TÜRKLÜYƏ XİDMƏT ETMİŞ TÜRKÜN AZMAN ŞƏXSİYYƏİ, BÖYÜK TÜRKÇÜ YUSUF AKÇURA
Türkçülüyün yaranması və bütün Türkləri əhatə edən böyük bir ideoloji-siyasi cərəyana çevrilməsində çar Rusiyasında yaşayan bütün milli Türk ziyalılarının əməyi vardır. “Dildə birlik, fikirdə birlik, işdə birlik” ideyasının müəllifi, “Tərcüman” qəzetinin sahibi məşhur Qaspıralı İsmayıl Bəylə başlayan bu ideoloji-siyasi cərəyan genişlənərək Azərbaycan, Qazan və Türküstanı da əhatə etməyə başlamışdı. Rus şovinizmi və millətçiliyinə qarşı yaranan “Türkçülük” cərəyanının yaradıcıları onu ideoloji-siyasi dokfirina kimi qəbul etmişdilər ki, bu işdə böyük Türkçü kimi tarixə öz möhürünü vuran Yusuf Akçuraoğlunun (1879-1935) müstəsna xidmətləri olmuşdur.
“Türkçülük” ideyasının Türk dünyasında yayılmasında əvəzsiz fəaliyyət göstərən, keşməkeşli, lakin başarılı bir həyat yaşayan, siyasi-ideoloji çalışmaları, tədqiqatçılığı, xüsusilə siyasət və tarixi mövzulardakı əsərləri ilə Türk mədəni-siyasi həyatında xüsusi yer tutan Yusuf Akçura 1879-cu ildə Simbirskdə anadan olmuşdur. İlk yaşından atasını itirən Yusuf Akçuraoğlu kiçik yaşlarından anası ilə birgə Simbirskdən İstanbula gələrək ilk və orta təhsilini orada tamamladıqdan sonra 1897-ci ildə 18 yaşında ikən İstanbul hərbi Məktəbinə daxil olmuşdu. Hərbi Məktəbdə oxuyarkən tətil vaxtlarını anadan olduğu Simbirskdə və Qazanda qohum-əqrəbasının yanında keşirən Yusuf Akçura Şimal Türklərinin həyatını və düşüncə tərzini yaxından izləməklə gələcək elmi, ideoloji, siyasi və fəlsəfi əsərləri üçün material toplamış, Kırımda yaşayan bacısı əri məşhur İsmayıl Bəy Qaspıralı ilə görüşərək onun ideyalarını mənimsəmiş, bir çox qərb dillərini qədim və yeni Türk dilini bilən, Uyğurca oxuyub yazmağı bacaran tədqiqatçı və zəngin kitabxanaya malik olan əmisi İbrahim Bəy Akçuraoğlundan Türk aləmi və Türkologiyaya dair söhbətlər dinləmiş, həmçinin şimalda milli fikrin yaradıcılarından olan Qəyyum Nasiri və Sihabəddin ilə yaxından tanış olmuşdu. Bütün bunlar həmçinin Vələd Çələbi, Nəcib Asim kimi Türkçülərin əsərlərini oxuması Yusif Bəyin gənc yaşlarından bir Türkçü kimi yetişməyində mühüm rol oynamışdı.
Yusuf Akçura hərbi məktəbin ikinci kursunda oxuyarkən Gənc Türklərə qoşulmuş və bu səbəbdən də Sultan II Əbdülhəmid tərəfindən ömürlük həbsə məhkum edilmişdi. Fəqət fürsət tapıb yaxın dostu Əməd Fərid Bəylə birlikdə həbsdən qaçaraq Fransaya getməyə müvəffəq olmuşdu. Parisdə Türk milliyyətçilərindən olan Doktor Şərafəddin Mağmumi ilə yaxından tanış olan Yusuf Akçura ondan “Osmançılıq” siyasətinin çürüklüyünü, Türk milliyətçiliyindən başqa heç bir sağlam fikrin olmamasını, qərblilərin Türk düşmənçiliyini öyrənmiş, Əhməd Fərid Bəylə birgə vaxt itirmədən Sərbəst Siyasi Elmlər Məktəbinə daxil olmuşdu. Bu məktəbdə Albert Sorvelin, Funk Brentanon, Boutumyon, Anatol Leroy-Beanlien, Renovier, Levi Bryul kimi dövrün ciddi millətçi alimlərindən dərs alan Yusuf Akçura özünə qədərki maarifçi Türkçülüyü siyasi-ideoloji Türkçülük səviyyəsinə qaldırmışdı.
Parisdə təhsilini bitirib diplom aldıqdan sonra Türkiyəyə qayıtmağı mümkün olmadığından Yusuf Akçura öz vətəninə dönməyə məcbur olur. O, ailəsinin əsil yurdu olan Ziyəbaşı kəndinə gələrək əmisi İbrahim Bəyin yanında yaşayır. İlk məqaləsini hələ 1897-ci ildə hərbi Məktəbdə oxuyarkən Şimal Türklərinin ən məşhur alimlərindən, Şimalda milli oyanış hərəkatının və dini yenilik cərəyanının ilk cığırdaşlarından olan Şihabəddin Mərcaninin həyat və fəaliyyətinə həsr edərək İstanbulda “Mətbuat” dərgisində çap etdirən Yusuf Akçura məşhur əsəri olan “Üç tərzi-siyasət” əsərini doğma yurdu Ziyəbaşı kəndində yazaraq Qahirədə Əli Kamal Bəyin redaktorluğu ilə nəşr olunan “Türk” qəzetində çap etdirir. Əsər çap olunan kimi böyük əks-səda doğurmuş, həm tam müdafiə olunmuş və həm də kəskin tənqidlərə məruz qalmışdı. Əsər təkcə şərq tədqiqatçılarının deyil, Avropa tədqiqatçılarının da nəzər-diqqətini cəlb etmiş, Yusuf Akçura Türkçülük hərəkatının öndərlərindən, qurucularından və yayıcılarından biri kimi qiymətləndirilmiş, “İslam birliyi” fikrinin yaradıcısı və yayıcısı Şeyx Cəmaləddin Əfqani ilə müqayisə edilmişdi (Seçmələr bizimdir – A.M. Bax: Rafail Əhmədli, Azərbaycan milli-demokratik Dövlətçilik məfkurəsi-Türkçülük, Müasirlik, İslamçılıq, Bakı, Elm, 2007, səh.155).
Bu əsəri ilə Yusuf Akçura ilk dəfə olaraq açıq bir şəkildə “Osmanlıçılıq, İslamçılıq və Türkçülüyü” şərh edərək Türkçülüyü siyasi cəhətdən bütün açıqlığı ilə gündəmə gətirmişdi. Bu yazısında Yusuf Akçura bütün həqiqətləri araşdıraraq belə bir nəticəyə gəlmişdi ki, “Osmanlıçıların “Osmanlı Milləti” adı altında Osmanlı İmperatorluğunu qoruyub saxlamaq niyyəti boş bir yorğunluqdur”. “İslam Birliyi” məsələsinə müəyyən qədər ehtiyatla yanaşmasına baxmayaraq Yusuf Akçura əsərinin bir çox yerində elə faktlar gətirmişdi ki, bu faktlar onun “İslam Birliyi” məsələsinə də inanmadığını göstərir. Belə ki, müəllif İslamla bağlı geniş şərh verdikdən sonra yazırdı ki, “Bu siyasətin tətbiqi Osmanlı təbəələr arasında dini nifaq və düşmənçiliyin artması... və həmçinin Osmanlı dövlətinin gücünün azalması ilə nəticələnəcək. Bundan başqa, ümumiyyətlə Türklərin arasına müsəlman və qeyri – müsəlman fərqi düşərək, irqdən gələn qardaşlıq dini ixtilaflarla pozulacaq...” “İslam Birliyi” siyasətinin tətbiqində xarici maneələr də çox güclüdür. Həqiqətən, bir tərəfdən İslam dövlətlərinin çoxu xristian dövlətlərinin nüfuzu altındadır. Digər tərəfdən də bir-iki xristian dövləti istisna olmaqla bütün xristian dövlətləri müsəlman təbəəyə malikdir... Ona görə də zamanımızda ən qüvvətli “İslam Birliyi” siyasətini tətbiqə başlamasına xristian dövlətləri müvəffəqiyyətlə qarşı çıxarlar” (Seçmələr bizimdir – A.M. Bax Akçura Yusuf, Üç terzi-siyasət, 2-ci baskı, Ankara 1987, səh.32-33).
Yusuf Akçura “Osmanlı Milləti” və “İslam Birliyi” ideyasından daha çox “Türk Birliyi” ideyasına inanmış və Türk birliyi məsələsini Türk dünyasında ilk dəfə olaraq siyasi, elmi, fəlsəfi və ideoloji cəhətdən şərh edərək özünə qədərki bütün maarifçi Türklərin fikir və mülahizələrini ümumiləşdirərək “Üç tərzi-siyasət” əsərində göstərmişdir ki: “Zamanımız tarixində görülən ümumi cərəyan irqlərdədir. Dinlər, din olmaq baxımından getdikcə siyasi əhəmiyyətlərini, güclərini itirirlər. İctimai olmaqdan daha çox fərdiləşirlər. Cəmiyyətlərdə vicdan azadlığı din birliyinin yerini alır... Dinlər irqlərlə birləşərək irqlərə yardımcı və hətta xidmətedici olaraq siyasi və ictimai əhəmiyyətlərini mühafizə edə bilirlər... Bu gün Xristian dövlətlərindən yalnız birinin-Rusiyanın müsəlman Türk təbəəsi vardır. Bu cəhətdən öz mənfəətləri xatirinə Türklərin birləşməməsinə çalışacaq yalnız bu dövlətdir. (Rusiya nəzərdə tutulur-A.M.) Başqa Xristian dövlətlərə gəlincə, ehtimal ki, bəziləri Rusiyanın mənafeyinə zərərli olduğu üçün bu siyasəti (Türk Birliyi nəzərdə tutulur-A.M.) müdafiə edə bilərlər” (Seçmələr bizimdir –A.M.; Bax: Yusuf Akçura, Üç tərzi-siyasət, səh.33-35)
Əsil böyük faydanın dilləri, irqləri, adət-ənənələri və hətta əksəriyyətinin dinləri belə bir olan, Asiya qitəsinin böyük bir hissəsi ilə Avropanın Şərqinə yayılmış olan Türklərin birləşməsinə, digər böyük millətlər arasında öz varlığını qoruyub saxlaya biləcək böyük bir siyasi güc təşkil etmələrinə, gələcəkdə “bəyazlar və sarılar aləmi arasında bir Türk dünyası yaranacağına” inanan Yusuf Akçura göstərirdi ki, “Türklük fikirləri... Türkləri birləşdirmək düşüncəsi hələ yeni doğulmuş bir cocuqdur... Türkləri birləşdirmək siyasətinin tətbiqindəki daxili çətinliklər... daha çoxdur... Xülasə, sağlam bir birliyi meydana gətirə biləcək amillər və hazırlıqlarda hələlik heç biri Türklükdə yoxdur. Bu gün (söhbət 1903-cü ildən gedir – A.M.) Türklərin əksəriyyəti keçmişlərini unutmuş bir vəziyyətdədir. Lakin bu da unudulmamalıdır ki, dövrümüzdə birləşməsi mümkün olan Türklərin böyük bir hissəsi müsəlmandır. Buna görə də İslam dini böyük Türk milliyyətinin təşəkkülündə mühüm bir ünsür ola bilər... İslam Türklüyün birləşməsində bir xidməti yerinə yetirmək üçün son zamanlarda xristianlıqda da olduğu kimi, öz içində millətlərin mövcudluğunu qəbul edəcək şəkildə dəyişməlidir. Bu dəyişmə əslində məcburidir də. Çünki bugünkü tarixdə görülən ümumi cərəyan irqlərdədir”(Seçmələr bizimdir-A.M. Bax: Akçura Yusuf, Üç tərzi-siyasət, səh.34)
Bütün bunlar onu göstərir ki, Yusuf Akçura Osmanlı birliyinin şiddətlə sarsıldığını, Osmanlı İmperatorluğunda yaşayan millətlərin milli məqsədlərinə çatmasının qarşısının alınmasının mümkün olmadığını 1903-cü ildə, yəni Albaniya, Makedoniya və Qərbi Trakiyanın İmperiyadan ayrılmasından 9 il, Osmanlı İmperatogluğunun tamamilə dağılmasından isə 15 il əvvəl görmüş, ona görə də belə bir fikir irəli sürmüşdü ki, “Osmanlı İmperatorluğu öz varlığını qoruyub saxlaya bilməsi üçün bir Federativ Dövlət şəklinə düşməlidir” (Akçura Yusuf, Türkçülüyün tarixi, İstanbul, 1990, səh 129)
Bütün mənalı həyatını Türklərin yüksəlişinə həsr edən böyük Türk mücahidi Yusuf Akçura Rus-Yapon müharibəsi, 1905-ci il rus inqilabı, Rusiyada Məsrutiyyətin elanından və s. istifadə edərək siyasi sahədə Şimal Türklərinin təşkilatlanmasında, Türk millətçiliyinin yayılmasında, “Rusiya Müsəlmanları İttifaqı” adlı siyasi təşkilatın yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Bütün bunların nəticəsi idi ki, o, Rusiya İmperatorluğu tərkibində əzilən Türklərin, o cümlədən də o dövr Azərbaycan Türklərinin içərisndə sayılan və sevilən şəxsiyyətlərdən biri olmuşdur. Onun və İsmayl Bəy Qaspıralının, Əlimərdan Bəy Topçubaşovun, Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məmmədəmin Rəsulzadənin və s. sayəsində çar Rusiyası tərkibindəki Türklər arasında “Milli Birlik” şüuru ön plana keçmişdi.
Çar Rusiyasında Stolipinin irticası illərində Yusuf Akçura özünün məşhur “3 haziran Vakayi-Müəssifəsi” (3 iyun vaqiəsi-A.M.) adlı oçerkini yazıb çap etdirmişdi. Bu oçerkdə Yusuf Akçura qorxmadan, çəkinmədən yazmışdı ki: “Dünya mədəniyyət tarixinə ən çox təsir göstərən fikir milliyyət fikiridir. Milliyət fikrinə - bu əzəmətli gücə heç bir şey qalib gələ bilməz. Yüz minlərlə nizami ordular milliyyətçilik qarşısında yenildi. Bu gün milliyyət fikirlərini yenə biləcək qüvvət, şiddət, zülm, top, tüfəng deyildir, bəlkə milliyyət fikrinin ata və anası olan hürriyyət və bərabərlik fikirləri onu yenə bilər... İctimai və siyasi inqilabların ən güclü səbəbi sosial siniflər və ən başlıcası hakim-məhkum millətlər arasındakı həqiqi bərabərsizliklərdir. Müsəlman, ya da əsas etibarilə rus olmayan xalqlar ruslarla olan əlaqələrində nə qədər güc göstərə bilərlərsə, o qədər hüquqa sahib ola bilərlər. Müsəlmanlar əvvəldən bəri alışdıqları boyun əymək, yalvarmaq və üzə gülmə siyasəti ilə zərbələrdən qorunacaqlarını düşünürlərsə, çox yanılırlar” (Yusuf Akçura 3 haziran Vakayi-Müəssifəsi, Orenburq 1907, Bax: (Akçura Yusuf, Türkçülüyün tarixi, səh.139).
Yusuf Akçuranın bu oçerki o dövrdə mətbuat qanununa zidd elan edilərək müəllifi Rusiyada bütün Türk və müsəlman hərəkatının amansız düşməni olan şərqşünas alim və senzor Smirnov tərəfindən məhkəməyə verilmiş, barəsində axtarış elan edilmiş və sorğu hakimi tərəfindən ona “Çağrışnamə” göndərilmişdi. Axtarış dövründə Yusuf Akçura Baxçasarayda bacısının həyat yoldaşı məşhur İsmayıl Bəy Qaspıralının nəşr etdiyi “Tərcüman” qəzetində çalışırdı. “Çağırışnamə” ona çatmamış Osmanlı səltənətində II Məşrutiyyət elan edildiyindən Yusuf Akçura yenidən 1908-ci ilin oktyabr ayında İstanbula qayıdır.
Yusuf Akçuranın 1905-1908-ci il fəaliyyətini qiymətləndirən tədqiqatçılar göstərirlər ki: “Rusiyadakı 1905-ci il və Türkiyədəki 1908-ci il inqilablarından yararlanan Yusuf Akçuraoğlu Türk millətçiliyi fikirlərini hər vasitə ilə yaymağa başladı və bu yolda mümkün olan siyasi təşkilatların qurulmasına çalışdı. Bu məqsədlə o, Qazanda “Məhəmmədiyə Mədrəsəsi”ndə tarix, coğrafiya və Osmanlı Türk ədəbiyyatı müəllimi kimi Tatar gənclərinə milliyyətçiliyi, müasirliyi təbliğ etməklə yanaşı, “Qazan müxbiri” adlı bir qəzet də çıxararaq ilk dəfə bütün Şimal Türklərini milli bir siyasi təşkilatda birləşdirmək məqsədilə İsmayıl Bəy Qaspıralı, Əlimərdan Bəy Topçubaşov və Əbdürrəşid Kadı İbrahimovla bərabər çalışaraq “Rusiya Müsəlmanları İttifaqı” adlı partiya yaratdı və Firqənin İdarə heyətinə üzv olmaqla ümumi katibliyinə seçildi” (Bax: Rafail Əhmədli, göstərilən əsəri, səh, 215)
“Rusiya Müsəlmanları İttifaqı” adlı partiyanın Proqramını Əlimərdan Bəy Topçubaşov hazırlamış və partiyanın Nijni Novqorodda keçirilən III Qurultayında qəbul edilmişdi. Bu siyasi təşkilatın əsas məqsədi çar Rusiyasında yaşayan bütün xalqların, xüsusilə Şimal, Türküstan və Azərbaycan Türklərinin hüquq bərabərliyinin, milli mədəniyyətinin inkişafının qanunla təsdiq edilməsi idi. Bu siyasi təşkilat Dumaya seçkilərdə ciddi fəaliyyət göstərmiş və çar Rusiyasındakı Türklərin lazımi miqdarda millət vəkili seçilməsinə nail olmuşdu. Bu dövrdə Yusuf Akçura həm də “Vakit” və “Tərcüman” qəzetlərində davamlı olaraq Türk milliyyəti qayəsinə uyğun olan siyasi-ideoloji və mədəni yazılar da dərc etdirmişdi.
1908-ci ildən Yusuf Akçuranın fəaliyyətinin ikinci dövrü olan Türkiyə dövrü başlayır.
“Böyük ideologiyalar kiçik əməlləri, mənfəətləri, şəxsiyyətləri unutdurur” (Ömər Seyfəddin, Türkçülük ülküsü, İstanbul 1990, səh.48) düşüncəsiylə yola çıxan, az bir zamanda böyük uğurlar əldə edərək dünya Türklərinin qəlbində özünə şərəfli bir yer qazandıran Yusuf Akçura “Türkçülük” ideologiyasının yaradıcılarından biri və mən deyərdim ki, birincilərindən olmuşdur.
Yusuf Akçura ilk olaraq bir millətçi kimi özündən əvvəlki ideoloji, siyasi, fəlsəfi və ədəbi cərəyanların Millət, dil, din, əxlaq, adət-ənənə, Vətən və s. kimi anlayışlara öz münasibətini bildirərək şəxsi nəzəri siyasi və ideoloji fikirlərini irəli sürmüş, 1908-ci ildən 1914-cü ilə qədər İstanbulda fəaliyyət göstərən bütün milliyyətçi təşkilatlarda və orada çap olunan əksər qəzet və dərgilərdə yaxından iştirak etmiş, “Türk Dərnəyi” adlı təşkilat yaratmış, eyni adda bir jurnal nəşr etdirmiş, “Türk Yurdu” Cəmiyyətinin təşkilatlanmasında yaxından iştirak etmiş və Cəmiyyətin orqanı olan, dövrün bütün Türk mütərəqqi ziyalılarını ətrafında toplayan “Türk Yurdu” jurnalının təsisçisi və ən aparıcı simalarından biri olmuşdur. Sonradan “Türk Dərnəyi” “Türk Ocağı”na birləşmişdi.
“Türk Ocağı” və onun orqanı olan “Türk Yurdu” dərgisi böyük bir milliyətçi ziyalı ordusunu öz ətrafında birləşdirərək dünyadakı bütün Türklərlə bağlı məsələləri şərh etməyi özünə hədəf seçmiş, Türklərin qədim əsərlərini, xalq ədəbiyyatı nümunələrini, etnoqrafiyasını, qədim və müasir coğrafiyasını araşdırmış, müasir ədəbi, mədəni və siyasi-ideoloji görüşlərinə səhifələrində geniş yer ayırmış, bir sözlə, “Türkçülük” məfkurəsinin yayılmasını öz öhdəsinə götürmüşdü. “Türk Ocaqları” ilə “Türk Yurdu”nun birgə səyi nəticəsində “Türkçülük” artıq bir ideologiya səviyyəsinə yüksəlmişdi.
Yusuf Akçura və digər milliyətçilərin sayəsində artıq Türk dünyasında hər bir ziyalı milliyyətçi olmuş, “Türkçülük” ən öyülən, şərəfli bir iş sayılmış, hətta II Əbdülhəmidi devirərək yenicə hakimiyyətə gəlmiş “İffihad və Tərəqqi” Cəmiyyətinin aparıcı şəxsiyyətləri olan vitsegeneralissimus Ənvər Paşanın, dövlətin Xarici İşlər Naziri Tələt Paşanın, Dəniz qüvvələri Naziri Camal Paşanın, Xəlil Paşanın və digərlərinin “Osmanlıçılıq”dan imtina edərək bu ideologiyaya dəstək vermələri, onu Türkiyə hökumətinin rəsmi ideologiyasına çevirmələri Türkçülüyün daha da güclənməsi və tərəfdarlarının çoxalmasına yol açmışdı. Beləliklə Yusuf Akçura və digər Türkçülərin səyi nəticəsində maarifçi və ideoloji Türkçülüklə siyasi və hərbi Türkçülük birləşərək “Turançılıq” məfkurəsini ön plana çıxarmışdı. Bu ideologiyanın xarici siyasətdə də tətbiqinə başlanması, məktəb və mədrəsələrdə və hətta hərbi məktəblərdə tədrisi “Türkçülük” cərəyanına bütün Türk dünyasında böyük maraq yaratmışdı. Başda Yusuf Akçura, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp olmaqla Türkçülüyün elmi əsaslarını işləyib hazırladılar ki, sondan Ziya Göyalp bütün bunları bir “Proqram” şəklinə salaraq “Türkçülüyün əsasları” adı altında nəşr etdirmişdi.
