
2025-ci ildə ölkəmizdə türk dünyasının tanınmış yazarı B.Vahabzadənin 100 illik yubileyi qeyd ediləcəkdir. Artıq bu barədə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 21 fevral tarixində müvafiq sərəncam da imzalamışdır.
Sərəncamda oxuyuruq: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”.
Elə B,Vahabzadəni XX əsrin fenomeninə çevirən əsas reallıqlar da bunlardır.
O, doğma ana dilinə sonsuz məhəbbət bəsləyirdi. Təsadüfi deyil ki, bu qüdrətli simanı Azərbaycan ədəbiyyat tarixinin “ana dili şairi” adlandırırlar. Bu yazımızda böyük şairin ana dili barədə bəzi fikir, düşüncə və görüşlərindən söhbət açacağıq.
Xalq şairi, akademik yaxşı bilirdi ki, “Milliyyət naminə aparılan...mübarizədə ən çox müdafiə olunan dildir. Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda və dilə bağlı olan məktəb, ədəbiyyat, mətbuat uğrunda mübarizədir, çünki “...milləti hər şeydən artıq dil təmsil edir”. (M.Ə.Rəsilzadə)
B.Vahabzadənin qənaətincə, dil hər bir millətin varlığının ilkin təzahürlərindəndir, “dili olmayan xalqın özü də yoxdur”, yəni dilini qeyb edən bir toplumun öz mövcudluğunu qoruyub saxlaması mümkün deyildir. Şair «Ana dili», «Oğluma», «Latın dili», «Uzun illər boyu öz vətənindən», «Mənim ana dilim», «Özümdən özümə şikayət», «Fəxriyyə», «Özgə», «Mənim anam», «Hara gedir sabahımız» və başqa şeirlərində, həmçinin bir sıra məqalələrində ana dilinin əhəmiyyəti, milli düşüncənin formalaşmasındakı rolu barədə öz görüşlərini əks etdirmişdir. O yazırdı: “Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını, beyninin fikrini ifadə edir”. Şair şeirlərinin birində deyirdi: “Hər ulusun ən qiymətli sərvətidir ana dili. Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili”.
Dahimiz dönə-dönə qeyd edirdi ki, hər bir millətin varlığı, mövcudluğu ana dilinin istifadəsi və nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır.
Öz dilini “ana köküm” adlandıran B.Vahabzadə ata-babalardan miras qalan ana dilini göz bəbəyi kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil verməyi” hamının müqəddəs borcu hesab edirdi. Bu barədə “Ana dili” şerində belə yazırdı:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Öz məsləkdaşları kimi B.Vahabzadə də hər bir azərbaycanlıdan ana dilini mükəmməl öyrənməyi və bilməyi tələb edirdi. O yazırdı ki, “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır”. O, “Ana dilim-ana köküm” məqaləsində də dili bilməyin zəruriliyindən söz açırdı. Ana dilini bilməyənlər haqqında yazırdı: “Axı, sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək, bu millətə övlad deyilsən”. Şair “doğma dilində danışmağı ar bilənlər”ə müraciətlə deyirdi:
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Bəxtiyar müəllim xarici dillərdə danışmağı yüksək mədəniyyət göstəricisi sayıb, özünü mədəni göstərən ziyalıların ana dilinə laqeydliyini və biganəliyini kəskin tənqid etmişdir. O, ana dilimizə qarşı heç bir biganə münasibəti qəbul etmirdi.Öz ana dilini bilməyən, lakin xarici dillərdə bülbül kimi ötənləri “fasonlu ədabazlar” adlandırırdı. O, ana dilinə ögey münasibəti özümüzə - öz milli kimliyimizə və varlığımıza ögey münasibət sayırdı, Ç.Aytmatov kimi “biganəlik nəticəsində milli dillərin məhvə məhkum edilməsini milli faciə” hesab edirdi. Öz doğma dilinə yad olan, ondan üz döndərənləri, xüsusən ziyalıları (həkim, yazar, alim, müəllim və b.) qınayırdı. 1967-ci ildə yazdığı “Riyakar” şeirində xalqın övladlarına ana dilində dərs verən, lakin öz övladlarını rus məktəblərində oxudan müəllimlər tənqid olunurdu. “Gəlin açıq danışaq” kitabında isə şair bütün ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna münasibət bildirərək yazırdı ki, “Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”. “Ana dilim-ana köküm” məqaləsində isə “bizim obrazovannılar” haqqında deyirdi: “Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma “çaşıb” ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi “geri qalmış adam”, özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir”. Şairin “Özümdən özümə şikayət” şeirində isə müstəqillik illərində dilimizə olan biganəlik və laqeydlik tənqid olunurdu.
B.Vahabzadə ana dilimizin saflığı məsələsinə, yersiz əcnəbi sözlərlə zibillənməsinə qəti etiraz edir, lüğət tərkibinin yad sözlərdən təmizlənməsinə xüsusi əhəmiyyət verirdi. “Ana dili şairi” adlanan B.Vahabzadə qəzet və jurnallarda dərc etdirdiyi “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” və başqa məqalələrində klassiklərin (F.Köçərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və b.) dilin saflığı barədəki fikirlərinin davamçısı kimi çıxış edirdi. Öz dilində yersiz əcnəbi sözləri işlədənləri, heç ustad Şəhriyarı da bağışlamırdı:
Məni bağışlasın
Şəhriyarım da,
Otuz il özgəyə “bəradər” dedi.
Öz doğma yurdunda, öz Diyarında
Doğma anasına o “madər” dedi.
Elə ki, yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
O yazırdı ki, “Mənim torpağa “xak” deyil, məhz torpaq deməyim, suya “ab” deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur”. O, televiziya reklamlarında, reklam lövhələrində, sahibkarlıq obyektlərinin adlandırılmasında dilimizi əcnəbi sözlərlə zibilləyənlər barədə sərt şəkildə yazırdı:
Bir vaxt rusca idi, bütün reklamlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var
Bircə öz dilimiz yaramır bizə!
Ana dilini öyrənməyin və onu qoruyub saxlamağın əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görən şairimiz ana dilli məktəb və ana dilinin tədrisi barədə indi də aktuallığını saxlayan fikirlər söyləmişdir. Məsələn, Sovet hakimiyyəti illərində qələmə aldığı «İftiraya cavab» adlı məqaləsində ana dili problemi ilə bağlı məsələyə özünün münasibətini bildirərək yazırdı: “Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?” “Gündəlik ünsiyyətdə Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmış”dır, - söyləyən şair həm məqalələrində, həm də şeirlərində dilimizin müdafiəsinə qalxmışdır.
O bildirirdi ki, doğma ana dilində təlim-tərbiyə görməyən, özgə dili ilə dil açan, özgə məktəblərində təhsil alanların öz millətinə, öz vətəninə xidmət etməyəcəyi gün kimi aydındır. Böyük rus pedaqoqu K.D.Uşinskinin dediyi kimi “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!” Ona görə də haqlı olaraq yazırdı:
Anasının dilində
Dil açmayan kəs,
Millətin dərdini
Anlaya bilməz.
B.Vahabzadə azərbaycanlıların kütləvi şəkildə rus məktəblərində təhsil alması ilə barışa bilmirdi. Şair “Ana dili (Bir məktuba cavab)” adlı publisistik yazısında bir nəfər valideynin “bircə cümlə yazın, uşaqların məktəbini dəyişim, ya dəyişməyim? Hər halda siz gələcəyi bizdən yaxşı görürsünüz” sualına belə cavab vermişdi: “...sən bir şeyi unudursan ki, ana dili millətin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. El demişkən, namusu itə atıblar, it yeməyib. Amma yeyənlər var...”
Onu da deyək ki, özü də bir neçə xarici dil bilən B.Vahabzadə heç vaxt çox dil bilməyin əleyhinə olmamışdır. O, uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə olmuşdur. B.Vahabzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibələrinin birində deyirdi: “Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər”. Hər bir millətin övladı orta təhsilini ana dilində almalı, ana dilini yaxşı öyrənəndən sonra xarici dilləri öyrənməlidir. Ana dilini bilməyən, lap 5 xarici dil bilsə də, ondan xalqa, Vətənə xeyir gəlməz. O, gənclərimizin özlərinin də ana dilinə laqeydliyini bağışlaya bilmirdi.
Öz övladlarını, nəvə-nəticələrini ana dilli məktəbdə oxudan Bəxtiyar müəllim qeyd edirdi ki, bir dəfə "Universitetin həyətində (Bakıda fəaliyyət göstərən “Amerika” Universiteti nəzərdə tutulur – İ.V.) bir neçə tələbə qıza rast gəldim. Onlardan iclasın harda keçəcəyini xəbər aldım. Heç biri mənə ana dilində cavab verə bilmədi. Mənimlə bərabər iclasa gələn professor N.Rzayev qəsdən onlara ingilis dilində eyni sualı verdi. Sualımızı həm rus, həm də ingilis dilində bülbül kimi ötərək cavablandırdılar. Mən bu dəfə onlardan rus dilində soruşdum: “A vı ne znaete svoy rodnoy yazık?". Rus dilində qayıtdılar ki, xeyr, ana dilimizi bilmirik. Mən də əsəbi şəkildə onlara dedim ki, lap əcəb eləyib bilmirsiniz. Bu dil kimə lazımdır ki?” (Vahabzadə B. əsərləri. 11 cilddə, X c., Bakı: Azərbaycan nəşriyyatı, 2002) O deyirdi ki, "Ən ürək ağrıdan cəhət burasıdır ki, sovet dönəmində rus dilini mükəmməl bilməyənləri işə götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri qapı arxasında qoyurlar". B.Vahabzadə tanınmış türk alimi O.Sinanoğlunun söylədiyi "Əgər bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini yabançılaşdırın!” fikrinə haqq qazandırırdı.
Hazırda ölkədə işə qəbul zamanı ingilis və digər xarici dilləri bilməyin ən vacib şərt kimi irəli sürüldüyü, on minlərlə şagirdin dövlət maliyyəsi hesabına rus dilində təhsil aldığı, rus dilində xeyli ümumtəhsil məktəbinin olduğu, yüz minlərlə şagirdə rus dilinin ikinci xarici dil kimi (könüllü yox, icbari qaydada) tədris edildiyi dövrdə də bu sözlər böyük aktuallıq kəsb edir.
Görkəmli şəxsiyyətimiz dilimizin keşiyində də ayıq-sayıq durmuş, ona qarşı haqsız hücumlara sinə gərərək öldürücü cavablar vermişdir. Bu barədə çox nümunələr söyləmək olar. Biz bir nümunə ilə kifayətlənəcəyik. Məsələn: B.Vahabzadə Cənubi Azərbaycanda milli varlığımızı danan, dilimizi yad kökə bağlamaq istəyən milliyyətcə “azərbaycanlı” olan Yəhya Zəkaya “Cavab” adlı şeirində layiqli qarşılıq verərək yazırdı:
Ey özündən əmin, özündən razı,
Yalanı söylədin kimin adından?
Ananın laylası, atanın sazı
Babanın ocağı çıxdı yadından?
Şübhəsiz ki, 100 yaşlı B.Vahabzadənin fikir və düşüncələri, görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının inkişafına bu gün də güclü təkan verməkdə davam edir.
Bizcə, Ü.Hacıbəylinin görkəmli və tanınmış şəxslər barədə 1910-cu ildə ”Həqiqət” qəzetində çap olunmuş yazısında dediyi “…onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında…öləndən sonra da camaata mənfəət veriblər”, - sözlərini onun məsləkdaşı, həm də əqidə davamçısı B.Vahabzadəyə də aid etmək olar.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.