Alimlə bağlı dahi Nizami Gəncəvinin sözlərini əbəs yerə yazıya başlıq seçmədik. Doğrudan da, böyük şairimiz alimin həqiqi yerini, mərtəbəsini dəqiq göstərib: Rütbələr içində seçilir biri, Hamıdan ucadır alimin yeri. Həqiqətən də dünyada nə qədər rütbələr, peşələr, sənətlər var. Hamısından ucada alim dayanır. Amma söhbət həqiqi el adamlarından, elm fədailərindən gedir. Ta bizim məmur alimlərdən, icra başçısı alimlərdən, nazir alimlərdən, deputat alimlərdən, hətta müğənni alimlərdən getmir ee… Söhbət məmur alimlərdən düşmüşkən… İllər öncə adını çəkmək istəmədiyim məşhur şairlərdən birinin məmur-alim oğlu ilə müsahibə götürürdülər. Müxbir soruşurdu ki, siz alimsiniz, yoxsa məmur..? Məşhurun oğlu nə cavab versə yaxşıdır… Mən məmur-aliməm… Bu məsələ ilə bağlı bir vacib məqamı yada salmaq istəyirəm. Rəhmətlik, Ulu Öndərimiz Heydər Əliyev birinci hakimiyyət dönəmində məmurların alim olmasına, elmi iş götürüb dissertasiya müdafiə etməsinə müsbət yanaşmırdı. Çünki Heydər Əliyev gözəl bilirdi ki, məmurdan alim olmaz. Hətta bir məsələni də dəqiq xatırlayıram. Bir dəfə Elmlər Akademiyasının o zamankı prezidenti rəhmərlik Fərəməz Maqsudov çəkinə-çəkinə Heydər Əliyevə akademik adının verilməsini təklif etdi… Ulu Öndərin ona acı-acı baxışı indi də yadımdadır. Çünki Heydər Əliyev öz uca mərtəbəsini gözəl bilirdi. Nə isə, sözün qısası, son 15-20 ildə “paçka-paçka” məmur-alimlər ortaya çıxıb. Anlamaq olmur ki, bunlar o boyda məmur işindən necə vaxt tapıb elm dəryasına kəllə vururlar. Əslində onlar elmdən çox uzaq adamlardılar. Sadəcə, şan-şöhrət, alim olmaq istəyirlər. Hətta bəziləri deyir ki, məmur işi-vəzifə müvəqqətidir, vəzifədən çıxandan sonra universitetlərin birində dərs deyəcəm. Yəni təhsilimizin başına yekə daş salanlardan biri də məmur-alimlərdir. İnanırsınız, bunlar heç dissertasiya müdafiə etdikləri mövzunu bilmirlər. Sadəcə, pul verib hazır elmi iş alırlar. Yəni bunlar elmi də bazara çeviriblər. Bu gün Azərbaycanda alim olmaqdan asan heç nə yoxdur. Bunlar elmə heç bir yenilik-filan gətirmirlər. Bir məsələni də yada salım. Çoxlarının yaxşı yadında olar. 90-cı illərdə tez-tez oxuyurduq ki, filan məmur Nyu York akademiyasının üzvü seçilib. Adam məəttəl qalırdı. Hətta o vaxt Ramiz Mehdiyev də, hətta bəzi müxalifət liderləri də Nyu-York akademiyasının üzvü olmuşdu. Çox sonradan bəlli oldu ki, bu akademiyanın üzvü olmaq üçün 108 dollar pul köçürmək kifayət imiş. Sizi inandırıram ki, bu alimlərin çoxu heç FAİZ hesablaya bilmir. Nə isə… Həə, bir məsələni də qeyd edərək yazımızı yekunlaşdıraq. Deməli, hansı məmurun tərcümeyi-halına nəzər salırsansa, bəlli olur ki, qoca vaxtında Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görəsən bu bəzi alimi-biəməllər neçə saat dərsdə olublar, ümumiyyətlə, həmin akademiyanın yerini tanıyırlarmı..? Ümumiyyətlə, Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil deyiləndə, distant təhsil nəzərdə tutulur. Çoxlarının bilmədiyi bir məsələni nəzərə çatdıraq ki, distant təhsil əsasən kollec məzunlarına aiddir. Biz hələ müğənnilərimizin, aria oxuyanlarımızın bu gün Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almasını demirik. Bir neçə müddətdir ki, Dövlət İdarəçilik Akademiyasında son 5 ildə qəbul olaraq təhsil alan tələbələrin siyahısının əldə olunmasına çalışmışdıq. Bildiyimizə və bizə verilən məlumata görə, bu ali təhsil ocağına qəbul olmaq üçün 3 illik dövlət qulluqçusu olmaq tələb olunurdu. Amma tələbələrin içində aria oxuyanlar da var. Bəli, biz sabah eşitsək ki, ucqar dağ kəndlərindən gələn, heç məktəb üzü görməmiş, amma qoyunlarının sayı 10 mindən artıq hanslsa bir çoban Bakıya üz tutaraq alim olmaq istəsə, buna şübhə ilə yanaşmaq lazım deyil. Hələ biz belə adamların alim olmasından, elmi iş yazmasından, dissertasiya müdafiə etməsindən danışmırıq. İndi gördünüzmü elmin başına necə daş salıblar? P.S. Bu yaxınlarda bir icra başçısının xanım müavinlərindən biri mənə dedi ki, cənab başçı öz qoyunlarına baxan ferma müdirini dövlət qulluğuna işə gətirmək istəyir. gundelik baki.com