ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin də nümayiş olunacağı qondarma “erməni soyqırımı”nın anım günü tədbirinin ləğv edilməsinə nail olublar. Yeniavaz.com xəbər verir ki, bu barədə həmin tələbələrdən Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sözügedən tədbirdə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdiriləcəyini görən kimi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollanıblar: “Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “Artsakh” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik. Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik. Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir. Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Və bu gün artıq tədbir ləğv edildi”.