Ucqar bölgələrdə çalışan müəllimlərə xüsusi güzəştlər, imtiyazlar verilməlidir
Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır. Həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. N.İsmayılbəyli əlavə edib ki, bu il həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. “İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq", - deyə o, əlavə edib. Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yer isə musiqi fənni üzrə olub. Bu say 1 857-dir. N.İsmayılbəyli vurğulayıb ki, rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyə tabe olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib.
Məlumatdan belə görünür ki, müəllimliyə xeyli vakant yerlər var. Amma tədris ili başlayar-başlamaz müəllim
çatışmazlığından gileylər artacaq. İllərdir bu problem həllini tapmır. Müəllimlik ixtisasını bitirənlər ucqar bölgələrə, kənd məktəblərinə işləməyə getmirlər.
Əksəriyyət çalışır ki, paytaxtda, mərkəzi məktəblərdə işləsin. Nə qədər deyilirsə də ki, ucqar bölgələrdə müəllim işləyənlərə güzəştlər edilir, ev, torpaq sahəsi verilir, yenə də gedən yoxdur. Ya, güzəştlər, həvəsləndirici təkliflərin əsası yoxdur, ya da müasir müəllimlər, nə olursa-olsun, kəndin toz-torpağına batmaq istəmir.
TEREF.AZ-ın məlumatına görə, problemin səbəbləri barədə “Şərq”ə danışan təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, burada bir neçə səbəb var:
- Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib uğurlu nəticə əldə edənlərə, çox zaman müddətli müqavilə ilə iş təklif edilir. Namizədlərə isə bu sərf etmir. Onlar müddətsiz müqavilə ilə işə qəbulu üstün tuturlar, ona görə də təklifdən imtina edirlər. Digər tərəfdən aparıcı fənlərə vakant yerlər bəzən gizlədilir. Açıqlanan dərs saatı az olan fənlərdir. Bunlar rəsm, əmək və texnologiya, musiqi fənləridir. Bu fənlərə 2-3 dərs saatı ayrılır. Namizədlər 2-3 saata görə məktəbdə çalışmağı uyğun görmürlər. Çünki əmək haqqı az olacaq. Müəllimin ən azı 250 manat əmək haqqı alması üçün azı 18 dərs saatı olmalıdır. Dərs saatları az olan fənlərə vakant yerlər belə yaranır. Orta məktəblərdə rəsm, musiqi, əmək və texnologiya fənləri üzrə sırf bu ixtisasları bitirmiş müəllimlər işləmir, bu dərsləri də digər fənn müəllimlərinə verirlər ki, heç olmasa, onların əmək haqqı bir qədər artsın. Dərs saatı az olan fənləri tədris edəcək müəllimlərin ya əmək haqqı artırılmalıdır, ya da onlara əlavə həvəsləndirici paketlər təqdim edilməlidir. Belə olarsa, bu ixtisası bitirmiş şəxslər məktəbdə dərs verməyə razılaşar.
E.Əfəndi ucqar bölgələrdə vakant yerlərin çoxluğuna gəlincə, bunu da müəllim ixtisasını bitirmiş şəxslərin bölgələrə marağının az olması ilə izah etdi:
- Ucqar bölgələrdə çalışan müəllimlərə xüsusi güzəştlər, imtiyazlar verilməlidir. Bu barədə həmişə danışılır, amma ortada bir nəticə yoxdur. Müəllimlik ixtisasına yiyələnmiş şəxslər güzəşt və imtiyazların olacağına inanmır, ya da bunun əməli təsirini görmür. Ona görə də paytaxtda, mərkəzi məktəblərdə müəllimlik etməyə üstünlük verirlər. İmtahanlardan sonra vakant yerlər açıqlanır, lakin hətta yüksək nəticə göstərənlər də işlə təmin edilmir. Müəllimliyə qəbulda başqa vasitələr rol oynayır.