b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_6363a34eeaca0c7d0936be7ef1c007f9.jpg
  

 

Kim nə deyir, desin, şeir janrlarının içində ən ləzzətlisi meyxana deyənlərin işlətdikləri və pis günə qoyduqları müxəmməsdir. Müxəmməs “beşlik” deməkdir, “xəmsə” sözü də ordandır.

Bu, uzun və çeynənmiş söhbətdir, yenidən açıb-bükməyə ehtiyac yoxdur, ancaq onu da deməliyəm ki, bu vəzndə parlaq əsərlər yaradanlar olub – Dahi Füzulidən Sabirə qədər. Vahid də bu janrda əla satirik şeirlər yazıb. Hətta sovet vaxtı “Kirpi” jurnalında bu vəzndə yaxşı şeirlər çıxardı – Rəhim Saraylı, Rüfət Zəbioğli, Rüfət Əhmədzadə yazardı. Zəbiolunun yazdığı, böyük aktyorumuz Yaşar Nurinin qiraət etdiyi şeirin bir misrası hələ də yadımdadır: “Sənə pul göstərərəm, Yalta bilərsən Ələti”.

Təəssüf ki, bir çox meyxana deyənlər o vəzni, ümumiyyətlə, sözü ucuzlaşdırdılar. Söz çəkisini itirdi, döndü avazla oxunan ritmik bir şeyə. İndi kimin səsi, intonasiyası, deklamasiyası yaxşıdır, o da yaxşı şair hesab olunur.

Gerçəklik isə budur ki, istənilən şeir növü bədahatən deyilməməlidir. Bədahatən deyiləndə vəzn, qafiyə, heca, söz sırası, ritm, ahəng, hər şey pozulur. Üstəlik, dərinlik olmur, ortaya çoxlu söz yığını, mənasız ifadələr çıxır. Bir də bu janrda yazılan şeirlərin sosial-siyasi satira xəttini gətirib şəxsi planda söyüşmə səviyyəsinə calamaq olmaz.

Uzun sözün kəsəsi, dünən mənə müxəmməs bəhrində yazılmış bir şeir göndəriblər, xoşuma gəlib. Adının çəkilməsini istəməyən eloğlu bu şeiri sosial şəbəkədə qarşısına çıxan bir videonu görəndən sonra yazıb. O, həmin videonu göndərib, baxmışam. Gerçəkdən də satiraya gələn mənzərədir.

Təsəvvür edin, bir toyxanadır, gənc və gözəl müğənni nəsə bir “çıkkıdı-çık” tipli mahnı oxuyur, daha doğrusu, yola verir. Bazburutlu olduğu əlindən-qolundan (özü, üzü, dazı görsənmir) bilinən bir kişi yüzlük dollar əskinaslarını bir-bir qadının ovuclarına təqdim edir (müəllifin efvemizm-yumşaltma qaydalarına nə dərəcədə riayət etdiyinə diqqət edin). Müğənni gülümsər çöhrə ilə yüzlükləri götürür və əlində kübar cəmiyyət qadınlarının yelpiyi kimi tutaraq oxumaqda davam edir. Videoya təkrar baxanda görürsən ki, qolu görünən naməlum kişi müğənni qıza 13 yüzlük – 1300 dollar pul verib. Halal xoşu olsun.

Amma sual çıxır: kişidə bu səxavəti tətikləyən nədir? Ərz etdim ki, qızın nə düz-əməlli səsi var, nə də oxuduğu mahnı üzə çıxarmalı bir şeydir. Sadəcə, onun maçolarda səxavət damarını coşduran qızın gözəl sayılacaq sifəti, biçimli əndamı, eləcə də pul ilə əldə oluna bilmə ümidi yaradan görünüşü, jestləridir. Vəssalam. Bu bəsdir ki, kişi startda 1300 dollarından keçsin. Sonrası da razılaşma yolu ilə, inşallah.

Bax, aşağıda təqdim etdiyim, eloğlunun göndərdiyi şeir həmin kişinin dilindən yazılıb. Belədir:

Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım,
Bas qazı, “ğorrrr” eləsin, qalxsın səsi ərşə, alım.

Ceyranım, rəva deyil, aşiqini ta az yalvart,
Oxumaq istəyirsən, seç, bu mikrofon, o Harvard.
Qorxma, bu haqq-hesabdan xəbər tutsa bizim arvad,
Saçlamaz səni, yetər ki, ona da bir şey alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Gözəllərə halaldır gözəl maşın, bəzək-düzək,
Nazlıya naz yaraşır, biz də məcburuq ki, dözək.
İstəsən, qışda gedək, sürək yamaclarda xizək,
Ya da bir kəlmən ilə, orda sənə kirşə alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Pullu oğlanlar indi dördüylə birdən yaşayır,
Pulsuz subaylar isə, tində qarnını qaşıyır.
Norveç, İsveç dadanıb, Taylanddan arvad daşıyır,
Yollanım Tokioya, mən də sütül geyşa alım?
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Səyahət istəyirsən, gedək ildə iki dəfə,
İstanbul, Madrid, Roma, Paris və London tərəfə.
Yay tətilində uçaq, İbizida baxaq kefə.
Ya da mən okeanda sənə yeni Seyşel alım.
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Dillərdə dastan olub pul qazanmaq fərasətim,
Həcilərdən ötədir yar yolunda səxavətim.
Heç nədən yoxdu qorxum, var belə bir cəsarətim,
Təkcə bədxahlar bunu yazmasalar föhşə, alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti