Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb. Bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.
Belə ki, “Gürcüstan Dəmir Yolları” Bakı-Tbilisi-Bakı sərnişindaşımalarının nə vaxt bərpa olunacağı və 1 may tarixinin hələ də qüvvədə olub-olmaması ilə bağlı sualı cavablandırıb.
“Gürcüstan Dəmir Yolları” “Bakı-Tbilisi-Bakı” sərnişin daşımalarının bərpası ilə bağlı həm dəmir yolu administrasiyaları, həm də məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumları ilə danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsini əhatə edən iş prosesinin getdiyini bildirib.
“Tərəflər nəqliyyatın hərəkətini bərpa etmək üçün intensiv işləyirlər. Konkret tarix daha sonra açıqlanacaq", - “Gürcüstan Dəmir Yolları” qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası ilə bağlı dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlayıb.