BİZ BELƏYİK: İki prezident sərəncamı, bir neçə qərarlar... -
Ailəmizlə çimərliyə gedib istirahət etməyimiz əməlli-başlı çətinləşib. Dənizə giriş ödənişi 5 manatdan başlayır, yüksələrək gedir. Ailədə 5 nəfərik, hər adama 20 manat istəyirlər. Bu da eləyir 100 manat. Özümüzlə yemək və içki gətirməyə də qoymurlar. Oradan da almaq baha çıxır. 200-250 manat xərc olur. Camaat o pulla 1 aylıq ərzağını almağa çalışır. Nəyə görə dənizdə çimmək üçün pul ödəməliyik? Bu, haqsızlıqdır”.

Bakı sakini A.T. dənizə girişin pullu olmasından narazıdır. Deyir ki, dəniz xalqın sərvətidir, kimsə dənizdən istifadəyə qadağa qoya bilməz.

“Qanuna görə heç kəs bizdən pul ala bilməzsə, bəs niyə alırlar? Biri deyir, pul ver, keç, biri deyir, keçmə. O boyda dənizi hasarlayıb, girişi pullu edənləri aidiyyəti orqanlar görmür? Bu nədir? Dovşana qaç, tazıya tut deyirlər. Pulsuzdursa, pul almasınlar. Bunu sıravi vətəndaş nə şikayət etməli, nə də tələb etməlidir. Buna aidiyyəti dövlət qurumları nəzarət etməli və tənzimləməlidir”. Sevinc Səttərova da digər sakinlə həmfikirdir. Bu məsələyə aidiyyəti orqanların məsuliyyətsiz yanaşdığını düşünür.

Bəs əslində, sahil zolağındakı əraziləri zəbt edib, əraziyə və dənizə girişi ödənişli etmək icazəlidirmi?

Xəzərin sahilboyu zolağının zəbt edilməsinə qarşı dövlət başçısı tərəfindən tədbir görülməsinə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli 1122 saylı Sərəncamında rast gəlirik. Sərəncamın mətninə və tənzimlədiyi məsələlərə diqqət etsək, burada Xəzər dənizinin sahilboyu zolağının zəbt edilməsinin fəsadlarının aradan qaldırılması məqsədilə qəbul olunmuş, müvafiq dövlət orqanlarının qarşısında konkret tapşırıqlar qoyulmuşdur.

“Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının giriş hissəsi hələ 2003-cü ilədək bu sahədə problemlərin çox ciddi şəkildə ölkə rəhbərliyində narahatlıq yaratdığını göstərir. Diqqət çəkən odur ki, bu Sərəncam çimərlik mövsümündə deyil, yanvar ayında imzalanıb. Yəni, problem təkcə yay fəslində insanların dənizə çimmək üçün getməsi ilə əlaqədar yaranmayıb, problemin qoyuluşu daha ciddidir. Söhbət Xəzər sahillərinin bütün respublika ərazisində qanunsuz zəbt olunmasından doğan narahatlıqdan gedir.

Sərəncamda bildirilir: “Son vaxtlar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilmiş, dənizin içinədək hündür hasarlar çəkilmişdir. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılmışdır”.

Sərəncamın qəbul olunmasında məqsədin birmənalı olaraq insanların istirahət və sərbəst hərəkət etmək hüququnun təmin olunmasına yönəlməsi, qoyulmuş problem və onun aradan qaldırılması üçün tənzimlədiyi məsələlər alqışlanmalıdır. Eyni zamanda, keçən 20 il ərzində bu mövzudan danışan hər kəs sərəncamın icra olunmamasından şikayətlənir. Bu Sərəncamın icra vəziyyəti ilə bağlı Nazirlər Kabineti və adları çəkilən orqanların hesabat verdiyini də görən olmayıb. Baxmayaraq ki, Sərəncamla tapşırılmış vəzifələrin icrası ilə bağlı hər ay Prezidentə məlumat verilməlidir. Təəssüf doğuran amillərdən biri də budur ki, heç kəs, hətta problemin həllində bilavasitə cavabdeh olan şəxslər və ya sahə mütəxəssisləri belə məsələnin bu vaxtadək həll edilməməsinin, keçən 20 ildə isə sahilboyu zolağın daha çox zəbt edilməsi və prosesin geridönməz hal aldığının real səbəblərini demək olar, araşdırmır.

Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin müvafiq müddəaları (36-50-ci maddələri) su hövzələrinin, konkret halda, Xəzərin sahilboyu zolağının zəbt edilməsini, şəxsi və ya korporativ məqsədlər üçün istifadə edilməsini, başqa şəxslərin, xüsusən, kütləvi çimərlik zonalarından sərbəst, maneəsiz istifadəsinin məhdudlaşdırılmasını qadağan edir. Qanunda konkret müddəalar var ki, su obyektlərinə aid (sahilboyu zolaq daxil) torpaq sahələrini qanuni əsasla istifadəyə və sahibliyə almış şəxs inhisarçı və haqsız rəqabətə yol verə bilməz. Sadə dildə desək, Xəzər sahilində hətta, bu gün mövcud qanunvericiliklə yol verilən zolaqda torpaq sahəsini mülkiyyətinə və ya istifadəsinə əldə etmiş heç kəs dənizə girişi məhdudlaşdıra, sahilboyu hasar çəkə bilməz. Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin müvafiq müddəaları bunu inhisarçılıq və haqsız rəqabət, digər istifadəçilərə qarşı ayrı-seçkilik hərəkəti kimi qadağan edir.

Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Habil İsgəndərova müraciət etdik. H.İsgəndərov Pressklub.az-a açıqlamasında bildirdi ki, Xəzər sahilində kimsə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir.

“Əvvəla, sərəncam normativ hüquqi akt hesab olunmadığına görə icrasının məcburiliyinin təmin olunmasının hüquqi mexanizmi də yoxdur. İddia edə bilmərik ki, bu Sərəncam, ümumiyyətlə, icra olunmamışdır, bəlkə də zamanında bu sənədlə tapşırıq almış müvafiq dövlət orqanları müəyyən tədbirlər görmüşlər. Ancaq reallıq ondadır ki, keçən 20 il ərzində problem daha da böyümüş və hər kəsin (hətta, səlahiyyətli orqanların rəsmilərinin də) şikayətləndiyi bu mövzuda irəliyə doğru ciddi və real addım atıldığı görünmür.

Dəniz sahilinin hasarlanması və dənizə girişin bağlanmasına yalnız bir müstəsna halda yol verilir. Dövlət və ictimai maraqlar naminə (müdafiə, sənaye, təhlükəsizlik, əhalinin sağlamlığının qorunması, iqtisadi tədbirlər, sərhəd mühafizə və bu kimi istisna məqsədlər üçün) zərurət olduqda, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı ilə Xəzərin sahilboyu zolağından istifadəyə məhdudiyyət qoyula bilər. Dövlətdən başqa hər hansı şəxsin (fiziki və ya hüquqi şəxs, yerli icra və ya bələdiyyə orqanı) dəniz sahilini hasarlamağa, dənizə, su hövzəsinə girişi bağlamağa ixtiyarı yoxdur. Hər hansı mərkəzi və yerli icra hakimiyyəti orqanının, bələdiyyənin öz mülahizəsinə görə su hövzəsinə, dəniz sahilinə, çimərliyə girişi məhdudlaşdırmağa və bağlamağa əsas verən qərar qəbul etmək səlahiyyəti mövcud deyil, belə hərəkət qanunla icra hakimiyyəti orqanlarına qadağan edilir. Qeyd etdiyimiz müstəsna hallarda isə yalnız normativ aktla (qanun, Prezidentin Fərmanı, Nazirlər Kabinetinin qərarı) belə məhdudlaşdırma tətbiq edilə bilər. Ona görə də bu gün Xəzər sahilində kimsə – hər hansı fiziki və ya hüquqi şəxs – guya, əlində hansısa rayon (şəhər) icra hakimiyyətinin, yaxud bələdiyyənin “qərarı var” deyə, dənizə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir. Onu da qeyd edim ki, Xəzər sahilində (istənilən çimərlik zolağında) fiziki və ya hüquqi şəxslər müvafiq icra hakimiyyətinin icazəsi ilə turizm, istirahət obyekti yarada bilər. Lakin heç bir halda dənizə girişi, sahilboyu zolaqda, hətta, onun istifadəsinə verilmiş torpaq sahəsində (obyektin ərazisində) hərəkəti məhdudlaşdıra bilməz, giriş üçün pul tələb edə bilməz. Yalnız həmin obyektdə sahibkar tərəfindən hansısa əlavə xidmət (çimərlik üçün zəruri ləvazimat, tualet, şezlonq, stol-stul və s.) təşkil edilirsə, onun əvəzində pul alınmasında qanunsuzluq yoxdur. Əslində kütləvi çimərlikləri dövlət (daha çox bələdiyyələr vasitəsilə) təşkil və təşviq etməlidir. Bizdə bələdiyyələr icra hakimiyyətlərinin 5-ci təkəri rolunda olduğundan, müstəqil heç bir təşəbbüs göstərə bilmirlər. İcra hakimiyyətləri isə vətəndaşın güzəranı üçün düşünmə marağında deyil.”, – H.İsgəndərov vurğuladı.

