![]() |
![]() ![]() ![]() |
|
Cənubi Qafqazda geopolitik situasiyanın böyük sürətlə dəyişməkdə olduğu müşahidə edilir. Bu regionda artıq əvvəlki geopolitik şərtlər qətiyyən keçərli deyil. Azərbaycanın tarixi hərbi zəfəri ilə yekunlaşmış 44 günlük İkinci Qarabağ savaşından sonra yeni status-kvo yaranıb. Və bu, birmənalı şəkildə Ermənistanın əleyhinə yönəlmiş situasiyadır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan savaşda biabırçı məğlubiyyətə uğrasa da, uzun müddət Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq şansına malik idi. Bunun üçün Azərbaycanla yekun sülh sazişinin imzalanması və Ermənistanı blokada şəraitindən çıxarılması yetərli ola bilərdi. Və bununla da, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər şəraitində iqtisadi əməkdaşlıq imkanları qazanmış olardı.
Ancaq Paşinyan hakimiyyəti bu şansdan istifadə etməyi bacarmadı. Belə ki, rəsmi İrəvan Azərbaycanın şərtləri daxilində yekun sülh sazişinin imzalanmasına yönəlik addımlar atmaq əvəzinə Qərbə inteqrasiya kimi avantürist variant üzrə hərəkət etməyə üstünlük verdi. Halbuki, Paşinyan hakimiyyəti də Ermənistanın heç vaxt Qərbə inteqrasiya edə bilməyəcəyini anlayırdı. Və nəticədə Qərb siyasi iradə mərkəzlərinin, xüsusilə də, Avropa Birliyinin geopolitik müstəmləkəsinə çevrilməkdən başqa heç nəyə nail olmadı.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursu üzərindən Ermənistana yeni beynəlxalq himayədarlar axtarışı Rusiya ilə münasibətləri ciddi şəkildə korladı. Ancaq ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə Qərbə inteqrasiya kursu birmənalı şəkildə Ermənistanın əleyhinə çevrilmiş oldu. Belə ki, ABŞ Bayden adminstrasiyası dönəmində Ermənistana verdiyi siyasi-ideoloji dəstəyi geri çəkdi. Avropa Birliyi isə ABŞ-ın imtina etdiyi Ermənistana ənənəvi dəstəyini zəiflətdi. Və indi Ermənistan yenidən himayədarsız qalaraq, təhlükəsizlik problemləri ilə üz-üzədir.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin mövcud situasiyada yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına geri dönüş üçün can atdığı barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, baş nazir Nikol Paşinyan tezliklə Moskvaya gedərək, Rusiya ilə münasibətləri normal məcraya qaytarmağa çalışacaq. Kremlin son vaxtlar Ermənistana yönəlik açıq mətnli təhdidlərindən sonra, Qərbin dəstəyini itirmiş Ermənistan üçün Rusiyanın himayəsi altına qayıtmaqdan başqa çıxış yolu qalmayıb. Və bu, həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün yeganə optimal variant hesab olunur.
Məsələ ondadır ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri sürətlə yaxınlaşır. Buna paralel olaraq, Rusiyaya bağlı olan radikal-revaşist müxalifət düşərgəsi də fəallaşmağa başlayıb. Erməni kilsəsinin və Qarabağ klanının nəzarəti altında olan bu düşərgədə parlament seçkilərinə qədər Paşinyan hakimiyyətinin devrilməsi üçün artıq planların qurulduğu barədə məlumatlar mövcuddur. Və beynəlxalq dəstəyi zəifləmiş Paşinyan hakimiyyətinin ölkədaxili siyasi rəqibləri qarşısında tab gətirmə imkanları o qədər də ümidverici görünmür.
Onu da nəzərə almaq lazımdır ki, rəqib radikal düşərgə Paşinyan hakimiyyətini hətta terrorla da təhdid edir. Üstəlik, Ermənistannı tamamilə qarışdıra biləcək qarşıdurma ssenarilərinə də start verilib. Bu ssenarilərdə isə Azərbaycanın Qarabağ regionundan könüllü şəkildə Ermənistana köçmüş ermənilərə xüsusi yer ayrılıb. Hazırda bu aqressiv qruplaşma tədricən fəallaşdırılmaqdadır.
Hər halda, son vaxtlar Qarabağdan köçmüş ermənilər küçə və meydanlarda daha tez-tez siyasi şüarlarla peyda olmağa başlayıblar. Hətta bu qruplaşmanın rəhbərləri İrəvanda toplantı keçirərək, Paşinyan hakimiyyətini birbaşa küçə döyüşləri ilə təhdid ediblər. Onlar yeni koordinasiya şurası yaratdıqlarını və Paşinyan hakimiyyətinə qarşı açıq mübarizəyə başladıqlarını bəyanlayıblar: "Sosial tələblərimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə başlaya bilərik".
Göründüyü kimi, parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti üçün fəlakət ssenarisi artıq işə salınmaq üzrədir. Əslində, Qarabağdan Ermənistana köçmüş ermənilərin əvvəl-axır hakimiyyət uğrunda ölkədaxili qarşıdurmada alət kimi istifadə olunacaqları qətiyyən şübhə doğurmurdu. Bu qruplaşmanın Azərbaycan ərazisində çoxsaylı terror törətdikləri inkaredilməz reallıqdır. Yəni bu qruplaşma hərbi cinayətlər törətmək təcrübəsinə malikdir. Üstəlik, bu qruplaşmanın çox sayda odlu silaha sahib olduğu bildirilir. Və Paşinyan hakimiyyəti onların əlindəki silahların müsadirə edilməsinə hələ də nail olmayıb.
Digər tərəfdən, Qarabağdan Ermənistana köçən separatçı ermənilərin Rusiya kəşfiyyatının nəzarətində olduqları da hər kəsə məlumdur. Yəni həm xarici kəşfiyyat, həm də erməni kilsəsi və Qarabağ klanı bu silahlı qruplaşmanı Paşinyan hakimiyyəti ilə küçə döyüşlərinə hazırlayır. Bu vəziyyətdən isə Paşinyan hakimiyyəti yalnız Rusiyanın sayəsində xilas ola bilər. Əks halda, Ermənistanın bir "barıt çəlləyi" kimi partlama ehtimalı tamamilə realdır.
Məsələ ondadır ki, Ermənistan Paşinyan hakimiyyətinə qədər yalnız Qarabağ klanı tərəfindən idarə olunub. Ona görə də, Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan yerli ermənilər Qarabağ klanına nifrət edir. Yəni, yerli ermənilərin Ermənistanın yenidən Qarabağ klanı tərəfindən işğal olunmasına seyrçi qalacağını düşünmək sadəlövhlük olardı. Və bu səbəbdən də, Ermənistanda yerli və gəlmə ermənilər arasında silahlı toqquşmaların ola biləcəyini elə indidən də təxmin etmək mümkündür.
Əgər, Paşinyan hakimiyyəti Kremllə anlaşmağa nail olmazsa, onda bu silahlı toqquşmanın qalibi məhz Rusiya tərəfindən müəyyən edilə bilər. Bu halda, Paşinyan hakimiyyətinin devrilmə ehtimalı daha inandırıcı görüntülər alacaq. Ancaq buna paralel olaraq, parçalanmış erməni toplumunda silahlı toqquşmalar Ermənistanı təxminən Suriyadakı vəziyyətə məhkum buraxa da bilər. Və bu, o deməkdir ki, Ermənistanda "barıt çəlləyi" partlamaq üzrədir, erməni toplumunu yaxın gələcəkdə dağıdıcı daxili savaşa bağlı xaos gözləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu