Xəbər verdiyimiz kimi, Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərindən şikayətçi idilər. Sakinlər bu barədə Yenavaz.com-a yenidən müraciət ediblər. Sözügedən yaşayış kompleksinin sakinləri daha əvvəl də dəfələrlə sadalanan problemləri ictimailəşdiriblər. Onlar bildirirlər ki, 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüşən şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz veriblər. Lakin həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır. Qeyd ediblər ki, fevral ayında şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz versələr də, bu müddət ərzində heç bir iş görülməyib: “Tikinti şirkəti söz verir, amma faktiki heç bir iş görülmür” Əlavə ediblər ki, bu gün – 11 aprel tarixində bina sakinləri yenidən şirkət rəhbərliyi ilə görüşmək üçün müraciət ediblər, lakin şirkət rəhbərliyi görüşməyib. Daha sonra sakinlər Nizami rayon icra hakimiyyətinə gediblər. Sakinlərin sözlərinə görə, icra hakimiyyətindən gələn həftə görüşün mümkün olacağını bildiriblər. Məlumat üçün qeyd edək ki, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil. “Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, - sakinlər bildirirlər.