Ələmutun fəthi -
Məngü xan 1253-cü ilin baharında qardaşı Hüləgü xanı Azərbaycan səfərinə yola saldı. Səfərin əsas hədəfləri Nizari İsmaililər və Abbasi Xilafəti idi. Hüləgünün Azərbaycana gəlib çatması tam 3 il zaman aldı.
1256-cı ildə Azərbaycana daxil olan Hüləgü ilk olaraq diqqətini hərbi fəaliyyətləri Kit Boğa tərəfindən başladılan ismaililər məsələsinə yönəltdi. Böyük ehtimalla, Hüləgü ismaililər haqqında geniş və ətraflı məlumata sahibdi. Belə ki, moğollarla ismaililər arasında yaxşı münasibətlər Göyük xan dövründə kəsilmiş və buna səbəb olaraq ismaililərin lideri III Məhəmmədin Abbasi xilafəti ilə Fransa-İngiltərə arasında moğollara qarşı yaratmaq istədiyi "Müsəlman-Xristian ittifaqı" göstərilmişdir.
Hüləgü hələ 1253-cü ildən ismaililərə qarşı kəşfiyyat xarakterli əməliyyatlara start vermişdi. Tərəflər arasında Kuhistan, Girdkuh, Kəmali, Mihrin, Tun və Turşizdə döyüşlər başlamışdı. 1255-ci ildə moğollar ismaili qalalarının alınmasına mancanaqları cəlb etməyə başladılar. Tusu bu yolla ələ keçirdilər. Moğol ordularına Kökə İlqay ilə Kit Boğa başçılıq edirdilər.
Hüləgü ismaililərin son şeyxi Rüknəddin Hürşahdan qalaları yıxdırıb, təslim olmasını tələb etmişdi. Lakin Hürşah müqaviməti davam etdirərək vaxt uzatmağı lazım bildi. 1256-cı ildə Yasavur Noyonun başçılığında moğol ordusu Rudbara gəldi. Moğol dəstələrinin dağa çıxmasını gözləyən ismaili fədailər ciddi müqavimət göstərdilər. Üzüyuxarı dağa çıxmağın çətinliyini anlayan Yasavur ordunu geri çəkməyə məcbur oldu.
Hüləgü dağlardakı yüzlərlə qalanı itkisiz ələ keçirə bilməyəcəyini yaxşı bilir, ismaili şeyxi də vaxtı uzadaraq vəziyyəti moğolların əleyhinə çevirəcəyini hesablayırdı. Artıq səbr, vaxtı uzatmaq, keçilməz dağ yollarında düşməni sıxışdırıb tələf etmək, ani basqın və hücumlarla qarşı tərəfin dirəncini qırmaq Həsən Səbbahdan etibarən ismaili hərbi taktikasının əsasını təşkil edirdi. İsmaililər bu yolla dəfələrlə Səlcuqlara qalib gəlmişdilər. Ancaq Hüləgü daha inadkar idi, üstəlik, bölgəyə yayılmış bütün hərbi dəstələri Alamut ətrafına cəmləşdirməyə davam edirdi. Çəmbər daralırdı.
Böyük bir sahəyə yayılan moğol ordusu hər qala, hər divar və hər dağ ətrafında ağır döyüşlər aparırdı. Çevrəni mükəmməl bilən nizari-ismaili dəstələri moğollara aman vermirdilər. Müharibə tam bir əsəb döyüşünə çevrilmişdi. Boğa Teymur ilə Kökə İlqay əmrindəki moğollar Ostandar yaxınlığından keçib Xəzər sahilinə çatmış və ismaili torpaqlarını tam mühasirəyə almışdılar.
8 Noyabr 1256-cı ildə Hüləgünün çadırı Meymendiz qalasının cənubunda ucaldıldı. Meymendiz ismaililərin Alamut və Lemsar adlanan böyük qalalarının dibində yerləşirdi. Beləliklə, moğollar Alamuta daha bir hücum gerçəkləşdirdi. Moğollar ətrafdakı ağacları kəsib mancanaqlarla yuxarıya atmağa başladılar. Dağ başında daş-kötük döyüşü cərəyan edirdi. Mazandaran və Təbəristan dağlarında tam bir qiyamət yaşanırdı. Döyüşlər səngiyib gecə düşdükdə bu dəfə meydanı vəhşi heyvanlar alırdı. Çaqqallar, canavarlar, vəhşi donuzlar və pələnglər dağa, vadiyə səpələnmiş leşləri qapışırdılar. Digər tərəfdən, Hüləgü moğollara aid bütün hərbi gücü Alamutun ətrafına toplayırdı. Gətirdiyi silahlardan biri Çində istehsal olunmuş mənzili 2500 addım olan mancanaq idi. İsmaili şeyxinin əlində nəinki canlı güc qalmış, hətta qalalarda ciddi aclıq yaşanırdı. Sonunda Hürşah təslim olduğunu açıqladı. Qardaşı İranşahı və Kiya adlı oğlunu Xacə Nəsirəddin Tusinin nəzarətində qaladan aşağıya göndərdi.
Hürşahın təslim qərarı ilə 100 ismaili qalası təslim oldu. Anacaq əmrə qarşı çıxıb döyüşən qalalar da vardı. Hürşahın qala komandiri 15 dekabra qədər silahı əlindən buraxmadı. 20 Dekabrda isə Hüləgü Alamuta qalxdı. Şəhərin əzəmətinə təəccüb etdi, hətta təəccübdən barmağını dişlədi. Bir qrup alimə kitabxanada işə yaramayan kitabların toplanmasını əmr etdi. Sonra şəhər ordunun ixtiyarına tərk edildi. Alamut bir daha özünə gəlməyəcək şəkildə talan edildi.
Hürşah və onunla birlikdə əsir alınan son ismaililər uzun yaşamadılar. Hürşah 9 adamı ilə birlikdə 9 mart 1257-ci ildə böyük xana göndərildi. Həqarət və təhqirlərə məruz buraxıldığı bir səfər yaşadı. Onu Məngünün hüzuruna çıxardılar. Böyük xan ona ağır sözlər dedi və sonra hüzurundan qovdu. Hürşah və adamlarını Moğolustandakı Hinqay dağı ətəklərində boğazladılar. Qəzvində qalan ismaili şeyxinin ailəsi beşikdəki uşağına qədər Hüləgünün əmrilə qılıncdan keçirildi. Ümumilikdə təslim olan 12 min ismaili qətl edildi. Məngünün fərmanı ilə heç bir ismaili sağ buraxılmadı. Ata-Məlik Cüveyni Alamutun son görüntüsünü belə ifadə edir: "Alamut boynu yerdə, diz çökmüş dəvəyə oxşayır".
Əkbər Nəcəf, Hüləgü xan
Teref.az
 

Dünyapress TV

Xəbər lenti