“Üzrxahlıq” və ya hüquq dərsləri – 4:
“Matmazel” xanıma və onun maraqlarından hökm çıxaran hakim Nərminə Rzayevaya, həmçinin Siz dəyərli Oxucularıma - əsl hakimlərimə söz vermişdim ki, zorən üzr istətməyin hüquqda yeri barədə mülahizələrimi paylaşacağam. Bu yazıda məhz həmin mövzudan bəhs etmək istəyirəm.
Əziz dostlarım, apelyyasiya şəkayəti ərizəmin 18 –ci abzasında vurğulanır:
“Məhkəmə daha sonra yenə də doğru olaraq, Mülki Məcəllənin 23-cü maddəsinə istinad edib, vurğulayıb ki, fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar mediada yayılmışdırsa, həmin məlumatlar təkzib edilə, fiziki şəxsin cavabı dərc edilə bilər, habelə, fiziki şəxs vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş mümkün müdaxilələrin siyahısını sadalasa da, tamamilə fərqli nəticəyə gəlib, xüsusi ittihamçının istinad olunan qanunvericilikdə nəzərdə tutulmayan tələbini təmin etmək – ictimai qaydada xüsusi ittihamçıdan üzr istəmək vəzifəsinin şikayətçinin üzərinə qoyulması qərarına gəlib”.
Halbuki, Sara Əzimova ilə mənim aramda mübahisə mövzusuna çevrilən və nəhayət, Suraxanı rayon Məhkəməsinə qədər daşınan məlum video-müsahibəmdə moderator Aygün Muradxanlı da, mən də qarşı tərəfi dəfələrlə ekrana dəvət edib, ittihamlarla bağlı öz fikirlərini səsləndirməyə çağırmışıq. O isə bizim bu israrlı tələblərimizə əhəmiyyət verməyib və çarəni məhkəməyə müraciət etməkdə görüb. İttihamçı tərəfin bu asan yolu seçməsi səbəbsiz deyildi. Çünki onun məqsədi barəmdə ağlına gələn böhtanları və təhqirləri yağdırmaq, mənim ona cavab verməyə təhrik etmək idi. Sonra isə əvvəlcədən hazırlanmış plana əsasən, məni məhkəməyə verəcək və 3 il həbsimə nail olmağa çalışacaqdı. Bununla da, 25 il Naxçıvana zülm edən Vasif Talıbov xundasının laxladılmasında oynadığım rolun qisası alınacaqdı.
Həbsxanada məni nələrin gözlədiyi barədə hər hansı mülahizələr yürütməyi belə artıq hesab edirəm. Amma ataların gözəl bir sözü var: “Sən saydığını say, gör, fələk nə sayır”. Sara Əzimov vasitəsilə qurulan bu təxribatçı plan, böyük ehtimalla, “xan” rejiminin Bakıdakı cəlladı sayılan Ali Məhkəmənin rəhbərlərini vəzifələrindən və Məhkəmə-Hüquq Şurasından uzaqlaşdırılması ilə iflasa uğradı. Beləcə, guya ədalət divanı olan Azərbaycan məhkəmə sistemi vasitəsilə məndən alınmağa çalışılan intiqam da istənilən səviyyədə həyata keçirilmədi. Bununla belə, Suraxanı rayon məhkəməsi mənim barəmdə özünün bacara bildiyi ən ağır cəzanı verdi: “you-tube və facebook üzərindən Sara Əzimovadan üzr istənilsin”.
Məhkəmə bu hökmü verərkən yəqin ki, məni küçə ritorikası ilə söyən və söydürən bir insandan üzr istəməyəcəyimi dəqiq bilirdi. Zira kim mənim yerimə olsa, 3 il və ya daha artıq həbsdə yatmağa razı olardı, amma heç bir zaman bu tərbiyəsiz trol dəstəsindən üzr istəməzdi.
Zənnimcə, hakimin mənə əsla etməyəcəyim bir cəzanı kəsməsi səbəbsiz deyildi. Diffamasiya maddələri ilə həbsimin əks rezonans doğuracağından ehtiyatlanan məhkəmə məni tamamilə başqa ittihamla – məhkəmə qərarını yerinə yetirmədiyimə görə cəzalandırmaq istəyirdi. Bu mülahizəni gücləndirən bəzi informasiyalar da qulağıma çatsa da, əlimdə iddialarımı təsdiqləyən real faktlar olmadığımdan bu barədə danışmaq niyyətində deyiləm. Amma bütün hallarda barəmdə edə bilməyəcəyim cəzanın kəsilməsini başqa cür qiymətləndirmək olmur.
