“Atam çox mülayim adam olub. Ondan söz düşəndə kövrəlirəm, danışa bilmirəm. Anamdan çox qorxmuşuq, amma atamla dost olmuşuq. Biz Sovetskidə, Maştağalılar məhəlləsində qalırdıq. Atam cavan vaxtı orada dükan da işlədirdi. Atamın demək olar ki, tamaşalarına ilk mən baxmışam. Hər dəfə mənə təzə geyim alıb, özü ilə tamaşalara aparardı. Anam əslində buna razılıq vermirdi, amma atam həvəsli idi”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor Məmmədsadıq Nuriyevin qızı Ruhəngiz Axundova deyib. O daha sonra əlavə edib.
“Atam “Uşağlığın son gecəsi” filminə çəkiləndə biz iki bacı bütün günü oturub ona tamaşa edirdik. Bilirsiniz ki, həmin səhnələr Sovetskidə çəkilib. Evimizə yaxın idi. O rolu da atama elə-belədən verməmişdilər. Bizim Sovetskidə xüsusi həyətimiz olub. Atamgil 12 uşaq olublar. O vaxt hamısı rəhmətə gedib, bir bacı, bir qardaş qalıblar. Biz bibimgil ilə eyni həyətdə qalırdıq. Atamın həyətdə damın üstündə ev kimi quşxanası olub. Həmin o filmi və Davud rolunu elə atamın özünə uyğun çəkiblər. Hətta o evdəki divarda uşaqların şəkili var, o uşaqlar da bizik” deyə sənətkarın qızı bildirib.
Ruhəngiz Axundova qardaşı, böyük sənətkarımız Yaşar Nuridən də danışıb.
“Atam mənə və Yaşara çox bağlı idi. Yaşara bağlı olub ona görə ki, onun sənətini, yolunu davam etdirib. Dəfələrlə tamaşalara birlikdə hazırlaşırdılar, evdə məşqlərinin şahidi olmuşam. Onun arzusu olub ki, mən ali savad alım. Mən atamın arzusu ilə universitetin dil ədəbiyyat fakültəsinə daxil olmuşam. 47 il dil ədəbiyyat müəllimi kimi çalışmışam. Atam istəyirdi ki, incəsənətin tənqidçilik şöbəsinə qəbul olum. Hətta o vaxt danışmışdı da, bəlkə yerim də hazır idi. Amma Yaşar bir az narazı idi. Atama dedi ki, Ruhəngiz incəsənətin qapısından içəri girsə, mən bir də universitetə getməyəcəm. Ona görə də bu sənəti seçmədim” deyə böyük sənətkarın qızı bildirib.