Digər Türkçülər kimi Yusuf Akçuraya görə də “Türk dili, Türk tarixi, Türk ədəbiyyatı, Türk mədəniyyəti yalnız bir türk xalqının, məsələn, Osmanlının malı deyil. Bütün Türklük birdir, bir Millətdir və bütün bu mədəniyyət Ümumtürk mədəniyyətidir”. (Seçmələr bizimdir-A.M. Bax: Akçura Yusuf, Türkçülük, İst., 1990, səh.28).
“Türk Yurdu” dərgisi 1931-ci ildə qapadılsa da, “Türk ocaqları” tərəfindən fasilələrlə də olsa yayımlanmasına və yaşadılmasına çalışılmışdır. Bu dərgi Türklük şüurunu oyandırma vəzifəsini əsasən onun yaradıcısı Yusuf Akçuranın redaktorluğu dönəmlərdə yerinə yetirmişdi.
Yusuf Akçura özünün məşhur “Osmanlı dövlətinin dağılma dövrü” adlı əsərində İmperatorluğun çöküşünün səbəblərini xülasə edərək göstərmişdi ki: “Qərbdən fərqli olaraq Osmanlıların dənizlərdən istifadə edərək müstəmləkəçilik siyasəti yeritməməsi, o ölkələrin sərvətlərini mənimsəməməsi; Digər Qərb dövlətlərindən fərqli olaraq Osmanlıların müxtəlif dinlərə, məzhəblərə inanan, müxtəlif dillərdə danışan təbəələrini maddi və mənəvi təsislərlə uzlaşdıraraq birləşdirməyə çalışmaması; İmperatorluğun çox geniş bir ərazini əhatə etməsi və xristian dünyası ilə davamlı müharibələrdə olması; Osmanlıların dənizlərdə Fransızlara, Felemenklilərə, Venedeklilərə, İngilislərə imtiyazlar verməsi; Osmanlı dövlətinin zəiflənməsindən istifadə edən xristian Avropanın və Rusiyanın Osmanlı təbəəsi olan xristianları himayəyə qalxması və onları Osmanlı dövlətinə qarşı seperatçılığa və itaətsizliyə təşviq etmələri; Xristian əsillilərin Osmanlı dövlətində yüksək mövqe tutaraq dövlətin xarici siyasətində və maliyyə işlərində xəyanətkar mövqe tutmaları; hökumətlə əhali arasında ahəngin zəifləməsi; Elmin Qərbdən geri qalması; Kapitalist istehsal üsuluna keçilə bilməməsi və beləliklə də sənaye, texnika və hərbi cəhətdən Qərbdən geri qalması və s. (Seçmələr bizimdir – A.M. Bax: Yusif Akçura, Osmanlı dövlətinin dağılma devri, İstanbul 1940, səh.6-9).
Çar Rusiyasında Yusuf Akçuranın Türk ruhunun inkişafında müstəsna xidmətləri olmuşdur. Yusuf Akçuranın gərgin fəaliyyəti nəticəsində Türklük ruhu Namiq Kamalın fikir aləmi ilə birləşərək Türkiyə Türklüyünə də öz təsirini göstərmişdi (Bax: Prof. Dr. Laszlo Rsonyi, Tarihte Türklük, Ankara 1971, səh.237, 258, 276).
İstanbulda yaşayan, əslən çar Rusiyasının tərkibində olan Türk yurdlarından bir çox ziyalılarla da bir araya gələrək “Rusiya Müsəlmanları Türk-Tatar Millətləri Müdafiə hüquq Cəmiyyəti”ni yaradan Yusuf Akçura Əlibəy Hüseynzadə, Qafqaz üləmalarından olan Məhəmməd Əsəd Çələbizadə və Mükməddin Beycan ilə birgə 1915-ci ilin sonlarında Rusiya Müsəlmanlarının hüquqlarını müdafiə məqsədilə Mərkəzi Avropa dövlətlərinin hökumət nümayəndələrinə vəziyyəti anlatmaq üçün İstanbuldan Avropaya hərəkət etmişdilər.