Müsahibimiz deyir ki, 1996-cı ildən başlayaraq, Azərbaycan Respublikasının bütün ərazisində torpaqların dövlət mülkiyyətindən çıxarılaraq xüsusi mülkiyyətə verilməsinə başlanıldıqda Dövlət Xəzərin sahilboyunda 80-130 metrlik zolağın altındakı torpaq sahəsinin müstəsna olaraq öz mülkiyyətində saxlanılmasını məqbul hesab etdi: “2008-ci ildə Qanuna dəyişiklikdən sonra isə dövlət mülkiyyətində olan torpaqların “20-50” metrə qədər sıxışdırılması ilə işbazlara yol açıldı. Obrazlı desək, işbazlar dövləti Xəzərin sahilinə doğru 20-50 metrə qədər “sıxışdırdılar”. Qanundakı bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarına imkan verir ki, Xəzər dənizinin 20-50 metrlik zolağındakı torpaq sahələrini ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və ya mülkiyyətinə versin. Bunun da nəticələri göz qabağındadır. Qanunda dövlət mülkiyyətində olan torpaq sahəsinin Xəzərin sahilboyu 20-50 metrlik zolaqda saxlanması heç də o demək deyil ki, məmurların himayəsində olan işbazlar dənizin sahilini hasarlaya və çimərlikləri zəbt edə bilərlər. Bu gün Xəzərin sahilboyu sürətlə “özəlləşdirilir”. Təəssüf ki, bu hadisələrin fonunda “Torpaq islahatı haqqında” Qanuna dəyişiklik etməklə Xəzərin sahilboyu torpaqlarının və az qala sahil su zolağının zəbt edilməsinə şərait yaratmış parlamentarilərin “ah-naləsini” eşidən sadə vətəndaş Xəzərin qarşısına sədd çəkmək iqtidarında olan hansısa “fövqəlqanun əjdahanın” varlığına inanmaqdan başqa çıxış yolu görmür”.

Qanun belə deyir, amma fakt ortadadır. Bir çox yerlərdə sahil zolağı zəbt edilib, insanlar dənizə buraxılmır. Bəs bu problemin tezliklə həll olunması üçün nə etmək olar?

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Pressklub.az-a açıqlamasında bildirdi ki, hazırda Xəzər dənizinin Sumqayıt sahilində insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilib.

“Xəzər dənizinin Sumqayıt sahilində 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi, mövcud qanunvericiliyin tələblərinin pozulmasına qarşı zəruri tədbirlərin görülməsi ilə bağlı davamlı olaraq monitorinq və reydlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, Xəzər dənizinin sahil mühafizə zolağının dövlət mülkiyyətində olan torpaqlarında fiziki şəxslərin qanunsuz tikinti və hasarlama işlərinin aparılması faktları müəyyən edilən zaman aidiyyəti orqanlar müvafiq tədbirlər görür. Hər il olduğu kimi, bu il də Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən çimərlikdə əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalanıb. Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlərin xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir”.

Qanunun pozulması halında İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsində inzibati tənbeh tədbiri – cərimə cəzası nəzərdə tutulur. Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalıdırlar. Öncədən İnzibati tənbeh alan fiziki şəxslər xətanın təkrar törədilməsinə görə 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalıdırlar.

Dəniz kənarında insanların dincəlməsi üçün qanun çərçivəsində şərait yaradılması yaxşı haldır. İstirahət obyektlərinin olması insanların daha rahat dincəlməsinə xidmət etməlidir. İnsanlar istədiyi zaman köşk icarələyib, ailəlikcə dincəlir, D vitamini qəbul edir, kabindən istifadə edir və ya restoran xidmətindən yararlanırlar. Lakin bu xidmətlərdən istifadə etmək istəməyən insanları buna məcbur etmək həm hüquqi, həm mənəvi, həm də sosial baxımdan doğru deyil. Vətəndaş sadəcə dənizdə çimmək istəyirsə, buna heç bir sahibkar maneə ola bilməz. Xalqın təbii sərvəti olan dənizə daxil olmasının məhdudlaşdırılması yolverilməz haldır. Ümid edək ki, insanların rifahına maneə olan bu cür xoşagəlməz problemlər tezliklə həllini tapacaq.
Pressklub.az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti