DogruXeber.az: - Biləsuvar rayonu, Xırmandalı kənd sakini Məmmədov Gülməmməd Surxay oğlunun yaxınları "Hürriyyət"ə müraciət ediblər. Gülməmməd Məmmədovun ailə üzvləri avtobus qəzasından sonra onun kəllə-beyin travması aldığını deyirlər. O bununla bağlı 3 saylı Maştağa Ruhi Əsəb Dispanserində də yatıb. Ruhi əsəb xəstəsi olan rayon sakini həkim komissiyasından keçməsinə baxmayaraq, sürücülük vəsiqəsinin olduğu bəhanə edilərək pensiyası kəsilib.
Baxmayaraq ki, xəstəliklə bağlı bütün müvafiq sənədləri var və dəfələrlə aidiyyatı üzrə ixtisaslaşmış tibb müəssisələrində stasionarda müalicə alıb. Sağlamlıq vəziyyəti ilə bağlı özü də işləyə bilmir və ailənin təminatında onun pensiyası mühüm rol oynayırdı. Pensiyanı bərpa etmək cəhdləri isə nəticə vermir. Hazırda rayonun sakinin ailə üzvləri Gülməmməd Məmmədovun əlilliyi üçün almadığı bir neçə aylıq pensiyanı tələb edir: "Məmmədov Gülməmməd Surxay oğlu ruhi-əsəb xəstəsidir. Bununla bağlı həkim komissiyasından da keçib. 1976-cı ildən sürücü işləyib. Ona sürücülük vəsiqəsinin olduğunu bildirirlər. O da qəza keçirənə qədər sürücü işləyib. Qardaşım 2007-ci ildə avtobus qəzasına düşüb, kəllə-beyin travması alıb. 3 saylı Maştağa Ruhi Əsəb Dispanserində yatıb. Dərmanlarını da alırdıq. Tibbi həkim komissiyasında da keçib. Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da 15 gün yatıb. Əgər bu adam sağlamdırsa, getsin ailəsini saxlasın. Əgər sağlamlığı yerində deyilsə dövlət tərəfindən bir tədbir görülsün. Hər il xəstəxanalarda müayinədən keçməyi ilə bağlı əlimizdə sübutlar da var. Lakin Dövlət Sosial Müdafiə Fondundan Tahir Babayevin göstərişi ilə pensiya dayandırılıb. Sürücülük vəsiqəsinin olduğunu səbəb kimi göstərirlər. 2-ci qrup əlildi. Dərmanlarla yaşayır. Xahiş edirik ki, bizim müraciətimizdi diqqətdə saxlasınlar".
Vaxtilə ölkədə "saxta əlil" arayışları hesabına ölkədə əlilliyi olan şəxslərin sayı birdən-birə yüksəlmişdi. Amma onun fikrincə, indi həqiqi əlilliyi olan şəxslərdə əlillik qrupunun təyini ilə bağlı "qarışıq, dolaşıq və uzunçəkən" bir proses tətbiq olunur ki, bu da yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumuna ciddi təsir göstərir.
Bəs qanunda bununla bağlı nə deyilir?
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən, şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilirsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşir. Həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər verilir.
Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. Qurumdan "Hürriyyət"ə müxtəlif bəhanələr gətirilərək şikayət araşdırılmadı.