya əsgər tapmaqda çətinlik yaşamasına gətirib çıxara bilər. Reallıq budur ki, erməni əhalisi revanşistlərdən fərqli olaraq artıq müharibə istəmir. Çünki müharibənin onlar üçün necə böyük fəlakətlərə yol açdığını çox yaxşı başa düşürlər. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistandakı mövcud vəziyyət məhz ölkədəki siyasi-hərbi rəhbərliyin yarıtmaz fəaliyyəti, ordudakı özbaşınalıq və Nikol Paşinyanın xarici siyasətdəki uğursuzluqlarla bağlıdır:

“Paşinyanın qeyri-stabil siyasəti Ermənistanı ağır vəziyyətə salıb. Digər tərəfdən, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın nəticələri də erməni cəmiyyətini tamamilə iflic hala salıb. Məhz Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki “S-300” kompleksinin atıcı qurğusu, radiolokasiya stansiyası, çoxlu sayda hərbi obyekti, onlarla döyüş məntəqəsi və 100-dən artıq canlı qüvvəsi məhv edilib. Hətta Ermənistan hakimiyyəti onların bir çoxu haqqında məlumat da vermir. Artıq ölkənin daxilindəki revanşist qüvvələr və əsgər anaları cəmiyyətləri hər gün Ermənistan parlamenti qarşısında mitinqlər keçirirlər. Onlar övladlarını hərbi xidmətə yola salmaq istəmirlər.

Əsgər anaları övladlarının nə üçün, kim üçün ölməli olduğuna dair suallar verirlər. Lakin bu sualların qarşısında Ermənistan hakimiyyəti aciz durumda qalır”.

Millət vəkili əlavə edib ki, hətta Ermənistanda gənclərin hərbi xidmətə çağırılması ilə bağlı çətinliklərlə üz-üzədir:

“Çünki ailələr dövlətin əsgərinin yanında olmadığı üçün övladlarını hərbi xidmətə göndərmək istəmirlər. Təbii ki, bunların hər biri böyük problem yaradır. Hətta əsgər valideynləri açıq-aşkar Ermənistan hakimiyyətinə ultimatum göndərirlər ki, övladlarını hərbi xidmətə göndərməyəcəklər. Oradakı vəziyyət hər gün çətinləşir, Paşinyan və onun komandası olduqca ağır durumla üz-üzə qalıb”.

Deputat qeyd edib ki, rəsmi İrəvan Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməlidir:

“Yəni Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, yekunda sülh müqaviləsinin imzalanması məsələsi var. Ermənistan rəhbərliyi qarşısında duran rassional şərtlərə əməl etməli və ölkənin gələcəyini düşünməlidir”.

Dünyapress TV

Xəbər lenti