Almaniya Ukraynaya 700 milyon avroluq hərbi yardım verəcək –
NATO-nun Vilnüs sammitində Almaniya kansleri Olaf Şolz və Müdafiə naziri Boris Pistorius Ukraynaya təxminən 700 milyon avro dəyərində yeni hərbi yardım paketini açıqlayacaqlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni silah paketinə 25 “Leopard” tankı, 40 “Marder” piyada döyüş maşını, iki “Patriot” hava hücumundan müdafiə sistemi və 20 min artilleriya mərmisi daxil edilməlidir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammitində Ukrayna ordusunun əks-hücumunu dəstəkləmək üçün “SCALP” uzaqmənzilli hava-yer raketlərinin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.

Bu ilin yanvarında Almaniya Ukraynaya 178 “Leopard 1” tankının çatdırılmasını təsdiqləyib. Yekun məqsəd 2024-cü ilin birinci və ya ikinci rübündə Kiyevə 100-dən çox tank çatdırmaqdır. Ukraynaya gətirilən “Leopard” tankları artıq Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücum əməliyyatı zamanı döyüşlərdə iştirak edib.
 

Dünyapress TV

Xəbər lenti