“Turan heyəti” öncə Budapeştə, oradan Vyanaya, Berlinə və İsveçrəyə gedərək Yusuf Akçura və Əlibəy Hüseynzadə tərəfindən “Komitə” adına hazırlanan “Rusiya Müsəlmanlarının Tələbləri” adlı memorondium mahiyyətli bir risaləni Alman dilində çap etdirərək Avropa dövlət adamları və məşhur şəxsiyyətlərinə, həmçinin Rus sosialist liderlərinə təqdim etmişdilər. Bu “Tələbnamə”də Rusiyadakı Türklər altı bölgədə göstərilmiş və onların hər birinə milli müstəqillik verilməsi istənmişdi. Komitə üzvləri Budapeştdə Macarıstan Baş Naziri Kont Tissa, Vyanada Avstrya Baş Naziri və Xarici İşlər Naziri tərəfindən səmimi qəbul edilmiş, onlarla bu “Tələblər”lə bağlı danışıqlar aparılmışdı. Ondan sonra Berlinə gələn nümayəndə heyəti orada Alman dövlət yetkililəri ilə görüşlər keçirmiş, memorandumu əlaqəli şəxslərə təqdim etmişdilər. Təbiidir ki, Alman hökumətinin rəyi xüsusi əhəmiyyətə malik idi. Çünki Rusiyada yaşayan Türklərin mədəni və siyasi haqlarının əldə edilməsi yalnız Almaniya hökumətinin razılığı ilə mümkün ola bilərdi. Vyanadan sonra Berlinə daha sonra isə tərəfsiz ölkə olan İsveçrəyə gələn heyət üzvləri burada da hökumət üzvləri və həmçinin Leninlə Zürihdə görüşmüş, öz istəklərini də onlara çatdırmışdılar. İsveçrədə olarkən Leninlə bir neçə dəfə görüşən Əziz Bəy yazır ki: “Yusuf Akçura Bəylə bərabər 1916-cı ilin iyun ayında Lozanda keçirilən məhkum millətlərin Qurultayında iştirak edirdik. Orada bəzi rus sosialistləri ilə də görüşdük. Bunlardan Zifeld adlı bir gənc bizi Leninlə görüşdürməyə vasitəçi oldu” (İqtibas Dr. Akdes Nimet Kuratın “Türkiye ve Rusya” adlı əsərindən götürülmüşdür. Bax: göstərilən əsər, Ankara 1990, səh.329).
Tərəfsiz bir ölkə olan İsveçrədə heyət üzvləri “Rusiyadakı Xalqlar Konqresi” adı ilə bir toplantı təşkil edərək Rusiya müsəlmanlarının və azlıqda qalan xalqların mədəni, dini bərabərsizliklərinin aradan qaldırılmasını, seçki sistemində dəyişikliklər edilməsini İsveçrə hökumətindən xahiş etmişdilər. İsveçrədən İngiltərə, Fransa və digər ölkələrin hökumətlərinə teleqramlar göndərərək onlardan da Rusiya Müsəlmanlarının haqlarının tanınmasını xahiş etmişdilər. Həmçinin Yusuf Akçura, Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun imzası ilə 18 may 1916-cı ildə ABŞ Prezidenti Vilsona eyni məzmunda bir teleqram göndərilmişdi. Onların bu fəaliyyətinin müəyyən qədər də olsa təsiri olmuş, ilk dəfə olaraq Rusiya Müsəlmanlarının səsləri onların vasitəsilə xarici aləmə duyurulmuşdu.
I Dünya müharibəsi dövründə “Petroqradda keçirilən Qarışıq Komissiyada Türk heyətinin tərkibində Türk əsirlərinin işləri ilə məşğul olmaq üçün “Hilali-Əhmər” (Qızıl Ay) təşkilatının xətti ilə Kopenhagenə göndərilən Yusuf Akçura da Türkiyə Xarici İşlər Naziri Tələt Paşanın Berlindən verdiyi əmrə əsasən iştirak etmişdi”. (Bax: Dr. Akdes Nimet Kurat, göstərilən əsəri, səh.396).
Yusuf Akçura həmçinin Ruslara əsir düşmüş Türk əsirlərinin vətənə dönmələri üçün “Hilali-Əhmər” xətti ilə Moskvaya gəlmiş, burada Türkiyə səfiri Qalib Kəmali Bəyə Rusiya və bolşeviklər haqqında müfəssəl məlumatlar vermiş, Moskvadakı əsirlərə yardım Komitəsi ilə görüşdükdən sonra Türk əsirlərinin daha çox bulunduğu Kostroma şəhərinə getmiş və Moskvada Ayaz İshaki Bəy tərəfindən nəşr edilən “El” qəzetində Türk əsirlərinə xitabən bir “Açıq Məktub” dərc etdirmişdi. Bu açıq məktubunda Yusuf Akçura bütün Rusiyadakı əsir Türk zabit və əsgərlərinə müraciət edərək onlardan yaşadıqları yerlər və sayları haqqında məlumat vermələrini, həmçinin yerli xalqlardan onlara hər cür yardım göstərməyi xahiş etmişdi. Yusuf Akçuranın sayəsində yerli Türklər Rusiyadakı Türk əsirlərinə hər cür yardım göstərmiş, bu məqsədlə Rusiyanın 13 şəhərində “Əsirlərə yardım şöbələri” yaradılmış, bir neçə yüz Türk əsirləri Finlandiya və İsveç yolu ilə vətəninə qayıda bilmişdilər.
