Türk mahnılarını oxuduğu üçün onu konsertlərə buraxmırdılar...
Onun yaşantıları mənə bir həyat fəlsəfəsini xatırlatdı: insan yalnız kefindən, bərbəzəkli, firavan, bahalı həyatdan harınlayıb insanlardan uzaqlaşmır. O, həm də insanlara zərəri toxunmasın, onlara ziyan verməsin deyə özünü təcrid edə bilər. Ramiz Rövşən necə deyir:

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

Haqqında söhbət açdığım sənətkar dimdik gəzdiyi yerdən yıxılıb. Populyarlığının zirvəsində olduğu, sevdiyi-sevildiyi zaman. Övladının əlindən tutmalı olduğu bir zamanda onun əlini buraxıb, xanımından uzaqlaşıb, mühitini tərk edib, özünü xəstəxanada məhkum həyatına qapadıb, qapadıb ki, xəstəliyi heç kimə keçməsin, yaxınlarına zərəri toxunmasın, oğlu sağlam yaşasın.

Hüseynağa Hadıyevdən söhbət gedir. 80-90-cı illərin populyar müğənnisi, mahnıları indiki kimi deyil, həqiqətən hitə çevrilən Hüseynağa Hadıyevdən.

Çiçəklər açmasa, gələrsən yaz gələr,

Üfüqlər tutulsa, gülərsən göy gülər

Qəzəblə qışqırsan ulduzlar tökülər…

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda məşhur “Sovetski” məhəlləsində dünyaya gəlib. Anası, Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı olan Törə xanım oğlunu aktyor görmək istəyirmiş. “Sovetski”dən çox aktyor, rejissor, sənətkar çıxıb, amma uşaq vaxtlarında çoxu quşbaz olarmış. Hüseynağa Hadıyev də uşaqlıqdan bu işə aludə olub. Deyilənə görə, tanınmış müğənni olduğu vaxtlarda da hərdən sevimli məşğuliyyətinə qayıdarmış. Musiqi təhsili yalnız “Pionerlər” evində getdiyi qarmon dərnəyi ilə yekunlaşıb. Anasını vaxtsız itirən gələcək müğənni təhsil arxasınca düşə bilməyib.

Dərnəkdən tanıdığı dostları vasitəsilə təsadüfən “Dan ulduzu” ansamblının üzvləri ilə tanış olandan sonra həyatı dəyişir. “Nə gözəldir Azərbaycan”, “Bağçadan gələn səs”, “Gəl, barışaq”, “Köçəri quşlar”, “Bir xumar baxışla”, “Unuda bilmirəm”, “Mehriban insanlar”, “Xalidə”, “Mənim dünyam” və sair kimi mahnılarla ansamblın tarixinə adını yazan müğənni az bir zamanda tanınır və sevilir. O zamanlar dövlət televiziyasının xüsusi qaydaları vardı. Onun efirinə çıxmaq üçün gərək qaydalara əməl edəydin. Hüseynağa Hadıyev isə təbiətcə çərçivələrə, qaydalara sığmayan adam olub. Ona kostyum geyin, qalstuk tax deyirmişlər, o isə gödəkcədə səhnəyə çıxırmış. Bu səbəbdən də bəzən onu konsert proqramlarından uzaqlaşdırırdılar. Azərbaycanda bütün müğənnilərin yalnız Azərbaycan bəstəkarlarının mahnıların ifa etdiyi dönəmlərdə Hüseynağa Hadıyev türk mahnılarını da ifa edirdi. Bu da müğənninin rəsmi tədbirlərdən, konsertlərdən uzaq saxlanması ilə nəticələnirdi, amma tamaşaçının böyük məhəbbəti onu sınmağa qoymurdu. Çünki nə oxuyurdusa, onun adına yazılırdı, özünəməxsus böyük istedadla ifa etdiyi bütün mahnılar indi də onun ifasında qulaqlarda qalıb.

Onu hədsiz sayda toylara dəvət edərdilər, həm də yüksək qonorarla. Hüseynağa Hadıyev nə var-dövlət, nə də maşın həvəskarı olmayıb, qazancını evə, maşına deyil, yalnız brilyanta verərmiş. Daş-qaş həvəskarı imiş. Bir də çoxlu geyimləri olub. Getdiyi toylardan qayıdanda həmişə quşlarına yem alıb gətirərmiş. Sarsılan kimi özünü verirdi sevimli quşlarının yanına, onları yemləyir, onlarla danışır, dərd-qəmi bu minvalla azaldırdı.

Dərdini heç kimlə deyil, quşlarla dağıdan adam həyatının ən böyük ağrısını da heç kimə deməyib. Deyilənə görə, səhhəti ağırlaşanda onlardan da uzaqlaşıb. Hələ hərbi xidmətdə olarkən ağır xəstəliyi olduğunu bilən Hüseynağa bunu hamıdan gizlədib, vaxtlı-vaxtında müalicəsini ala bilmədiyindən xəstəliyi irəliləyib. Bəlkə ailəsindən, oğlundan uzaqlaşmasının da səbəbi xəyanət, başqasını sevməyi yox, məhz bu olub.

1994-cü ildə ciyərləri vərəm səbəbindən sıradan çıxan vaxt Hüseynağa Hadıyev sevdiyi qadından da uzaqlaşmışdı, amma nə oğlunu, nə də xanımını yanına buraxmayıb. Sənət yoldaşları həkimindən onun ümidsiz olduğunu öyrənəndə yanına getmək istəsələr də razı olmayıb, heç kimlə görüşməyib.

Hamının sevimlisi, fərqli səsi, ifa tərzi, səhnə manerası ilə seçilən Hüseynağa Hadıyev 1994-cü il yanvarın 12-də 47 yaşında Vərəm dispanserində dünyasını dəyişib. Vəfatından iki gün sonra bacısı onu ölüxanadan çıxardıb dəfn edib…

Və arxasınca heç kim deməyib

Dözüm necə, necə sənsiz,

Səni unuda bilmirəm…

Tamaşaçısından qeyri…

Müəllif: Ramilə Qurbanlı - Mənbə: Pressklub.az
Dia-az.info
 

Dünyapress TV

Xəbər lenti