Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.
Bu barədə şirkətin teleqram kanalında məlumat verilib.
“Qazprom”dan bildiriblər ki, yeganə işləyən qaz kompressor qurğusu olan “Trent 60” texniki xidmət göstərilməsi və planlı profilaktik təmir işləri üçün avqustun 31-də üç gün müddətinə dayandırılacaq.
Qeyd olunub ki, qurğuya texniki xidmət göstərmək zəruridir, kompleks işlər “Siemens” şirkətinin mütəxəssisləri ilə birgə aparılacaq, “Siemens”in texniki sənədlərinə uyğun olaraq, hər min saatdan bir bu işlər aparılmalıdır.
Təmir işləri başa çatdıqdan sonra qazın nəqli bərpa edilərək sutkada 33 milyon kubmetrə çatdırılacaq.
Bu arada Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.
Bu barədə “İnterfaks” xəbər yayıb.
“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.