Yusuf Akçuranın Moskvaya gəlişi Türkiyə səfirliyi ilə Rusiya Müsəlmanları arasında təmaslar yaratmaqda mühüm rol oynamışdı. Belə ki, bolşevik hökumətinin qəbul etdiyi “Vərəsəlik qanunu” bütünlüklə Rusiyadakı Türklərin mal-mülkdən məhrum olmasını ehtiva etdiyindən Yusuf Akçuranın təşəbbüsü ilə Ufadakı İdil-Ural Türklərinin “Milli İdarəsi”nin başçısı Sədri Məqsudi Bəy, Mufti Əlimcan Barudi və İdarənin üzvlərindən Qurbanqaliyev Sovet hökumətinə bir “Memorandum” hazırlayıb təqdim etmiş, onun həyata keçməsi üçün Türkiyə səfiri Qalib Kəmali Bəydən Rusiya Müsəlmanlarının haqlarının qorunmasında yardım istəmiş və bu yardım göstərilmişdi.
I Dünya müharibəsində məğlub olan və əraziləri Antanta dövlətləri tərəfindən işğal olunan Osmanlı İmperatorluğunun tarix səhnəsindən silinməsindən sonra Qazi Mustafa Kamal Paşanın başlatdığı “İstiqlal Savaşı”nın iştirakçısı olan Yusuf Akçura hətta “45 yaşında olmasına baxmayaraq bir dəliqanlı kimi “Sakarya Meydan Savaşı”nda bir əsgər kimi düşmənlərə qarşı savaşmışdı. İstiqlal mücadiləsi və sonrakı dövrlərdə də Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilən Yusuf Akçura 1931-ci ildə “Türk Yurdu” dərgisinin bağlanmasına baxmayaraq (Dərgi 1931-ci ildə bağlansa da “Türk Ocaqları” tərəfindən fasilələrlə də olsa yayımlanmış və yaşadılmışdır-A.M.) Türk Tarixi Tədqiq Cəmiyyətinin (Sonrakı adı “Türk Tarihi Kurumu” – A.M.) üzvü, 1932-ci ildən vəfatına, yəni 1935-ci ilə qədər Cəmiyyətin başqanı olmuşdur. Öz həyatı ilə bağlı yazdığı “Ta Kəndim-Yahut Defteri-Amalım” adlı əsəri 1944-cü ildə İstanbulda nəşr edilmişdir.
Türkçülüyü bütün dünyadakı Türk Millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüş kimi qəbul edən, özünün məşhur “Üç tərzi-siyasət, “3 haziran Vakayi-Müəssifəsi”, “Türkçülüyün tarixi”, “Türkçülük” və s. kimi əsərləri, sayı-hesabı bilinməyən elmi, siyasi, ideoloji və fəlsəfi məqalələri ilə Yusuf Akçura, fəaliyyəti ilə də Tark Millətinin haqqının, ləyaqətinin, hüququnun təmsilçisi kimi Türk Millətini yox etməyə çalışan bütün qüvvələrə, xüsusilə rus şovinizminin iyrənc antitürk siyasətinə qarşı ömrünün sonuna qədər mübarizə aparmışdır.
Yusuf Akçuranın da öndərliyi ilə Türkçülüyün “Türk millətçiliyi” bayrağı altında tarix səhnəsinə çıxması o dövrdə yalnız Türkiyə milli ziyalılarını deyil, bütün dünyadakı Türk milli ziyalılarını bir araya toplayaraq Türklərin tarixən yaşadıqları və əzəmətli dövlətlər qurduğu ərazilərin adı ilə bağlanmış, “Turançılıq” adı altında adlanmağa başlamışdı.
Bu ideologiya XX əsrin əvvəllərində Türk dünyasına Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə Respublikasını, XX əsrin sonlarında isə beş müstəqil Türk Cumhuriyyəti bəxş etmişdir.
Ruhun şad olsun, ey böyük Türk mücahidi!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az
 

Dünyapress TV

Xəbər lenti