İkinci ehtimal da var: məni bütün Azərbaycan ictimaiyyətinin gözü önündə ağır təhqirlərə məruz qoyan trol dəstəsinin başçısından üzr istətməyə nail olarlarsa, öz vətəni və onun ərazi bütövlüyü uğrunda qələmi ilə döyüşən bir jurnalisti tamamən sıfırlamış olardılar. Fikrimcə, bu planı Azərbaycan hakimiyyətində kök salan 5-ci kolonun Tərtər cinayəti ilə müqayisələndirmək mümkündür. Tərtər cinayətinin də əsas məqsədi ölkəsinin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlərimizi mənən alçaldaraq sıradan çıxarmaq və digərlərinə göz dağı vermək deyildimi? Onun daha mədəni formasını Naxçıvan “xanlığına” qarşı qələmi ilə mübarizə aparan şəxslərə tətbiq etməklə faktiki olaraq Vasif Talıbov üzərində yaradılan “yenilməz və ölməz Kaşşey” xofunu gücləndirməyə çalışırdılar. Naxçıvan insanlarının sözünü deməyə çalışan qələm sahiblərinin mənən sıfırlanmasını bu mənada mənəvi terrorizm də adlandırmaq olar.
Təsadüfi deyil ki, qanunvericilikdə belə məhdudiyyətin nəzərdə tutulmadığı halda məhkəmə haqqımda niyə bu qərara gəldiyini heç nə ilə izah etməyib. Bu barədə Apellyasiya şikayətimin 18-ci abzasının davamında deyilir: “Məsələn, məhkəmə qanunda nəzərdə tutulduğu məhdudiyyətlərdən birini - təkzib verməyi də seçə bilərdi, ancaq bunu etməyib, şikayətçinin üzərinə ictimai qaydada üzr istəmək vəzifəsi qoymaqla ona qarşı qərəzli olduğunu, onu jurnalist kimi gözdən, nüfuzdan salmaq, jurnalist etibarını zədələmək, gələcəkdə tənqidi məzmun yaymaqdan çəkindirmək niyyəti güddüyünü göstərib”.
Şikayət ərizəmin 19 –cu abzasında jurnalistin üzərinə üzr istəmək vəzifəsinin qoyulması ifadə azadlığı hüququ ilə bir araya sığmadığı geniş şəkildə izah olunur. Bu barədə ötən yazılarımızda bəhs etdiyimizdən eyni mövzunu yenidən təkrarlamadan yalnız onu demək istəyirəm ki, Konstitusiyanın 47-ci maddəsi də vətəndaşları öz fikrindən zorla döndərməyin yolverilməz olduğunu göstərərək bildirir:
“Maddə 47. Fikir və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”.
Yəqin razılaşarsınız ki, bir jurnalistdən məhkəmə hökmü ilə üzr istənilməsinin tələb olunması onu fikrindən və əqidəsindən zorla döndərməyə xidmət edir. Halbuki, istənilən jurnalisti öz fikrindən döndərməyin, qənaətini dəyişdirməyin daha sivil və qanuni yolu var: onun əldə edib yaydığı məlumata və iddialara qaneedici aydınlıq gətirmək. Şəxsən mən dəfələrlə TV proqramlarında və məhkəmə iclaslarında Sara Əzimovanın bir neçə il əvvəl yazdığı statusa aydınlıq gətirməsini tələb etsəm də, bu tələblərimə müsbət cavab verilmədi. Hətta məhkəmədən həmin statusda barəsində eyhamla danışılan Fazil Ələkbərovun şahid qismində ifadə verməyə dəvət olunması haqqında vəsatətim də qəbul olunmadı. Dolayısıyla qənaətlərim dəyişilməmiş qaldı. Qənaəti dəyişilməmiş insandan üzr tələb etmək işgəncə səviyyəsində bir cəzadır və çox təəssüf ki, bu cəzanı mənə Konstitusiyasına görə, hüquqi dövlət adlanan Azərbaycan dövləti adından Suraxanı rayon Məhkəməsi kəsdi.
Ən qəribəsi isə bu idi ki, mənim qaldırdığım vəsatətin təmin olunmamasına Sara Əzimova və vəkili də qarşı çıxdı. Halbuki, məhz onlar Fazil Ələkbərovun şahid qismində məhkəməyə dəvət edilməsində maraqlı olmalı idilər. Əvvəla, ona görə ki, Sara Əzimovanın “terroristlərlə əlaqəsini” 3 il sərasər araşdıran Fazil Ələkbərovun bu hərəkətinin qanuniliyi və ya qeyri qanuniliyi ortaya çıxacaqdı. Əgər qanunsuz araşdırma aparılıbsa, Fazil Ələkbərov cəzalandırılacaq və ya cəzalandırılması üçün zəmin yaranacaqdı. Sara Əzimovanın bu istəksizliyi yada “torbada deyəsən pişik var” zərb-məsəlini salır və onun fəaliyyəti barədə möhkəmlənmiş qənaətlərin darmadağın olmasına imkan vermir. Belə bir vəziyyətdə jurnalistə “qənaətin dəyişilib-dəyişilmədi üzr istə” tələbi irəli sürülməsi hakimin bu məhkəmədə nə qədər qərəzli olduğunu bir daha təsdiqləyir.
İkincisi, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 138-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin (indiki halda mənim) cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Maddədə bu tələb heç bir mülahizələrə yer buraxmayacaq şəkildə aydın ifadə olunur:
“Maddə 138. Sübutetmənin anlayışı
138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür”.
Maddədən də aydın olur ki, mənim ona böhtan atdığımı sübut etmək vəzifəsi Sara Əzimovaya aid idi. Bunun üçün isə ittihamçı tərəf ilk növbədə onun ətrafında 3 il sərasər araşdırma aparan Fazil Ələkbərovun bu fəaliyyətinin qanunsuz olduğunu, hansısa qərəzdən irəli gəldiyini sübuta yetirməli idi. Deməli, onunla məhkəmədə üzləşməkdən çəkinməməli idi. İttihamçı tərəf isə nədənsə bu üzləşmədən boyun qaçırırdı. Təsəvvür edin ki, mənim vəzifəm olmadığı halda qaldırdığım vəsatətə belə qarşı çıxırdı. Bu isə onun barəsində şübhələrimi nəinki aradan qaldırır, əksinə daha da möhkəmləndirirdi. Belə bir vəziyyətdə məhkəmənin mənim üzərimə üzr istəmək vəzifəsini qoyması tamamilə absurddur və heç bir hüquqi anlayışla bir araya sığmır.
Məhkəmənin məndən üzr tələb etməsinin qərəzliliyinin bir başqa sübutu “fakt”larla “qiymətləndirici mülahizələr”ə fərq qoymaması, “vicdanlı yanılma” prinsipini görməzdən gəlməsidir. Bu barədə şikayət ərizəmin 28-ci abzasında bildirilir:
28. Şikayətçi mübahisəli “Qırmızı Masa” verilişi boyunca müzakirə mövzusu ilə bağlı mülahizələrini ifadə edib. Digərləri (mən çıxışlarımda və yazılarımda təkcə Sara Əzimova barədə yox, onunla yanaşı NTV-nin bütün baş redaktorlarının paylaşımlarını şərh edib, bu paylaşımlardan separatizm qoxusu gəldiyini vurğulamışdım) ilə yanaşı xüsusi ittihamçı haqda ifadələri onun qiymətləndirici mülahizələrini təşkil edirdi – xüsusi ittihamçı öz paylaşımında terrorçuluqda ittiham edildiyini yazmışdı, mənim çıxışımın da ümumi məzmunu bundan ibarət idi ki, belə məsələlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılması lazımdır. Məhkəmə nəzərə almalı idi ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil. Qiymətləndirici mülahizələr fərdlərin hadisə və ya situasiyalarla bağlı nöqteyi-nəzərlərindən və ya onlara verdikləri şəxsi qiymətlərdən ibarətdir. Həmin mülahizələrin həqiqət ya yalan olduğunu sübut etmək isə mümkün deyil. Qiymətləndirici mülahizələr sadəcə olaraq, yetərli faktual əsasa söykənməlidir. Mənim mübahisəli proqramdakı ifadələrim xüsusi ittihamçının sosial media paylaşımına əsaslanmışdı və deməli faktual əsaslarım da vardı. Əsaslarımı isə məhkəməyə təqdim etmişdim. Məhkəmənin böhtan saydığı ifadələrin məlumat yox, hansısa faktlara əsaslanan qiymətləndirici mülahizə olmasına baxmayaraq, məhkəmə CPM-in 138.2-ci maddəsini pozmaqla yanaşı, bu ifadələri nə üçün faktlar barədə açıqlama saydığını izah edə bilməyib. Məsələn, məhkəmə hökmündə istinad edilmiş “Sara deyəndə ki, məni terrorçu təşkilatları ilə ittiham edirlər, ağlıma PKK gəldi və PKK da yazdım, yəqin ki elə PKK-dır da”, “Deyir sən nə bilirsən mən həmin statusda PKK-nı nəzərdə tutmuşam? Deyirəm düz deyirsən Sara, mən bilmirəm, olar ki, sən Əl-Qaidəni nəzərdə tutursan, İŞİD-i nəzərdə tutursan, güya ki, çox fərqi var”, “2016-dan 2019-a qədər özü deyir 3 ildən artıqdır ki, mənim istintaqım gedir, məni terrorçuluqda ittiham edirlər” və s. ifadələri fakt barədə açıqlama yox, qiymətləndirici mülahizədir. Bu konkret bir fakt, yəni, terroçuluq, dövlətə xəyanət və ya casusluq faktı barədə açıqlama deyil. Hökmdə istinad edilən ifadələr ümumi müzakirə ortamında ifadə edilmiş düşüncələrdən, təxminlərdən o yana keçmir. Beləliklə, göründüyü kimi, hökmdə istinad edilmiş ifadələr bir şəxsin cinayət əməllərində ittiham edilməsi kimi yox, ayrı-ayrı faktlardan jurnalistin çıxardığı nəticə kimi qəbul edilməlidir. Belə olan halda məhkəmənin şikayətçinin mülahizələrini fakt kimi qəbul etməsi, Konstitusiya ilə də təminat altına alınan söz və ifadə azadlığı hüququna uyğun gəlmir”.
Heyder Oguz
Teref.az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti